Rövşən Lənkəranskinin məzarı

Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində

9234
(Yenilənib 14:54 18.08.2017)
Mərasimə şəxsən qatıla bilməyən bəzi avtoritetlər böyük gül çələngləri göndərərək Lənkəranskiyə hörmətlərini ifadə edirlər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 18 avqust — Sputnik. Lənkəranda, ötən il avqustun 17-dən 18-ə keçən gecə Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonundakı Barbarossa Bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) il mərasimi keçirilir.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, səhər saatlarından rayon sakinləri Lənkəranskinin məzarını ziyarət etməyə başlayıblar.

Lənkəranskinin məzarına ziyarət etməyə gələnlər arasında digər rayonların da sakinləri var. Canıyevin məzarı üzərinə kriminal avtoritetlərin adından göndərilən iri əklillər qoyulub. Mərhum avtoritetin adının çəkilməsini istəməyən ailə üzvünün bildirdiyinə görə, gül çələngi göndərən avtoritetlərin bəzilərinin özləri, bəzilərinin isə nümayəndələri Rövşən Canıyevin il mərasimində iştirak edirlər. Bunu mərhumun qəbrinin üzərinə qoyulmuş əklillərin üzərindəki adlardan da görmək olur. Gürcü və çeçen əsilli daha bir neçə avtoritetin də axşama qədər mərasimə qatılacağı gözlənilir. Mərasimə ölkənin bütün rayonlarından, eləcə də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədən gələnlər var.

İl mərasiminin keçirildiyi yerdə — Kiçik Bazar ərazisində və Lənkəranskinin dəfn edildiyi Kiçik Bazar qəbiristanlığı ətrafında Dövlət Yol Polisinin əməkdaşları nəqliyyatın hərəkətinin tənzimlənməsinə nəzarət edirlər. Rövşən Lənkəranskinin il mərasiminin axşam saaatlarına kimi davam edəcəyi gözlənilir.

9234