Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 11 may — Sputnik. Qusar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza rayonunun Köhnə Xudat kəndi ərazisində baş verib.
Belə ki, İmamqulukənd istiqamətinə gedən, Gədəzeyxur sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyevin idarə etdiyi VAZ 21115 markalı avtomobil yol kənarındakı ağaca dəyərək dərəyə aşıb.
Dərə iki metrlik olsa da, avtomobildəki sərnişin, Gədəzeyxur kənd sakini, 39 yaşlı Namiq Əmirağa oğlu Balaşov ağır xəsarət alıb.
Balaşov Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin aldığı xəsarətlər çox ağır olduğundan, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qusar rayon Polis İdarəsində araşdırma başlanılıb.
BAKI, 16 yanvar - Sputnik. Astara rayonu ərazisində, Hirkan Milli Parkında baş vermiş yanğının bir istiqamətdə söndürülməsi Fövqəladə Hallar Nazirliyi tərəfindən təmin edilib. Yanğının davam etdiyi digər istiqamətdə isə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sputnik Azərbaycan FHN-in saytına istinadən xəbər verir ki, yanğının söndürülməsinə relyef şəraitinin mürəkkəbliyi, habelə havanın küləkli olması mane olur. Bununla belə, yanğının daha geniş əraziyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.