BAKI, 11 yan — Sputnik. Ötən gecə Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət radiator təmir sexi 10 m2 sahədə və sexin ətrafında 5 m2 sahədə taxta tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.
İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.
BAKI, 22 yanvar — Sputnik. Azərbaycanda qiymətləndirmə imtahanlarında iştirak edə bilməyən şagirdlər yenidən imtahan verə biləcəklər. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə xüsusi karantin rejimi dövründə ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu məlumat verib.
O bildirib ki, birinci yarımillikdə distant formada qiymətləndirmədə iştirak edə bilməyən şagirdlərin imtahandan keçirilməsi üçün şərait yaradılacaq. V.Yaqublunun sözlərinə görə, həmin şagirdlər növbəti bir ay ərzində məktəbə gəlməklə imtahandan keçə bilərlər: "Nəzərə alsaq ki, növbəti aydan məktəblərdə tədris başlanacaq, həmin şagirdlər də sosial məsafə və sıxlığı gözləməklə gəlib məktəbdə imtahan verə biləcəklər".