Reyhan Məmmədova

Bakıda idmançı qızın faciəli ölümü polisi yeni qərar verməyə vadar edib

3187
(Yenilənib 18:03 10.07.2017)
DYP-dən ilkin versiya açıqlandı, yekun addım isə...

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 10 iyul — Sputnik. Xətai rayonu, Nobel prospektində baş vermiş avtomobil qəzası hələ də sosial şəbəkələrdə müzakirə olunur. Həmin hadisədə idmançı Reyhan Məmmədova dünyasını dəyişmişdi. Yüksək surətlə hərəkət edən avtomobil idmançını piyada zolağının üzərində vurmuşdu. Hadisədən sonra ərazidən piyada zolağı götürüldü. Sürücü Əlifağa Məmmədov haqqında isə yol qəzası ilə bağlı cinayət işi başlanıldı.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev
© Photo : REPORT
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, hadisə ilə bağlı araşdırma aparılır: "Görüntülərdən də görünür ki, qızı vuran nəqliyyat vasitəsi yüksək surətlə idarə edilib. Düzdür, biz onun surətini gözəyarı müəyyən edə bilmərik. Bu, sadəcə bizim vizual baxışımızla digər nəqliyyat vasitələrinə nisbətən gördüyümüz surət həddidir".

"Amma istənilən halda bununla bağlı müəyyən ekspertiza rəy verməlidir ki, həmin nəqliyyat vasitəsinin surəti nə qədər olub, avtomobili qəzadan yayınmaq üçün saxlamaq imkanı olub, ya olmayıb. Bunu ekspertiza müəyyən etməlidir" — K. Əliyev bildirib.

Onun sözlərinə görə, həmin videogörüntüyə baxanda məlum olur ki, hadisə sürücü məsuliyyətsizliyindən baş verib: "Çünki həmin yerdə piyada zolağı da, piyada nişanı da var. Sürücü heç olmasa, o xətti görməli idi. Görüntüləri hamı görüb. Qız bir qədər dayanır, yəqin ki, çaşır, bilmir sürücü arxadan keçəcək, ya öndən. Amma sürücü istiqamətini dəyişmədən gəlib vurub keçir. Sözsüz ki, sürücüyə istiqamətini dəyişməməyə onun surəti mane olur".

K. Əliyev bildirir ki, söylədikləri sadəcə versiyadır, əsl səbəb isə istintaqın yekunu zamanı müəyyən ediləcək.

Qeyd etdiyimiz kimi, idmançının ölümündən sonra həmin ərazidə piyada zolağı və piyada keçidi işarəsi götürülüb. Kamran Əliyev bildirir ki, piyada keçidləri təkcə həmin ərazidən deyil, bir neçə digər yerlərdən də götürülüb: "Yəni, elə keçid zolaqları var ki, ya yaxınlığında keçid yeri var, ya da Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı olmadan ayrı-ayrı qurumlar tərəfindən çəkilərək, icazəsiz nişan qoyulub. Sözsüz ki, bunların da qarşısı alınır. Məsələn, akademik Həsən Əliyev küçəsində bir neçə piyada keçidi ləğv edilib. Bu, o demək deyil ki, orada piyada vurma halı qeydə alınıb".

"Yaxınlıqda keçid varsa, yolun hərəkət surəti keçidin olmasına imkan vermirsə, olan keçidlər təhlükəsizlik baxımından effektli deyilsə, keçid nəqliyyatın hərəkətinə problem yaradırsa, keçidlər ləğv edilir" — DYP sözçüsü vurğulayıb.

Keçidlər
Karikatura
Keçidlər

Xatırladaq ki, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova avtomobil qəzasında dünyasını dəyişib. Qəza Nobel prospekti — Zığ şosesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi "BMW" markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub. Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

3187
Teqlər:
piyada zolağı, Nobel prospekti, Reyhan Məmmədova, keçid, Xətai rayonu, Kamran Əliyev, DYP, avtomobil qəzası, idmançı, polis, sürücü
Əlaqədar
Baş verən qəzada 5 nəfər yaralandı
Rayonun girişində ağır qəza
Dəhşətli qəzada 80-ə yaxın insan həlak oldu
Qəza nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb
Avtobus qəzaya uğradı, 13 nəfər öldü
Toy mərasiminə gedən avtomobil qəzaya düşüb: xəsarət alanlar var