BAKI, 2 may — Sputnik. Respublikanın daxili işlər orqanları informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib. Sputnik Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində "İnstaqram" və "Facebook" sosial şəbəklərində saxta profillər vasitəsilə özünü guya onlayn silah satan şəxs kimi təqdim edərək çoxsaylı vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların külli miqdarda pul vəsaitlərini ələ keçirən Şəki rayon sakini Elşən Ağaməmmədzadə saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, E.Ağaməmmədzadə "İnstaqram" sosial şəbəkəsində yaratdığı "arif_memmedov.85", eləcə də "baku_orujie_online" adlı səhifələrdə travmatik və pnevmatik silahların internetdən götürdüyü şəkillərini yerləşdirərək onların satışını apardığını elan edib. Silah almaq istəyən şəxslər onlayn sistemlər vasitəsilə ödəniş edəndən sonra E.Ağaməmmədzadə zərərçəkənlərin pullarını banklarda olan şəxsi hesablarına köçürüb və nağdlaşdıraraq ələ keçirib.
Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
BAKI, 19 yanvar — Sputnik. 12 iyul 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sputnik Azərbaycan Gədəbəy Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Sənubər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
BAKI, 19 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.
Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ilkin hesablamalara görə, təxminən 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.
Qeyd edək ki, yanğın yanvarın 16-da başlayıb.
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.
BAKI, 19 yanvar - Sputnik. Nazirlər Kabineti işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən şəxslərə birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin yanvar ayı üçün verilib-verilməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.
Hökumətdən “Report”a bildirilib ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmışdi.
“Bu müddət bir ayı əhatə edib. Bununla əlaqədar olaraq da ötən il dekabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılara cari ilin yaşayış minimumu həcmində birdəfəlik ödəmə (190 manat) vəsaitlərinin köçürülməsi başa çatdırılıb”, - Nazirlər Kabinetdən vurğulanıb.