BAKI, 10 fev — Sputnik. "Saxta alkotesterlə bağlı olduğu iddia edilən videogörüntülərdə yol polisi heç bir qanun pozuntusuna yol vermir". Sputnik xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov deyib.
Bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirən bölmə rəisinin sözlərinə görə, həmin görüntülərdə sürücü sadəcə olaraq alkotesterin qanuni olub-olmadığını soruşur: "Yol polisi isə sürücünün bütün suallarını təlimata uyğun şəkildə cavablandırır. Daha sonra həmin sürücü yol polisinin qanuni tələblərinə əməl edərək alkotester müayinəsindən keçir. Mən həmin videoya bir neçə dəfə baxmışam, orada qanun pozuntusuna və ya saxta alkotester məsələsinə rast gəlməmişəm".
V. Əsədov əlavə edib ki, bəzi yol polislərinin saxta alkotesterlərdən istifadə etməsi barədə yayılan məlumatlar əsassız yayılmış informasiyadır: "Azərbaycanda yol polisi ən müasir texnika və avadanlıqlarla təchiz olunubsa, necə ola bilər ki, Çin istehsalı olan saxta alkotesterlərdən istifadə olunsun? Saxta alkotester ola bilməz".
O, belə faktlar varsa, DYP-yə məlumat verilməsini tövsiyyə edib: "Burada heç bir saxta texniki avadanlıqdan söhbət gedə bilməz. Bu, mümkün deyil. Ola bilsin ki, bu, yol polisinin əldə etdiyi nailiyyətləri cəmiyyətə başqa formada çatdırmaq istəyənlərin işidir. Onlar heç vaxt öz niyyətlərinə çatmayacaqlar".
V.Əsədov vurğulayıb ki, əgər sürücü alkotester müayinəsinin nəticəsindən narazıdırsa, o, təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır: "Mən bütün sürücülərin diqqətinə çatdırıram ki, Yol-Patrul Xidməti Haqqında Təlimata uyğun olaraq alkotester yol polisi tərəfindən sürücünün sərxoşluq vəziyyətini müəyyənləşdirmək üçün tətbiq edilir. Müayinənin nəticəsi yol polisi tərəfindən müayinə olunan şəxsə bildirilir. Yalnız müayinə olunan şəxs öz sərxoşluğunu etiraf edərək müayinənin nəticəsilə razı olduqda, müfəttiş bu halı qanunvericiliklə müəyyən edilmiş qaydada sənədləşdirir. Şəxs alkotesterin göstəricisi ilə razılaşmadıqda təkrar tibbi müayinə olunması üçün səhiyyə müəssisəsinə aparılır".Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.
Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:
“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.
Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.
Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.
Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.
BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.
Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.