BAKI, 15 fev — Sputnik. Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla güclü təsir edən maddə və narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
İdarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Öncə, rentgen yük-yoxlama qurğusunda vətəndaşa məxsus idman çantasına baxış zamanı çantanın içərisindəki ərzaq məhsulları və şəxsi əşyaların altında şübhəli predmetlər görünüb.
Bundan sonra, təkrar baxış zamanı çantanın içərisində gömrük nəzarətindən gizlədilmiş, hər birində 10 həb olmaqla 40 konvalyut "T-Doll" (tramadol) adlı dərman preparatı aşkar edilib. Ardınca vətəndaşın üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 20,005 qram olan narkotik vasitə — tiryək aşkar olunub.
Xatırladaq ki, "T-Doll" (tramadol) adlı dərman preparatı "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan cəmi 400 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 8 qram təşkil edir. Faktla bağlı araşdırma aparılır.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.