Yararsız ət

Paytaxtda reyd: bir tondan artıq yararsız ət aşkarlandı

340
(Yenilənib 14:03 28.01.2016)
Bakı şəhərinə satış üçün gətirilən mənşəyi məlum olmayan, qida üçün yararsız ətlər aşkar edilib. Laborator analizlərin nəticəsində həmin ətlərin tərkibində bakterioloji çirklənmə müəyyən olunub.

BAKI, 28 yan — Sputnik. Mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədi ilə Bakı şəhərində reyd keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, reydlər Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının birgə iştirakı ilə keçirilib.

Mənşəyi məlum olmayan ət
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin reydi

Reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün Ağcabədi rayonu Aşağı Avşar kəndindən gətirilən, Məmmədov Aqil Əvəz oğluna məxsus 1100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu olan, Yusifov Nofər Novruz oğlunun idarə etdiyi "Ford Transit" markalı "99-XC-837" dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.

"Avtomaşında olan heyvan cəmdəklərinə baxış keçirilən zaman onların heç birinin mənşəyi, sağlamlığı haqqında müşayiətedici və baytarlıq sənədlərinin olmadığı müəyyən edilib", —deyə bildirilir.

Avtomobil "Baytarlıq şəhərciyi"nə gətirilib, cəmdəklərdən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub. RBL-in ekspertizasına əsasən yoxlanılan 30 nümunə ət və 2 nümunə daxili orqanda (ağciyər, qaraciyər, qarın) aparılan bakterioloji müayinələr zamanı hər bir nümunədə bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı hər bir nümunənin keyfiyyətsiz olduğu və baytarlıq-sanitariya cəhətdən yararsız müəyyən edilib.

"Daxil olan 23 nümunə ət və 2 nümunə daxili orqan (ağciyər, qaraciyər, qarın) iribuynuzlu heyvana, digər 7 nümunə ət isə at ətinə məxsusdur. Beləliklə, aparılan müayinələrin nəticəsinə əsasən yoxlanılan nümunələrin hər biri qida üçün yararsızdır və baytarlıq-sanitariya tələblərinə cavab vermir", — Xidmət bəyan edir.

Mənşəyi məlum olmayan ət
Cəmdəklər zərərsizləşdirilərək basdırılıb

Cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq zərərsizləşdirilməsinə qərar verilib. Yuxarıda adları qeyd edilən vətəndaşlar barəsində isə ciddi inzibati tədbirlər görüləcək. Qərara uyğun olaraq yanvarın 27-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər həm Bakı şəhərində, həm də bütün bölgələrdə mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

340
Teqlər:
Laboratoriya, reyd, Dövlət Baytarlıq Nəzarəti Xidməti, baytarlıq-sanitariya, Kənd Təsərrüfatı Nazirliyi, ət
Əlaqədar
Nazirlik ətin qiymətinin artmadığını bəyan edib
Bərdədə 20 tondan çox yararsız ət aşkarlanıb
Ət, meyvə-tərəvəz, taxıl ucuzlaşıb, yumurta və bal bahalaşıb
Azərbaycanda timsah əti haram elan edildi