Uşaq

Pandemiyanın uşaqlara faydası dəyib - Baş pediatr açıqladı

7562
(Yenilənib 16:23 01.06.2021)
Koronavirus pandemiyası dövründə də tənəffüs yolları xəstəliklərinə rast gəlinir. Amma pandemiya dövründə bütövlükdə uşaqlar arasında xəstəliklərin sayı azalıb.

BAKI, 1 iyun — Sputnik, Zülfiyyə Quluyeva. Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev məlumat verib. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada uşaqlar arasında qeydə alınan xəstəliklərin təsnifatı var. Bu təsnifata görə, Azərbaycanda uşaqlar arasında son illərə qədər ən çox rast gəlinən tənəffüs sistemi xəstlikləri olub. Onun sözlərinə görə, bundan sonra isə uşaqlar arasında rast gəlinən xəstəliklərə anadangəlmə xəstəliklər daxildir:

"Bu, perinatal dövrdə rast gəlinən xəstəliklərdir. 15-20 il öncə isə ikinci yerdə yoluxucu xəstəliklər yer alırdı. Koronavirus pandemiyası dövründə də tənəffüs yolları xəstəliklərinə rast gəlinir. Amma pandemiya dövründə bütövlükdə uşaqlar arasında xəstəliklərin sayı azalıb. Bunun da səbəbi pandemiya dövründə əks epidemik tədbirlərin aparılması, gigiyenik tələblərə əməl olunmasıdır. Pandemiya dövründə koronavirusa görə maskadan istifadə və əllərin gigiyenası nəticəsində digər viruslarla bağlı rast gəlinən xəstəliklərin sayı dəfələrlə azalıb", - deyə baş pediatr bildirir.

N.Quliyev həmçinin qeyd edib ki, ölkəmizdə bu gün uşaqların sağlamlığının müdafiəsi üçün bütün tədbirlər həyata keçirilir: "Bilirsiniz ki, Azərbaycan 1992-ci ildən Uşaq Hüquqları Haqqında Konvensiyaya imza atıb. Hər 5 ildən bir Azərbaycan BMT yanında hesabat verir. Uşaqların sağlamlığı ilə bağlı bu gün pandemiyadan başqa qorxulu xəstəliklər gözlənilmir", - deyə Səhiyyə Nazirliyinin baş pediatrı bildirib.

Qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

COVID-19 və onun müxtəlif yaş qruplarına təsiri

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların yaş qruplarına görə bölgüsü açıqlanıb. Koronovirus.info -nun məlumatına görə, ən çox yoluxma 30-39 yaş arası (21 %) şəxslərdə qeydə alınıb.

0-9 yaş arası olanlarda yoluxma 3%, 10-19 yaş arasında 6%, 20-29 yaş arasında 16%, 30-39 yaş arasında 21%, 40-49 yaş arasında 15%, 50-59 yaş arasında 18%, 60-69 yaş arasında 15%, 70-79 yaş arasında 4%, 80 yaş üzəri olanlarda isə 2% təşkil edir.

Yoluxanların 49%- i kişi, 51%-i isə qadınlardır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019 ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 170,3 milyonu keçib, 3,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Həmçinin oxuyun:

Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir - Nəsib Quliyev

Məktəblərdə koronavirusa yoluxma riski - Baş pediatr açıqladı

Azərbaycanda "cavanlaşan" xəstəlik: birini adrenalin, digərini süstlük aparır

7562
Tibb işçisi mənfi nəticəsi olan koronavirus testi göstərir , arxiv şəkli

Koronavirusa yoluxma yenidən artdı

504
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə COVID-19-a yoluxma, test və ölüm sayını açıqlayıb.

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. 1189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162, bu günə qədər isə ümumilikdə 3653074 test icra olunub.

Qeyd edək ki, iyunun 16-da Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Yeni növ koronavirusun əmələ gələrək yayılması

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

504
Доктор одной из поликлиник, фото из архива

Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi

3679
(Yenilənib 00:08 17.06.2021)
Polkovnik Əbülfət Həmidovun sözlərinə görə, Qavriil İlizarov o qədər savadlı idi ki, onun dediyi hər kəlməni tələbələri qızıl kimi qəbul edirdilər.

 

BAKI, 17 iyun — Sputnik. İyunun 15-də Azərbaycanın Qusar rayonunun mərkəzi küçələrindən birində dünya şəhrətli ortoped-cərrah Qavriil İlizarovun müəllifi olduğu aparatın instalyasiyası açılıb.

İnstalyasiyanın açılışında İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin üzvü Anatoli Tafailov, "Azİz" beynəlxalq assosiasiyasının sədri Vahid Bayramov, yəhudi təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

İyunun 15-də həmçinin Qırmızı Qəsəbədəki Dağ yəhudiləri muzeyində dahi həkimin 100 illiyinə həsr olunmuş sərginin də açılışı olub. Sərgidə məşhur təbibin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, İlizarov aparatının 3D modeli, təbibin 100 illiyinə həsr olunmuş xatirə medalı və digər eksponatlar nümayiş olunur.

Tədbir iştirakçıları İlizarovun unikal şəxsiyyət olduğunu dilə gətirərək, onun travmatologiya və ortopediyanın inkişafına verdiyi töhfədən danışıblar. Yenilikçi-həkim və görkəmli ixtiraçı olan İlizarovun hazırladığı kompression-distraksiya aparatının dünyada neçə-neçə insanın ağır travmalardan sonra bərpa olunmasında oynadığı roldan söz açılıb.

Təbabət inqilabçısı

Qavriil İlizarovun özü bir zamanları Belarusiyanın ərazisində olan Belovejdə anadan olsa da, atası Abram qusarlı dağ yəhudisidir. İlizarov travmatologiya sahəsində dünya üzrə sözün həqiqi mənasında inqilab edib. Onun icad etdiyi "İlizarov aparatı" sayəsində milyonlarla travmatoloji xəstə tam sağlamlığına qovuşub, ayaq və qolların amputasiyasının qarşısı alınıb.

Sputnik Azərbaycan-ın əməkdaşı Leyla Abdullayeva bu görkəmli şəxsin özü və ixtira etdiyi aparatla bağlı oxuculara fərqli şeylər anlatması üçün onun tələbəsi, Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidovla söhbətləşib.

Həmidov müəllimindən öyrəndikləri sayəsində həm birinci, həm də İkinci Qarabağ müharibəsində yüzlərlə əsgərin həyatını xilas edib.

© Sputnik / Leyla Abdullayeva
Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidov əməliyyat zamanı

"Mənim müəllimim çox tələbkar idi. O qədər savadlı idi ki, onun dediyi hər kəlmə bizim üçün qızıla bərabər sayılırdı. Mən onun bizə öyrətdikləri və ixtira etdiyi aparat sayəsində həm Birinci, həm də İkinci Qarabağ savaşında minlərlə oğullarımızın ayaqlarının, qollarının amputasiya edilməsinin qarşısını almışam. 1992-93-cü illərdə müharibədən elə xəstələr gəlirdilər ki, bud nahiyəsi, qol nahiyəsi tamamilə dağılmış olurdu. Amma mən onların ətraflarının amputasiya edilməsinə razı olmurdum. Bu aparat vasitəsilə həmin nahiyələri yenidən bərpa edirdik".

Dahiliyin etirafı

Həkim bizə İlizarov haqqında yadında qalan maraqlı bir hadisəni də danışıb:

"İlizarov 1992-ci illərdə 126 ölkənin akademiyasının üzvü idi. Bir çox dövlətlərin fəxri vətəndaşı adına layiq görülmüşdü. 1989-cu ildə Rusiya Federasiyasının Kurqan şəhərində tibb elmi ilə bağlı konfrans keçirilirdi. Bir çox dövlətlərin professorları bu konfransda iştirak edirdilər. Bura Yaponiyadan da 12 professor gəlmişdi. Tədbirdə İlizarov aparatı ilə sağalan xəstələrin ilk və son vəziyyətinə aid şəkillər təqdim olundu. Daha sonra bu aparat vasitəsilə sağalan xəstələrin 4-5-ni səhnəyə dəvət elədilər. Bunu görən yapon professorlarının 12-si də düz gedib İlizarovun qarşısında baş əyib səcdə etdilər. Burada müxtəlif dövlətlərdən 400-dən artıq professor vardı. Onların hamısı bu səhnəni coşğu ilə alqışladılar.

İlizarov dərhal ayağa qalxdı və dedi: "Siz də həkimsiniz, mən də. Heç vaxt istəmərəm ki, həmkarlarım mənim qarşımda səcdə etsinlər". Bu vaxt yaponlar qayıtdılar ki, "biz İlizarovun qarşısında yox, onun yaratdıqlarının qarşısında baş əyirik". Bu, elə-belə deyilmiş söz deyildi".
© Sputnik / Leyla Abdullayeva
Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlu

Həmidovun sözlərinə görə, bu aparat İkinci Qarabağ müharibəsində də 400-dən çox hərbçimizin ətraflarının amputasiya olunmamasına kömək edib:

"Bir xəstəm vardı ki, 19 dəfə əməliyyat etdik, amma ayağını kəsmədik. İlizarovun bir davamçısı olaraq bu millət üçün hər zaman əlimdən gələni etdim və bundan sonra da etməyə hazıram".

Müəllimə də, tələbəsinə də duaçıdırlar

Minlərlə insanın köməyinə çatan bu aparat və Əbülfət həkim sayəsində Lerikdən olan Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlunun qolu da amputasiya olunmaqdan yan keçib. Hazırda bu aparatı qolunda gəzdirən və onunla fiziki iş görən Ələsgər həm aparatı ixtira edənin ruhuna, həm də həkiminə duaçı olduğunu deyir: "Xocavənd uğrunda gedən döyüşlərdə yaralandım. Sağ qolumun çiyindən dirsəyə qədər olan sümüyü dağılmışdı, sümük yox dərəcəsində idi. Qolumun aşağı hissəsi ətdən sallanmış formada qalmışdı. Qolumun kəsiləcəyindən ehtiyat edirdim. Amma Əbülfət həkim məni əməliyyat etdi və bu aparat vasitəsilə qolumu yenidən yığdı. Bu, həqiqətən bir möcüzə idi. Çünki qolum ət kimi olmuşdu. İndi bu aparat vasitəsilə fiziki iş görə bilirəm. Buna görə də həm aparatı ixtira edənin ruhuna, həm də onun tələbəsi olan həkimimə çoxlu dualar edirəm".

Onu da qeyd edək ki, İlizarov sözügedən aparatı ixtira edən zaman çox böyük çətinliklərlə üzləşib, təzyiqlərə məruz qalıb. Hətta onu ruhi xəstə olmaqda günahlandıranlar da tapılıb. Amma o, heç vaxt geri addım atmayıb. Onun bu ixtirası dünya tibb elminə böyük töhfə verib.

© Sputnik / Leyla Abdullayeva
Vətən Müharibəsi qazisi

Qavriil İlizarov kimdir?

Görkəmli ortoped-cərrah, professor, ixtiraçı, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Qavriil Abramoviç İlizarov 15 iyun 1921-ci ildə bir zamanlar Belarusiya SSR-ə daxil olmuş Belovej adlı yerdə yəhudi ailəsində anadan olub. Qavriilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb.

Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Dünyaca məşhur Qavriil İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırlar. Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavriil İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.

Bütün həyatı boyu çoxlu sayda əməliyyatlar keçirmiş cərrah 208 tibbi ixtiranın müəllifidir. Onlardan 18-i dünyanın 10 ölkəsində patentləşdirilib.

Qusarda yerləşən özəl tibb müəssisəsinin təşəbbüsü ilə yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.

3679
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

3
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

3