Kalaşnikov

Bakıda "kriminal avtoritet"lər arasında atışma olub

2207
Təhlükəsizlik xidmətinin əməkdaşları Formula 1 keçirilən zonada təhlükəsizliyin təminatı ilə məşğul olan zaman, Biləcəridə kriminal aləmin nümayəndələri arasında insident baş verib

BAKI, 20 iyun — Sputnik. Şəhərimizin qonaqları və bakılılar Formula 1 yarışlarını izləyən zaman, cümədən şənbəyə keçən gecə Binəqədi rayonunda kriminal avtoritetlər arasında atışma baş verib. Binəqədi polis idarəsindən Sputnik-ə verilən məlumata görə, Biləcəri qəsəbə sakini Bəylər Orucov 6-cı polis bölməsinə şikayət edərək, evinin qarşısında saxladığı, ona məxsus olan "Mercedes" markalı mikroavtobusun naməlum şəxslər tərəfindən gülləbaran edildiyini bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları burada "Kalaşnikov" avtomatından atılmış bir neçə güllə gilizləri aşkar ediblər. İlkin araşdırmalar zamanı məlum olub ki, güllə səsləri iki kriminal avtoritet arasında keçirilən "razborkadan" sonra eşidilib. Həmin gecə kriminal elementlər Biləcəridəki çayxanaların birində aralarında olan mübahisəni həll etmək üçün yığışıblar.

Araşdırmanı aparan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları hazırda şübhəlilərin axtarışı ilə məşğuldurlar. Bəlli olan odur ki, yaşanan münaqişədə iki avtoritet — 1976-cı ilə təvəllüdlü, Naxçıvan MR Şərur rayon sakini, əvvəllər məhkum edilmiş "Xano" ləqəbli Xano Amoyev və əvvəllər məhkumluq həyatı yaşamış Ağdam rayon sakini Mahor Rüstəmov iştirak edib.

Verilən məlumata görə, iki kriminal avtoriteti qarşı-qarşıya qoyan məsələ pul olub: Rüstəmov Amoyevə müəyyən məbləğdə pul borclu olub. Pulunu istəyən Amoyevi Rüstəmov Biləcəridəki çay evinə söhbətə dəvət edib. Hər iki tərəf söhbətə tək deyil, dəstək qrupu ilə gəlib. Çünki, məlumata görə, söhbətdə Rəşad, Məcid, Eldəniz Hüseynov adlı şəxslər də iştirak ediblər. Rüstəmov tərəfdarları ilə birgə "razborkaya" 99 FN 503 nömrəli "Chevrolet" avtomobilində gəlib.

Görünür, tərəflər söhbət zamanı razılığa gələ bilmədikləri üçün, aralarında dava düşüb və insident Amoyevin Kalaşnikov avtomatından havaya bir neçə güllə atması ilə nəticələnib. İlkin məlumata görə, insident nəticəsində yaralanan və xəsarət alanlar olmayıb.

Fakt üzrə Azərbaycan CM-in 182 (hədə-qorxu gəlməklə pul tələb etmə) və 221 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb. Hadisənin araşdırılması Bakı şəhəri Baş Polis İdarəsinin rəhbərliyinin nəzarətindədir.

2207
Teqlər:
"kriminal avtoritet", "Xano", "razborka", "Kalaşnikov", Binəqədi rayonu, Formula 1
Əlaqədar
ABŞ-da kafedə baş verən atışmada 20 nəfər ölüb
Qadınlarla bağlı kriminal xəbərləri yaymalı, yoxsa yaymamalı?!
Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı
Bankın vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
Keçmiş aparat rəhbəri barəsində cinayət işi açılıb