Ağsu

Ağsuda 18 saat davam edən yanğın zamanı 105 hektar sahə məhv olub

122
(Yenilənib 10:27 03.08.2015)
Kənd bələdiyyəsinə məxsus ərazidə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Şamaxı rayonlarının yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi cəlb olunub.

BAKI, 3 avq — Sputnik. Ağsu rayonunda güclü yanğın olub.

APA-nın xəbərinə görə, avqustun 2-də saat 14:00 radələrində rayonun Bico kəndi ərazisindəki dağlıq sahədə baş verən yanğın getdikcə geniş ərazini əhatə edib.

Kənd bələdiyyəsinə məxsus ərazidə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Ağsu, İsmayıllı, Göyçay, Kürdəmir və Şamaxı rayonlarının yanğından mühafizə hissələrinin maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğın dağlıq və kol-koslu ərazidə baş verdiyi üçün alovun qarşısını almaq çətinləşib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısını bu gün səhər saat 8:00 radələrində almaq mümkün olub. yanğnın Bico kəndindəki evlərə, qəbiristanlığa və meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Ümumilikdə 105 hektar sahədə ağaclar, kol-kos və biçilmiş taxıl sahəsi yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

122
Teqlər:
Bico kəndində yanğın, Ağsuda yanğın, Ağsu şəhəri, Ağsu rayonu, Ağsu, Azərbaycan
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

0
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0