Xəzər dənizi yuxarıdan görünüş

Bizimkilər gizlədirlər, Xəzərdə çox ciddi fəlakət baş verir

31753
(Yenilənib 02:06 12.12.2015)
Ekoloq: Fəlakət nəticəsində əmələ gəlmiş neft çirkləri digər Xəzəryanı ölkələrin dəniz sərhədlərinə yayılsa, onlar Azərbaycanı iri məbləğdə cərimələyə bilərlər.

BAKI, 11 dek — Sputnik. "Bizimkilər gizlədirlər, ancaq Xəzər dənizində çox ciddi fəlakət baş verir". Bunu Sputnik-ə özəl müsahibəsində Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri, ekoloq Telman Zeynalov deyib.

Zeynalov Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin "Günəşli" neft yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəzanın ekoloji problemlər yaratmadığı barədə açıqlamalarına etirazını bildirib: "SOCAR açıqlama verir ki, ətrafa sızma yoxdur. Əgər indiyə qədər platformada yanğın söndürülə bilməyibsə, necə yəni sızma yoxdur?! Necə demək olar ki, burada ekoloji fəlakət baş vermir?!"

Günəşli yatağındakı fəlakətin səhlənkarlıq və nəzarətsizlikdən baş verdiyini qeyd edən ekoloq, xilasedici qayıqların keyfiyyətsiz olduğunu da bildirib:

"Tapılan meyidlərin üzərində xilasedici kəmərlərin olmadığı görünür. Bu platformadakı mühəndislərin işçilərə nəzarət etmədiyini göstərir. Neft yatağındakı hər bir platformada fövqəladə hallar, təhlükəsizlik məsələləri üzrə nümayəndələr olmalıdır və onlar həm platformanın tabe olduğu qurumun, həm də işçilərin təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etməlidir. Platformanın özülləri qurularkən 12 ballıq zəlzələyə dayanıqlılığı nəzərə alınır. Amma orada fırtınanın dərəcəsi, dalğaların hündürlüyü də nəzərə alınmalı idi. Yəni elə keyfiyyətli qayıqlar seçilməliydi ki, o dalğalara, fırtınaya davam gətirsin. Normalda hermetik örtüklü qayıqlar möhkəm olur, fırtınanın necəliyindən asılı olmayaraq, dalğaların üstündə o tərəf bu tərəfə üzür, harasa çırpılır, amma içəridəki adamlara heç nə olmur, onlar dalğa sakitləşəndən sonra xilas ola bilirlər. "Günəşli" platformasındakı qayıqların keyfiyyətsiz olması da, bu qədər ölümlərlə nəticələnib."

Telman Zeynalov onu da qeyd edib ki, "qəza nəticəsində əmələ gəlmiş neft çirkləri digər Xəzəryanı ölkələrin dəniz sərhədlərinə yayılsa, Azərbaycan ciddi problemlə üzləşə bilər. Onlar ekoloji fəlakətə görə, Azərbaycandan iri məbləğdə cərimələr istəyə bilərlər. Ona görə də, bu fəlakəti gizlətmək lazım deyil, təcili surətdə onun qarşısını almaq lazımdır".

31753
Teqlər:
dalğa, qayıq, ekoloji fəlakət, SOCAR, ARDNŞ, ekoloq, Günəşli platforması, Xəzər, neft, Azərbaycan Dövlət Neft Şirkəti, Telman Zeynalov, Azərbaycan
Mövzu:
Günəşli neft platformasında yanğın (59)

Masallıda qadın keçmiş əri tərəfindən bıçaqlanıb

11
Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun müalicəsi Reanimasiya şöbəsində davam edir.

BAKI, 14 may - Sputnik. Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb.

APA-nın məlumatına əsasən, bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb.

Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

11
Qəza, arxiv şəkli

Paytaxtın Heydər Əliyev prospektində qəza olub, yolda sıxlıq yaranıb

8
Bildirilib ki, qəza səbəbindən hazırda hadisə baş verən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

BAKI, 14 may - Sputnik. Bakıda Heydər Əliyev prospektində hava limanına gedən yolda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən hazırda hadisə baş verən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

8
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0