Avtovağzal

ETSN: Bakı avtovağzalının qarşısındakı yolda çökmə prosesi aktivləşib

58
(Yenilənib 12:56 26.11.2015)
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatlarda müəyyən qədər genişlənmələr əmələ gəlib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

BAKI, 26 noy — Sputnik. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı-Sumqayıt yolunun əsas hissəsindəki çatlarda müəyyən qədər genişlənmələr əmələ gəlib.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, hazırda ərazidə çökmə prosesinin dinamikasında fəallaşma müşahidə olunur: “Çökmə prosesinin dinamikası tam olaraq dayanmayıb”.

Baş geoloq əlavə edib ki, çatların genişlənməsi, habelə çökmə prosesinin dinamikasının aktivləşməsi yağışların yağması nəticəsində baş verib: “Ərazidəki torpaq bir qədər çöküb. Ona görə də asfalt müəyyən qədər aşağı düşüb”.

Ə. Piriyev qeyd edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verən ərazidəki istinad divarında aidiyyəti qurumlar tərəfindən bərkitmə işləri davam etdirilir: “Hələlik ərazidə su ötürücü qurğu quraşdırılmayıb. İstinad divarının dayanıqlığı bərpa olunandan sonra su ötürücü qurğu quraşdırılacaq”.

58