BAKI, 19 iyul — Sputnik. Türkiyə baş nazir aparatının paytaxt Ankaranın Villi Brandt küçəsində yerləşən əlavə iqamətgahında 257 əməkdaş işdən kənarlaşdırılıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həmin şəxslərin kimlikləri (şəxsiyyət vəsiqəsi) müsadirə edilib. Hazırda polis iqamətgahda təhqiqat aparır. Çoxu sayda sənəd müsadirə olunaraq araşdırma aparmaq üçün polis idarəsinə aparılıb.
Türkiyənin əsas kəşfiyyat qurumu — Milli İstihbarat Təşkilatının (MİT) 100 əməkdaşı da işdən uzaqlaşdırılıb. Hərbi çevriliş cəhdindən sonra dövlət idarələrində başlayan "təmizləmə" əməliyyatları çərçivəsində MİT daxilində 100 əməkdaşın fəaliyyətinə son qoyulub. Bu şəxslər təşkilatda passiv vəzifələrdə çalışırmış.
Bundan əalvə, hərbi çevriliş cəhdindən sonra dövlət orqanlarında başlayan kütləvi "təmizləmə"lər dini idarəni də əhatə edib. Türkiyə Nazirlər Kabineti (Başbakanlık) yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) 492 əməkdaşı işdən kənarlaşdırılıb. Onların "paralel dövlət" adlandırılan "Fətullahçı Terror Təşkilatı"na yaxın şəxslər olduğu bildirilir.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.