BAKI, 7 apr — Sputnik. İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar olaraq aparılan tədbirlər çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları əməliyyat məlumatları əsasında martın 31-dən aprelin 1-nə keçən gecə Qaradağ rayonu ərazisində olan Dövlət Yol Polisi postunda Süleymanov Faiq Qərib oğluna məxsus avtomobili saxlayıblar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindan Sputnik-ə verilən məlumata görə, avtomobilə baxış keçirilən zaman mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın heyvan cəmdəklərinin olması müəyyən edilib. Cəmdəklərin qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən yoxlanılan 17 (on yeddi) nümunə heyvan ətinin hamısının at əti olması müəyyən edilib. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə (BÇQB, stafilakokkus, aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göydaş reaksiyaları) zamanı isə 17(on yeddi) nümunə ətin keyfiyyətsiz olduğu müəyyən edilib. Həmçinin ət nümunələrinin baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyənləşdirilib.
Ətin qida üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq, onların zərərsizləşdirilməsinə dair qərar verilib. Qərara uyğun olaraq, heyvan cəmdəkləri aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər mütəmadi olaraq davam etdiriləcək. İnsanların sağlamlığına təhlükə yaradan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı heç kəsə güzəşt edilmədən alınacaq. Belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər isə inzibati qaydada cəzalandırılacaqlar.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycan Televiziyası 20 Yanvar faciəsinin ildönümü ilə bağlı yeni sənədli filmin çəkilişlərinə başlayıb.
"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, "Son anda" adlı filmdə 20 Yanvar hadisələrinin şahidi Nazim Ələkbərovun həmin gecə gördüklərindən və yaşadıqlarından bəhs olunur.
Sənədli filmdə Nazim Ələkbərovun obrazı onun oğlu Məmmədəli Ələkbərova həvalə olunub, Nazim Ələkbərovun müsahibəsinə də yer verilib.
Məlumat üçün bildirək ki, N.Ələkbərov 20 Yanvar hadisələrindən sonra çəkilmiş görüntülərdəki "Zaporojets" markalı avtomobilin sahibidir. Həmin gecə 37-22 AQ nömrə nişanlı maşının üzərindən PDM (piyadaların döyüş maşını) keçib, lakin N.Ələkbərov son anda onun içindən sağ-salamat çıxa bilib. Sənədli film məhz bu səbəbdən "Son anda" adlanır.
Filmin qəhrəmanı avtomobili bu günə kimi saxlayıb. Tamaşaçılar 20 Yanvar faciəsinin "şahidi" olan həmin maşını sənədli filmdə görə biləcəklər. Filmdə hərbçilərin hərbi texnikalarla Bakıya daxil olma anı da obrazlı şəkildə əks olunub. Arxiv kadrları da "Son anda" filmində yer alacaq.
Filmin ssenari müəllifi Afaq Əhmədova, rejissoru Elnur Məmmədov olan sənədli filmin operatoru Cavid Əliyevdir. "Son anda" sənədli filmi yanvarın 20-si saat 21:00-da AzTV-də yayımlanacaq.