Uşaq ayaqqabıları, arxiv şəkli

Bakıda uşaq evinin 13 yaşlı sakini itkin düşüb

229
(Yenilənib 10:14 01.06.2017)
İki həftə ərzində internat-məktəbdə itkin düşmüş uşağı gözləyiblər, o gəlməyəndə, polisə müraciət ediblər

BAKI, 1 iyun — Sputnik. Bakıda internat-məktəbın həddi-buluğa çatmamış sakini xəbərsiz-ətərsiz itkin düşüb.

Bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Şüvəlan qəsəbəsində Binə qəsəbəsinin 2004-cü il təvəllüdlü sakini Malıyev Elnur Elman oğlu itkin düşüb. Elnur Malıyev İldırım küçəsindəki 12 nömrəli internat-məktəbin yetirməsi olub.

İmişlinin Məzrəli kəndindəki uşaq bağçası
© Sputnik / Ayaz Yaşılyarpaq

Maraqlıdır ki, oğlan ayın 18-də itkin düşsə də, onun itkin düşməsi ilə bağlı internatın işçiləri 1-ci polis bölməsinə yalnız mayın 30-da məlumat veriblər. Bütün bu vaxt ərzində təhsil müəssisəsinin işçiləri Malıyevin özünün geri qayıdacağını gözləyiblər, lakin bu, baş verməyib. 

Polis bölməsindən bildiriblər ki, hələlik oğlanın yeri barədə heç nə məlum deyil. Hazırda əməliyyatçılar onun axtarışı ilə məşğuldurlar.

"Azərbaycan uşaqları" İctimai Birliyinin sədr müavini, Uşaq Sığınacağı — Reinteqrasiya Mərkəzinin direktoru Vasif Akifli Sputnik Azərbaycan-a bildirib ki, uşaqlar adətən sığınacaqdan iki səbəbdən qaçırlar: onlar ya adaptasiya olunmaq istəmirlər, ya da uşaqların reabilitasiyası düzgün aparılmır. 

"Əlbəttə uşağın psixi durumu ilə əlaqədar olaraq, başqa səbəblər də ola bilər. Bizim sığınacaqda elə hallar baş vermir. Çünki biz əvvəlcədən bilirik ki, hansı uşaq qaçmağa meyllidir və onun üzərində müvafiq şəkildə işləyirik. Sığınacağın o cür sakinləri xüsusi nəzarətə götürülür. Biz əlbəttə ki, onlara ata-ananın əvəzini verə bilmərik. Amma bu uşaqlarla bağlı bizim qarşımızda duran vəzifə onlara təhsil vermək və onların reabilitasiyası üçün sağlam proqramlar qəbul etməkdir. Uşaqları təkcə yedirmək və geyindirmək kifayət eləmir, onlarla işləmək lazımdır" – deyə Akifli bildirib.

Akifli əmindir ki, normal adamlar, xüsusilə də uşaqlar onlar üçün əlverişli və təhlükəsiz olan yerdən qaçmırlar. Əlbəttə, bu gün elə uşaqlar var ki, hətta evdən qaçırlar. Amma belə olan təqdirdə valideynlər həddi-buluğa çatmayanların qaçmasına görə məsuliyyət daşıyırlar.

229