Врач одной из поликлиник, фото из архива

Nəinki TƏBİB, heç Səhiyyə Nazirliyi bu problemi həll edə bilməz: arada büdcə dağılır

3887
(Yenilənib 13:54 15.09.2021)
Millət vəkili Fazil Miustanın fikrincə, vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır. Üstəlik, nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur.

BAKI, 15 sentyabr — Sputnik. Bir neçə gün öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədrliyi vəzifəsini icra edən Ramin Bayramlı istefa verdi. O, vəzifəsini təyin olunduqdan 21 ay sonra tərk etdi.

Öncə nə baş verdi və gözləntilər nə idi, buna nəzər salaq:

Ölkə başçısı İlham Əliyevin 2018-ci il 20 dekabr tarixli fərmanı ilə TƏBİB-in yaradılması tapşırığı verildi və 2019-cu ilin 2 dekabr tarixində Ramin Bayramlı TƏBİB-ə sədr təyin olundu. Bununla da səhiyyə sistemindəki problemlərin qısa zamanda həllini tapacağı ilə bağlı cəmiyyətdə böyük bir ümid yarandı. Lakin bir müddətdən sonra COVID-19 pandemiyasının başlanması bu qurumun adı ilə bağlı müxtəlif şikayət tipli məlumatların ortaya çıxmasına səbəb oldu. Bir sözlə, TƏBİB-lə bağlı gözləntilər özünü doğrultmadı.

Ekspertlər də bu müddətdə TƏBİB-ə olan ümidlərin özünü doğrultmadığını deyir. Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, eyni hədəfə yönələn iki icra qrumu hər zaman bir-biri ilə konflikt yaradır. Səhiyyə Nazirliyi ilə TƏBİB-in funksiyası arasında xeyli üst-üstə düşən nüanslar vardı ki, bu da qurumlar arasında konfliktlərə səbəb olurdu:

"Bu səbəbdən onların arasında bir-birindən asılı olmayan bir rəqabət mühiti mövcud idi. Bir sözlə, TƏBİB-in yaradılması ilə bağlı ümidlər və fəaliyyəti özünü doğrultmadı".

A.Qeybulla deyir ki, hələlik hadisələrə çox geniş şərh vermək istəmir. O bildirir ki, yəqin ki, dövlət qurumları bəzi məsələləri araşdıracaq. Həkim bildirir ki, ictimaiyyətə bununla bağlı məlumat verdikdən sonra, yəqin ki, müəyyən məsələlərə aydınlıq gətirmək olar. O, nöqsanlara səbəb olan amillərdən də söz açır və bildirir ki, hansısa icra qurumunun yaradılması ilə ona yalnız hansısa səlahiyyətlər verilməməlidir. O deyir ki, həmin qurumun üzərinə eyni zamanda məsuliyyət və vəzifə öhdəlikləri qoymaq lazımdır ki, onlar işlərinə görə cavabdeh olsunlar: "Baxın, pandemiya dövründə də görürük ki, ambulator yardım bir quruma, stasionar yardım isə digər bir quruma tapşırılıb".

Onun fikrincə, TƏBİB-in funksiyalarını icbari tibbi sığorta ilə məhdudlaşdırmaq olar.

Ekspert bildirir ki, istənilən sahə, o cümlədən də səhiyyədə rüşvətxorluq və digər faktorları aradan qaldırmaq üçün yeni qurum yaratmağa ehtiyac yoxdur:

"Sistem, rüşvətə şərait yaradan mühit aradan qalxmalı və bunlar araşdırılmalıdır. Maaşlar adekvat olmalıdır. Rüşvətə səbəb olan amillər həm də indiki bazar iqtisadiyyatı şəraitində insanların gəlirlərinin yetərincə olmaması ilə bağlıdır. Hansısa qurumu yaratmaqla rüşvəti aradan qaldırmağı düşünmək absurddur. Hətta xaricdən də mütəxəssis çağırsanız, onlar da özlərindən asılı olmayaraq bu işə cəlb oluna bilərlər. İcbari tibbi sığorta üçün vəsait ayrılıb. Bu vəsaitin xərclənməsi üçün şəffaflıq və üzərində ictimai nəzarət olmalıdır. Həmin qurumlar tez-tez vəsaitin haraya xərclənməsi ilə bağlı açıqlama verməlidirlər".

Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, problemlər səhiyyə strategiyasının düzgün müəyyən olunmamasından qaynaqlanır. O bildirir ki, nəinki TƏBİB, heç Səhiyyə Nazirliyi də bu problemi aradan qaldıra bilməz: "Bunun üçün ölkədə tibb təhsilinin səviyyəsi qalxmalıdır. Yüksək balla universitetə daxil olan şəxslər başqa ölkədə rezidentura təhsili almadan mütəxəssis kimi yetişə bilməlidirlər. Amma bizim bu imkanlarımız yoxdur. Ümumiyyətlə, universitet modellərinin, Türkiyə və digər ölkələrdən fərqli olaraq ayrı-ayrı universitetlərdə tibb fakültələrinin inkişaf etməməsi səhiyyə sistemi üçün problemli məsələlərdən biridir. Burada idarəetmədən söhbət getmir. Gərək kadr ola ki, onu idarə edəsən".

F.Mustafa əlavə olaraq qeyd edir ki, bu səbəbdən də mövcud və yaradılan qurumlar effektiv fəaliyyət göstərməyə qadir deyillər. O digər nöqsanlardan da söz açıb:

"Bundan başqa, xəstəxanaların bir biznes strukturu kimi fəaliyətinin doğru tənzimlənməməsi məsələsi də var. Kimin imkanı varsa, klinika açır. Nəticə nə olur? Keyfiyyət artırmı? - Xeyr. Bu səbəbdən də vətəndaşlarımız pul tapan kimi ya İrana, ya da Avropa ölkələrinə üz tutur və valyutanı da orada xərcləyirlər".

Onun sözlərinə görə, özəlləşmə ilə bağlı məsələ də həll olunmalı və tibb müəssisələrinin əksəriyyəti özəlləşməlidir: "Çünki Səhiyyə Nazirliyi, yaxud da TƏBİB bu müəssisələri saxlaya bilmir. Bu səbəbdən də belə formada müalicə və xəstəxana modeli də effektiv olmur. Düşünürəm ki, səhiyyə və burada islahat məsələsi ciddi müzakirə olunmalıdır. Təəssüflər olsun ki, sağlamlıqla bağlı pul qazanmaqdan başqa bir şey düşünmürük. Ona görə də heç bir irəliləyiş yoxdur və TƏBİB də avtomatik olaraq uğursuz qurum kimi gündəmdə qalır. Hətta ən qabiliyyətli adamı belə TƏBİB rəhbəri olaraq təyin etsələr, həmin şəxs iki illik idarəetmə ilə heç vaxt səhiyyə sistemini normal qaydaya gətirib çıxara bilməz".

O bildirir ki, vəzifə, struktur adama görə deyil, zərurətə görə formalaşmalıdır: "Bizdə belə bir baxış olmadığı üçün Səhiyyə Nazirliyi və TƏBİB bu problemlərin içində çabalayır".

Fazil Mustafanın fikrincə, nəinki TƏBİB və Səhiyyə Nazirliyi, eyni funksiyanı həyata keçirən yüzlərlə qurum mövcuddur: "Bu qurumların hamısı da dövlət büdcəsindən pul alır. Büdcənin dağıdılmasına səbəb olan əsas problemlərdən biri də budur".

Eləcə də oxuyun:

3887
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Səhiyyə Nazirliyi, problem, rüşvət, icra, kadr
Vaksin sənədi, arxiv şəkli

Maştağada təkrar saxta vaksin olayı

213
(Yenilənib 14:22 21.09.2021)
Hazırda cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

BAKI, 21 sentyabr — Sputnik. Maştağa qəsəbəsində yerləşən “7 №-li Birləşmiş Şəhər Xəstəxanası” PHŞ-də COVID-19 əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-a Baş prokurorluqdan verilən məlumata görə, Sabunçu rayon Prokurorluğunda araşdırma aparılıb və qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, ötən ayın 23-də adıçəkilən xəstəxanada saxta vaksin pasportunun verilməsi aşkarlanıb. Müəyyən olunub ki, tibb bacısı S.Mahmudova və A.Bağırova hər doza vaksin üçün 50-100 manat müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da həmin şəxslər pul aldığı vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənədlər təqdim ediblər.

Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmalar aparılıb. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bundan əlavə, qeyd edək ki, saxta vaksin verənlərin son aqibəti necə olub, onlardan neçəsi həbs olunub, neçəsi işdən uzaqlaşdırılıb, ümumilikdə bu kimi halların sayı nə qədər olub, bu və bu kimi bir çox suallarla bağlı Baş Prokurorluğa sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.

Eləcə də oxuyun: 

213
Teqlər:
vaksin, saxta, COVID-19, COVID-19 pasportu
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
DOST xidmətinin sosial işçisi, arxiv şəkli

COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?

44
(Yenilənib 10:12 21.09.2021)
Evdə müalicə olunan xəstələr onlara müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar.

BAKI, 20 sentyabr — Sputnik. COVID-19 xəstəliyinin evdə müalicəsinin baha başa gəlməsindən xəstələrin çoxu şikayətlənir. Onlar dövlət tərəfindən virusa yoluxmuş xəstələrə əksər hallarda evdə müalicə paketi verilmədiyini, verildiyi təqdirdə isə bu paketdə xəstəliyin müalicəsi üçün zəruri dərman preparatlarının olmadığını bildirirlər.

"860 manatdan çox pul xərcləmişəm, hələ də sağalmamışam"

COVID-19-a yoluxmuş Gülnar Səfərova deyir ki, vəziyyəti ağır olmadığından xəstəxanaya yerləşdirilməsə də evdə müalicə alır. İndiyədək xəstə ona heç bir müalicə paketi təqdim edilmədiyini bildirib. Onun sözlərinə görə, virusa yoluxduğunu bildiyi gündən öz vəsaiti hesabına evdə müalicə alır. Həmsöhbətimiz həkim məsləhəti əsasında dərman qəbul etdiyini bildirir:

"Həkim mənə iki həftə müalicə üçün gündə bir dəfə olmaqla Kleksan 0,6, D 50.000 İU, Vitamin C 1000 mg, Remdesivir təyin edib. Bu dərmanları almağa 860 manatdan çox vəsait xərcləmişəm. Hələ də temperaturum düşməyib".

Qeyd edək ki, COVID-19-un müalicəsində daha çox təyin olunan dərmanların qiyməti çox bahadır.

Dərmanların qiyməti əl yandırır...

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, əksər COVID xəstələrinə təyin olunan Kleksan-0,6 dərman preparatının bir cütü 22 manatdır. Xəstələrə bu dərman preparatı ən azı iki həftə müddətinə təyin olunur. Xəstələr təkcə Kleksan dərman preparatı üçün 308 manat xərcləməli olurlar. Həkimlərin təyin etdiyi D vitaminlərinin qiyməti isə 15 manatdan 28 manatadək dəyişir. İki şüşə D vitamini alan xəstə ən yaxşı halda 30 manat xərcləməlidir. C vitaminlərinin qiyməti 11-15 manat arası dəyişir. Xəstələr C vitamini üçün 22 manat ödəməli olurlar. COVID xəstəliyinin müalicəsində istifadə edilən ən bahalı dərmanlardan biri isə Remdesivir-dir. Bu dərmanları depo apteklərdə ən yaxşı halda bir ədədini 92 manata tapmaq mümükündür. Adi apteklərdə isə dərman preparatı 115 manatdan aşağı qiymətə satılmır. Xəstəliyin davam etdiyi müddətdə ən azı 5 gün xəstəyə vurulan bu dərman preparatı üçün COVID-19 xəstələri nə 460 manat lazımdır.

Xəstələrə bu dövrdə antiviral dərmanlar təyin edilir ki, onların da qiyməti ucuz deyil. Hindistan istehsalı olan Favipravir-200mg preparatının qiyməti 46, Türkiyə istehsalı olan analoqun isə 70 manatdır. Arbidolun qiyməti isə 14 manat 80 qəpikdir.

Müayinə qiymətləri kəllə-çarxda...

Amma sadalanan dərman preparatları xəstəliyin müalicəsində yetərli deyil. Xəstə daim saturasiyanı nəzarətdə saxlamalıdır ki, bunun üçün müvafiq cihaz apteklərdə 25 manatdır. Xəstələrin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, evdə müalicə zamanı həkim onlardan KT müayinəsi tələb edir. Bunun üçün xəstələr 75-113 manat arasında xəstəxanaya ödəniş etməlidirlər. Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, Bioloji Təbabət klinikasında ağciyərin KT qiyməti 75, Respublika Diaqnostika Mərkəzində 113 manatdır. Evdə müalicə olunan xəstələrin vəziyyəti orta-ağır olduqda evdə müalicə təyin edilməsi üçün onlar qandan analizlər verməlidirlər. COVID-19 xəstələrinin evdən çıxma icazəsi olmadığından, onlar qan analizi vermək üçün özəl tibb müəssisəsindən səyyar laborator müayinə qrupu dəvət etməli olurlar. Virusa yoluxmuş xəstələrdən qanın ümumi analizi, CRR, Ferritin, LDH, D dimer, Koaquloqram, ALT, AST, kreatin analizləri tələb olunur. Refenans klinikasından bildirdilər ki, qanın ümumi analizi 10, CRR-12, Ferritin-23.50, LDH-12, D dimer və koaquloqram-66, ALT, AST, kreatin hərəsi 12 manatdır. Evdə analizlər üçün xidmət haqqı isə 38 manatdır. Qan analizlərinin qiyməti bir COVID xəstəsi üçün 197 manat 50 qəpik təşkil edir.  Bu gün özündə koronavirus əlamətlərini hiss edən xəstələrin çoxunun təcili və təxirəsalınmaz tibbi yardım üçün 103 nömrəsi ilə əlaqə saxlaya bilmədikləri üzündən test üçün özəl xəstəxanalara müraciət edir. Bunun üçün xəstələr 75 manat da test üçün xərcləməli olurlar. 

Bir xəstənin müalicəsi 1000 manata başa gəlir...

Göründüyü kimi koronavirusa yoluxmuş xəstələrin evdə müalicə xərcləri minimum 916 manat təşkil edir. Amma yanaşı xəstəlikləri olan şəxslərdə bu xərc 1000 manatdan yuxarı olur. Səhiyyə Nazirliyindən və TƏBİB-dən Sputnik Azərbaycan-a bildirdilər ki, evdə müalicə alan xəstələrə yalnız vitamin paketi göndərilir. Ağır xəstələr isə xəstəxanaya yerləşdirilərək müalicəsi dövlət hesabına aparılır.

TƏBİB-in müalicə protokolu...

Qeyd edək ki, TƏBİB-in müalicə protokolunda evdə müalicə alan xəstələr üçün dərman preparatlarının təyini xəstəliyin yüngül-ağırlığına, yanaşı xəstəliklərin olub-olmadığına görə dəyişir. Yetkin şəxslərin müalicə protokolunda göstərilir ki, COVID-19 PCR testi müsbət olan şəxslərdə antiviral müalicə başlanmasını güclü şəkildə dəstəkləməkdədir. Ancaq erkən başlanan dərmanların daha təsirli olduğuna aid ümumi məlumatlara əsaslanaraq, xəstəni qiymətləndirən həkimin məsləhətinə əsasən, eyni zamanda yanaşı təsirləri mövzusunda diqqətli olmaq şərtiilə bu xəstələrə antiviral müalicə başlana bilər. Hospitalizasiya göstərişi olan Covid-19 hallarında müalicə tövsiyələri belədir. Ağırlaşmamış şübhəli/təsdiq olunmuş diaqnozlu COVID-19 hallarında Favipiravir1-200 mg tablet 1600 tablet x 2 dəfə başlanğıc, 600 mg tablet x 2 dəfə dəstəkləyici  5 gün təyin edilməlidir. Yüngül-orta gedişli pnevmoniyalı (Ağır pnevmoniya əlaməti olmayanlar) şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicə -Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici, 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici-5-10 gün aparılmalıdır. Ağır Pnevmoniyalı şübhəli/təsdiq olunmuş COVID-19 hallarında müalicədə isə Favipiravir1 200 mg tablet və ya Remdesivir 100 mg inyeksiya 1600 mg x 2 dəfə başlanğıc, 600 mg x 2 dəfə dəstəkləyici 200 mg x 1 dəfə başlanğıc, 100 mg x 1 dəfə dəstəkləyici 5-10 gün edilməlidir.

Evdə müalicə protokolu dəyişdirilməlidir....

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, TƏBİB-in evdə müalicə protokolu yenidən işlənilməlidir. Onun sözlərinə görə, bu gün evdə müalicə alan orta-ağır xəstələr var ki, onların müalicəsi üçün evə göndərilən vitaminlərdən ibarət müalicə paketi yetərli deyil (Bu paket COVID-19 xəstəliyinə yoluxmuş bütün xəstələrə verilmir -Red.).

Həmsöhbətimiz deyir ki, tibb sahəsi üzrə Elmi Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşları, infeksionistlər, pulmonoloqlar, və uzun ilər klinik farmokologiya ilə məşğul olan şəxslər evdə müalicənin istiqamətləri müəyyən edilməlidir:

"Burada orta, yüngül, ağır və çox ağır COVID xəstələrinin, eləcə də yanaşı xəstəlikləri olanların müalicə protokolu hazırlanmaldır. Bu gün biz TƏBİB-in evdə müalicə protokoluna baxsaq görərik ki, orada ümumi dərman preparatları öz əksini tapıb. Hamıya birmənalı olaraq 1000 mg C vitamini təyin etmək doğru deyil. Ola bilər ki, xəstə həmçinin şəkərli diabetdir. Bu zaman bu vitaminin qəbulu avtomatik şəkəri qaldıracaq. Bu da xəstəni ağırlaşdıra bilər. Yaxud da xəstənin böyrək problemi ola bilər. Bu zaman da protokoldakı dərmanlar ehtiyatla təyin edilməlidir. Ona görə də TƏBİB-in COVID-19-a görə müalicə protokolu yenidən işlənilməlidir. Yaxşı olar ki, protokol işləndikdən sonra ictimaiyyətə açıqlansın, eyni zamanda evlərə buklet formasında paylanılsın. Çünki, bu gün xəstəliyin evdə müalicəsi üzündən ağırlaşmalar olur. Bu gün virusu məhv edən dərman preparatı yoxdur. Mütləq şəkildə xəstələrə həkim baxışı olmalıdır. Protokolda xəstəyə kleksan vurulması tövsiyyə olunsa da hər xəstəyə də kleksan vurmaq olmaz. Qanın göstəriciləri normaldırsa cavan insanlara Kleksan təyin edilə bilməz".

Hər xəstəyə fərdi yanaşılmalıdır....

İnfeksionist bildirir ki, bu gün ölüm sayının artmasında şablon reseptlərdən istifadə az rol oynamır. Onun sözlərinə görə, COVID-in müalicəsində hər bir xəstəyə fərdi yanaşılmalıdır. Evdə müalicə protokolu yenidən hazırlanaraq  ictimaiyyətə açıqlanmalıdır.

Pulu olanlar özünə, olmayanlar Allah ümidinə...

Apardığımız araşdırmadan belə məlum oldu ki, hazırda evdə müalicə olunan xəstələrin sağalma şansı ən yaxşı halda öz maddi vəziyyətlərinə, ən pis halda isə Allaha bağlıdır. COVID-19-un müalicəsi üçün tələb olunan məbləğdən də görünür ki, bu xərci qarşılamaq evdə müalicə olunan orta statistik Azərbaycan vətəndaşı üçün elə də asan deyil. Virusun yoluxucu olduğunu, ailədə eyni zamanda bir neçə nəfərin bu xəstəliyə yoluxduğunu nəzərə alsaq, çəkilən xərc ən azı dörd dəfə artır. Beləliklə, bir ailədə dörd nəfər virusa yoluxursa onların evdə müalicəsinə 4 min manata yaxın pul tələb olunur...

Həmçinin oxuyun:

Həkimlər xəstələrin həyatı ilə oynayırlar - Qanunun qəbulu isə daşa dirənib

44
Teqlər:
COVID-19, Koronavirus, xəstəlik, xəstə, təbib
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğanın Rusiyaya səfər tarixi açıqlandı