BAKI, 16 fev — Sputnik. Gəncə şəhəri, Nizami rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumi sahəsi 210 m2 olan, bir mərtəbli, bir dam altında inşa olunmuş, müxtəlif təyinatlı (taxta sexi, yaşayış evi, gözəllik salonu, inşaat malları mağazası) tikilidə, vətəndaşlara məxsus ümumi sahəsi 35 m2 olan taxta sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan 2 m3 taxta, 6 ədəd dəzgahın elektrik naqilləri və ümumi sahəsi 50 m2 olan 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 25 m2 sahədə yanıb.
Evin qalan hissəsi və digər obyektlər yanğından mühafizə olunub. Yanğın saat 04:09-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 15 yanvar — Sputnik. Onlayn dərslərə qoşula bilməyən müəllimlərin qeydiyyatı aparılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Pandemiya şəraitində tədrisin və imtahanların təşkili" mövzusunda vebinarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru Eldar Aslanov deyib.
O bildirib ki, həmin müəllimlərin müqavilələrinin uzadılması zamanı bu məsələ nəzərə alınacaq: "Biz bu faktlar üzrə qeydiyyat aparırıq. Seçkilər və qeydiyyatlar zamanı bu amil nəzərə alınacaq. Bəzi tələbələr də yaranmış vəziyyətdən sui-istifadə edirlər. Amma bu, ən çox onların kadr kimi yetişməsində özləri üçün problem yaradacaq".
Xatırladaq ki, yanvarın 11-dən ali və orta ixtisas təhsili müəssisələrində 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyası 4 həftə davam edəcək.