BAKI, 20 okt — Sputnik. Bakının Binəqədi rayonu ərazisində yerləşən, Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun həyətini su basıb. Niyazi Qasimov adlı vətəndaşın Sputnik-in redaksiyasına göndərdiyi videoadan görünür ki, zavodun ərazisi çirkab sularının altında qalıb.
Vətəndaş yazır ki, zavodun ətrafında yerləşən yaşayış binalarının kanalizasiya xətti olmadığından, həmin binaların çirkab suları zavodun ərazisinə axır. Son hadisələr nəticəsində zavodun avadanlıqlarının, elektrik transformatorlarının su altında qaldığı bildirilir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Xalq artisti Faiq Ağayevin Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunan "Sən qalibsən" klipi təqdim edilib.
Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri və musiqisi Xanim İsmayılqızıya aiddir.
Klipə kifayət qədər məşhur simalarla yanaşı, Faiq Ağayevin anası Səfiyyə Ağayeva da çəkilib. Siyahıda Çingiz Abdullayev, Mələkxanım Əyyubova, Nərgiz Cəlilova, Sənubər İsgəndərli, Rafael Ağayev, Dilarə Əliyeva, Elnarə Xəlilova, PRoMete, Kamran Ağabalayev, Leyla Quliyeva, Samir Bayramlı və Əli Paşayevin adları var.