Daxili işlər nazirliyi

Nardaran hadisələri ilə bağlı rəsmi məlumat yayıldı

814
(Yenilənib 16:51 26.11.2015)
Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

BAKI, 26 noy — Sputnik. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən hadisələrlə bağlı rəsmi məlumat yayıblar. Məlumatda deyilir:

"Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.   

Müəyyən olunmuşdur ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylamışlar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilmişdir. 

Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilmişdir. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılmışdır. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilmiş, daha bir neçə nəfəri yaralanmışdır. 

Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirmiş, 2 əməkdaş qəhrəmancasına həlak olmuşdur.  

Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilmişdir.  

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. 

Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcəkdir".

814
Teqlər:
Nardaranda atışma, Müsəlman birliyi, Azərbaycan Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Zülfüqar Mikayılov, Hacı Zülfüqar, Hacı Taleh, Taleh Bağırov, Nardaran qəsəbəsi, Nardaran, Azərbaycan
 Azərbaycan hərbçisi, arxiv şəkli

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub

43
(Yenilənib 19:27 23.11.2020)
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

BAKI, 23 noyabr — Sputnik. Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

43
Teqlər:
polkovnik, şəhid, mina
Polis əməkdaşı, arxiv şəkli

Polisə müqavimət göstərən şəxs saxlanılıb

11
(Yenilənib 15:47 23.11.2020)
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

11
Teqlər:
Goranboy, müqavimət, oğurluq, sakin, polis

Azərbaycanın Rus İcması Prezident İlham Əliyevə müraciət edib

0
Rus icması: "Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi".

BAKI, 23 noyabr - Sputnik. Azərbaycanın Rus İcması Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Heydər oğlu!

İcazə verin, Azərbaycanın Rus İcması adından Sizi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı bütün Azərbaycan xalqının düşmən üzərində birmənalı, möhtəşəm Qələbəsi münasibətilə təbrik edək. Ermənistan Respublikasının işğalçı qüvvələri darmadağın edildi və geri çəkildi.

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin üçtərəfli bəyanatı 30 illik müharibəyə son nöqtə qoydu və Azərbaycanın qalib statusunu təsbit etdi.

Möhtərəm İlham Heydər oğlu, biz bilirik ki, Siz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə müvafiq olaraq bu münaqişənin dinc yolla nizamlanması üçün nə mümkündürsə etdiniz. Lakin Ermənistanın destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermədi, onun daimi hərbi provokasiyaları bu il sentyabrın 27-də münaqişənin eskalasiyasına gətirib çıxardı.

Biz, Azərbaycanın rus əhalisi Sizin mətinliyinizə, müdrikliyinizə və qəti qələbəyə qədər getmək əzminizə görə Sizə səmimi təşəkkürümüzü və dərin minnətdarlığımızı bildiririk.

Sizin rəhbərliyinizlə igid, rəşadətli ordumuz qısa müddətdə çoxsaylı kəndləri, şəhərləri erməni işğalından azad etdi və Ermənistanı tam hərbi kapitulyasiya aktını imzalamağa məcbur etdi.

Respublikanın rus vətəndaşlarının çoxu 1990-cı illərin əvvəlində olduğu kimi, bu dəfə də Azərbaycan xalqı ilə çiyin-çiyinə dayandı və Azərbaycan sərhədlərinin pozulmazlığı hüququnu müdafiə edərək ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında iştirak etdi.

Biz Sizin sözlərinizi xatırlayırıq ki, bu gün biz birlikdəyik və heç kəs bu birliyi poza bilməz.

Cənab Prezident, Sizin Ali Baş Komandan, diplomat, siyasi xadim və öz ölkəsinin vətəndaşı kimi fəaliyyətiniz sabahkı quruculuq gününə qəti əminlik yaradır, o vaxt minlərlə insan öz evlərini yenidən tikmək, müharibə dəhşətlərinin nə demək olduğunu bilməyən yeni nəsil tərbiyə etmək üçün işğaldan azad olunmuş torpaqlara qayıda biləcəklər.

Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin torpağında sülhün və firavanlığın bərpa edilməsi üzrə titanik səylərinizə görə sağ olun.

Sizin Azərbaycan xalqına səmimi müraciətləriniz bu xalqın qəlbində inam oyatdı, düşməni darmadağın etmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün xalqı vahid cəbhə kimi sıx birləşdirdi. Biz doğma Qarabağ regionunu azad etdik, bu gün bizim bayrağımız Şuşada – Qarabağın ürəyində dalğalanır. Məcburi köçkünlər tezliklə öz doğma yurdlarına qayıdacaq və bütün ölkəmiz yenidən firavanlaşacaq.

Bütün Azərbaycan xalqı çoxdan gözlədiyimiz şanlı Qələbə gününü Sizinlə birlikdə bayram edəcək.

Yaşasın Ali Baş Komandan!

Yaşasın çoxmillətli Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

Bildirilib ki, müraciət Azərbaycan Rus İcmasının Respublika Şurasının iclasında qəbul edilib.

0
Teqlər:
Ermənistan, Azərbaycan, BMT-nin qətnamələri, kapitulyasiya, Üçtərəfli bəyanat, Prezident İlham Əliyev, rus icması