Qaz

Hərbçinin iki azyaşlı övladı dəm qazının qurbanı oldu

106
Onların anası isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırdır.

İlham Mustafa, Sputnik Azərbaycan

Göygöl şəhəri Babək küçəsində ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib. Hadisə nəticəsində 4 yaşlı Xədicə Abbasova və 2 yaşlı Tuncay Abbasov həyatını itirib. Azyaşlıların anası 1976-cı il təvəllüdlü Bahar Abbasova isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğunu bildirilir. 

Ailənin yaxınları tərəfindən Sputnik-ə verilən məlumata görə, küçədə qaz iyi hiss edən qonşular Abbasovlar ailəsinin qapısını döyüb. Cavab almadıqda pəncərələri sındıraraq evə daxil olublar. Lakin azyaşlıların xilas edilməsi üçün artıq gec olub. Qeyd edək ki, ailənin başçısı Vüsal Abbasov hərbçidir.

Göygöl rayon polis şöbəsində faktla bağlı araşdırmalar aparılır.

106
Zəncirvari qəza, arxiv şəkli

Səkkiz maşın toqquşub: Ölən yaralanan var

14
(Yenilənib 19:49 24.02.2021)
"Sürücüləri əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq" - DİN

BAKI, 24 fevral — Sputnik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb. DİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əvvəlcədən elan olunan xəbərdarlıqlara bəzi sürücülər tərəfindən əhəmiyyət verilməməsinin nəticəsidir ki, bu gün səhər saat 8 radələrində ağır yol-nəqiyyat hadisəsi baş verib. Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.

Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.

"Odur ki bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq", - deyə nazirliyin məlumatında bildirilib.

14

Ölkədəki faktiki hava - hər yerə qar yağır

11
(Yenilənib 19:34 24.02.2021)
Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

BAKI, 24 fevral - Sputnik. Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən bildirilib ki, fevralın 24-ü saat 18:00-a olan məlumatına əsasən, qarın intensivliyi səngiyib, lakin Ağstafa, Balakən, Oğuz, Qəbələ, Şamaxı, Qusar, Altıağac, Gəncə, Tovuz, Ağdam, Tərtər, Ceyrançöl, Neftçala, Astara, Bərdə, Beyləqan, Sarıbaş(Qax) , Kişçay(Şəki), Zərdab, Kürdəmir, İsmayıllı, Naftalan,  Zaqatala,  Quba, Mərəzə, Cəfərxan, Salyan, İmişli, Biləsuvar, Yardımlı, Lerik, Nabran, Ağsu, Mingəçevir, Xaçmaz, Şəmkirə qar yağmağa davam edir.

Şimal-qərb küləyinin sürəti Bakıda 10-14 m/s, Abşeronda 18-23 m/s- dək mülayimləşib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.4 metrdir.

11
Qaz plitəsi, arxiv şəkli

Dəm qazı kabusu: Bacalarınız doludursa, dövlətdən imdad gözləməyin

0
(Yenilənib 01:08 25.02.2021)
"Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Az qala hər gün dəm qazından zəhərlənmə ilə bağlı xəbərlər eşidirik. Hər il qış mövsümündə xeyli sayda insan məhz dəm qazının qurbanı olaraq həyatını itirir. Dəm qazından boğulub dünyasını dəyişənlərin ayrıca statistikası aparılmasa da, bu rəqəmin kifayət qədər böyük olduğunu mətbuatda yayılan xəbərlər də təsdiqləyir. Daha 5 nəfər iki gün əvvəl dəm qazından boğularaq ölüb. Sputnik Azərbaycan dəm qazından boğulmaların səbəbini araşdırıb.

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanvar ayında dəm qazından zəhərlənmə ilə bağlı 42 müraciət olub. Onlardan 36-sı xəstəxanaya qəbul edilib:

"Fevral ayında bu günədək 16 müraciət daxil olub. Onlardan 12 nəfər xəstəxanaya qəbul olub. Həmin şəxslər arasında iki azyaşlı da var. Amma dəm qazından zəhərlənmə ilə bağlı bizə müraciət edənlər arasında ölüm halı olmayıb".

A.Maqsudov bildirib ki, dəm qazından boğulmalara daha çox hamam otaqlarında rast gəlinir. Amma şöbə müdiri mənzillərdə də dəm qazı zəhərlənmələrinə rast gəlindiyini söyləyir. A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə bağlı zəhərlənmələrə səbəb qaz cihazının təmiz havaya çıxışı olmamasıdır:

"Dəm qazı o zaman yaranır ki, qaz yanarkən ayrılan tüstünü içəri verir. İnsan yuxulu vəziyyətdə olanda dəm qazını qətiyyən hiss etmir. Ona görə də harada qazla cihaz işləyirsə, mütləq nəzarət altında olmalıdır. Əgər hamamda qaz cihazı varsa, nəfəslik mütləq açıq olmalıdır. Su qızdırıcı cihazlar hamam otağında quraşdırılmamalıdır. Hamamda nəfəslik olmalıdır".

A.Maqsudov bildirir ki, dəm qazından zəhərlənən insanlara təcili yardımı yerində göstərmək ölüm riskini azaldır: "Dəm qazından zəhərlənən şəxs öncə havaya çıxardılmalıdır. Huşunu itirməyibsə, dərhal yorğana bükülməlidir. Çünki həmin an bədənin temperaturu kəskin aşağı düşür. Sonra isti maye vermək lazımdır. Əgər dəm qazından zəhərlənən şəxs huşunu itiribsə, bu zaman onu açıq havaya çıxartmaqla yanaşı, ağzındakı seliyi təmizləmək lazımdır ki, boğulmasın. İlk tibbi yardımlar bunlardır. Amma istənilən halda dəm qazından zəhərlənən şəxs üçün hadisə yerinə təcili təxirəsalınmaz tibbi yardım çağırmaq şərtdir".

Azad İstehlakçılar Birliyinin kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qış aylarında dəm qazından boğulmalarda bütün məsuliyyət vətəndaşların üzərinə atılsa da, bu, yanlışdır:

"Düzdür, insanlar qazdan təhlükəsiz istfadəyə etinasızlıq edirlər. Amma vətəndaşların qazla işləyən cihazlarına texniki baxış keçirilməlidir. Nəzərə almaq lazımdır ki, soyuq günlərdə qazdan istifadə artır. Cihazda yanma prosesi düzgün getmədiyi zaman isə dəm qazı yaranma riski böyükdür. Qaz yandıqda dəm qazı ayrılır. Dəm qazı bayıra xaric olmadığından evdə insanı zəhərləyir. Dəm qazının bayıra xaric olması üçün mütləq boru xəttinin keçdiyi tüstü bacaları təmiz olmalıdır".

N.İbrahimovun sözlərinə görə, dəm qazından boğulmaların əsasən hamamda baş vermə səbəbi qazla işləyən cihazların hamama qoyulmasıdır: "1,5 kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Çox vətəndaşlar kombini qutuların içinə qoyurlar. Dəfələrlə maarifləndirmə apararaq bildirmişik ki, qazdan yanarkən ayrılan tüstünün bayıra çıxışı olmalıdır. Çox vaxt insanlar ev, hamam isti olsun deyə hamamlarda qapının altındakı deşikləri və nəfəslikləri bağlayırlar. Bu da nəticədə içəridə dəm qazının yaranmasına səbəb olur".

Həmsöhbətimiz deyir ki, yaşayış binalarında sovet dövründə tüstü bacalarını Daxili İşlər Nazirliyinin nəzdindəki  yanğından mühafizə könüllü cəmiyyət təmizləyirmiş:

"Sonra bu səlahiyyət Bakı Şəhər İcra Hakimiyyətinin balansındakı Mənzil İstismar Departamentinə verildi. İndi isə bu işlə hansı qurum məşğul olur, bilinmir".

Bakı Şəhər İcra Hakimiyyətindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, artıq tüstü bacalarının təmizlənməsinə MİS-lər baxmır: "Bu səlahiyyət artıq Bakı Şəhər Mənzil İstismar Departamentində deyil. İndi bu işi hər mənzil sahibi özü fərdi görməlidir. Bunun üçün özəl xidmət qurumları fəaliyyət göstərir. Mənzil İstismar Sahələri vətəndaşları o şirkətlərlə əlaqələndirə bilər".

Apardığımız araşdırma zamanı tüstü bacalarının təmizlənməsi ilə məşğul olan özəl şirkətlərlə əlaqə saxladıq. "Fire Alarm" şirkətindən bildirdilər ki, bu xidmətin qiyməti binaya yerində baxış keçirildikdən sonra müştəriyə deyilir: "Tüstü bacalarının təmizlənmə qiyməti binanın mərtəbəsindən, mənzilin hansı mərtəbədə yerləşməsindən və tüstü bacalarının qonşuların bacası ilə əlaqəsi olub-olmamasından asılıdır. Yerində baxış üçün qiymət 20 manatdan başlayır. Əgər bacanın qonşularla əlaqəsi varsa, digər qonşular da tüstü bacasını təmizlətməlidir. Bunun qiyməti isə mənzillərin sayı, tüstü bacasına qoşulmalara görə dəyişir".

0