İlan

Baş toksikoloqdan əhaliyə xəbərdarlıq

1178
(Yenilənib 15:29 22.05.2021)
A.Maqsudovun sözlərinə görə, ilan sancması ilə daxil olan müraciətlərin bir qismi Bakıətrafı kənd və qəsəbələrin payına düşür.

BAKI, 22 may — Sputnik, Zülfiyyə Quluyeva. "Aprel və may aylarında 9 nəfəri ilan sancıb". Bu barədə Sputnik Azərbaycan-a Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov məlumat verib.

O bildirib ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması ilə bağlı müraciət edənlərin 1 nəfəri uşaq olub: "Aprel ayında ilan sancması ilə bağlı bizim şöbəyə bir müraciət daxil olub. May ayında isə 8 nəfər ilan sancması ilə bağlı müraciət edib. Müraciət edənlərin hər biri xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərdən 1 nəfər istisna olmaqla qalanlarının səhhəti normal olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ilan sancması ilə bağlı nə ötən il, nə də ki bu il ölüm hadisəsi baş verməyib".

A.Maqsudovun sözlərinə görə, ilan sancması ilə daxil olan müraciətlərin bir qismi Bakı ətrafı kənd və qəsəbələrin payına düşür: "İlan sancma Bakının əsasən Zirə, Qaraçuxur, Qobu və Güzdək ərazilərində qeydə alınıb. Rayonlardan isə Qəbələ və Şamaxıda ilan sancması qeydə alınıb”.

A.Maqsudovun sözlərinə görə, ilan sancması halları əsasən həyətyanı sahələrdə qeydə alınıb. Amma Klinik Tibbi Mərkəzin Toksikologiya şöbə müdiri bu cür halların havalar istiləşdikcə əkin sahələrində də qeydə alınmasının istisna olmadığını bildirib.

Eləcə də oxuyun:

* Azərbaycanda kişini başından ilan sacdı - Vəziyyəti ağırdır

* Qazaxda nadir hadisə: Arıçı arı sancmasından keçinib

1178
Teqlər:
ilan, xəbərdarlıq, baş toksikoloq Azər Maqsudov
Tibb işçisi mənfi nəticəsi olan koronavirus testi göstərir , arxiv şəkli

Koronavirusa yoluxma yenidən artdı

503
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə COVID-19-a yoluxma, test və ölüm sayını açıqlayıb.

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. 1189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162, bu günə qədər isə ümumilikdə 3653074 test icra olunub.

Qeyd edək ki, iyunun 16-da Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Yeni növ koronavirusun əmələ gələrək yayılması

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

503
Доктор одной из поликлиник, фото из архива

Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi

3678
(Yenilənib 00:08 17.06.2021)
Polkovnik Əbülfət Həmidovun sözlərinə görə, Qavriil İlizarov o qədər savadlı idi ki, onun dediyi hər kəlməni tələbələri qızıl kimi qəbul edirdilər.

 

BAKI, 17 iyun — Sputnik. İyunun 15-də Azərbaycanın Qusar rayonunun mərkəzi küçələrindən birində dünya şəhrətli ortoped-cərrah Qavriil İlizarovun müəllifi olduğu aparatın instalyasiyası açılıb.

İnstalyasiyanın açılışında İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin üzvü Anatoli Tafailov, "Azİz" beynəlxalq assosiasiyasının sədri Vahid Bayramov, yəhudi təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

İyunun 15-də həmçinin Qırmızı Qəsəbədəki Dağ yəhudiləri muzeyində dahi həkimin 100 illiyinə həsr olunmuş sərginin də açılışı olub. Sərgidə məşhur təbibin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, İlizarov aparatının 3D modeli, təbibin 100 illiyinə həsr olunmuş xatirə medalı və digər eksponatlar nümayiş olunur.

Tədbir iştirakçıları İlizarovun unikal şəxsiyyət olduğunu dilə gətirərək, onun travmatologiya və ortopediyanın inkişafına verdiyi töhfədən danışıblar. Yenilikçi-həkim və görkəmli ixtiraçı olan İlizarovun hazırladığı kompression-distraksiya aparatının dünyada neçə-neçə insanın ağır travmalardan sonra bərpa olunmasında oynadığı roldan söz açılıb.

Təbabət inqilabçısı

Qavriil İlizarovun özü bir zamanları Belarusiyanın ərazisində olan Belovejdə anadan olsa da, atası Abram qusarlı dağ yəhudisidir. İlizarov travmatologiya sahəsində dünya üzrə sözün həqiqi mənasında inqilab edib. Onun icad etdiyi "İlizarov aparatı" sayəsində milyonlarla travmatoloji xəstə tam sağlamlığına qovuşub, ayaq və qolların amputasiyasının qarşısı alınıb.

Sputnik Azərbaycan-ın əməkdaşı Leyla Abdullayeva bu görkəmli şəxsin özü və ixtira etdiyi aparatla bağlı oxuculara fərqli şeylər anlatması üçün onun tələbəsi, Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidovla söhbətləşib.

Həmidov müəllimindən öyrəndikləri sayəsində həm birinci, həm də İkinci Qarabağ müharibəsində yüzlərlə əsgərin həyatını xilas edib.

© Sputnik / Leyla Abdullayeva
Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidov əməliyyat zamanı

"Mənim müəllimim çox tələbkar idi. O qədər savadlı idi ki, onun dediyi hər kəlmə bizim üçün qızıla bərabər sayılırdı. Mən onun bizə öyrətdikləri və ixtira etdiyi aparat sayəsində həm Birinci, həm də İkinci Qarabağ savaşında minlərlə oğullarımızın ayaqlarının, qollarının amputasiya edilməsinin qarşısını almışam. 1992-93-cü illərdə müharibədən elə xəstələr gəlirdilər ki, bud nahiyəsi, qol nahiyəsi tamamilə dağılmış olurdu. Amma mən onların ətraflarının amputasiya edilməsinə razı olmurdum. Bu aparat vasitəsilə həmin nahiyələri yenidən bərpa edirdik".

Dahiliyin etirafı

Həkim bizə İlizarov haqqında yadında qalan maraqlı bir hadisəni də danışıb:

"İlizarov 1992-ci illərdə 126 ölkənin akademiyasının üzvü idi. Bir çox dövlətlərin fəxri vətəndaşı adına layiq görülmüşdü. 1989-cu ildə Rusiya Federasiyasının Kurqan şəhərində tibb elmi ilə bağlı konfrans keçirilirdi. Bir çox dövlətlərin professorları bu konfransda iştirak edirdilər. Bura Yaponiyadan da 12 professor gəlmişdi. Tədbirdə İlizarov aparatı ilə sağalan xəstələrin ilk və son vəziyyətinə aid şəkillər təqdim olundu. Daha sonra bu aparat vasitəsilə sağalan xəstələrin 4-5-ni səhnəyə dəvət elədilər. Bunu görən yapon professorlarının 12-si də düz gedib İlizarovun qarşısında baş əyib səcdə etdilər. Burada müxtəlif dövlətlərdən 400-dən artıq professor vardı. Onların hamısı bu səhnəni coşğu ilə alqışladılar.

İlizarov dərhal ayağa qalxdı və dedi: "Siz də həkimsiniz, mən də. Heç vaxt istəmərəm ki, həmkarlarım mənim qarşımda səcdə etsinlər". Bu vaxt yaponlar qayıtdılar ki, "biz İlizarovun qarşısında yox, onun yaratdıqlarının qarşısında baş əyirik". Bu, elə-belə deyilmiş söz deyildi".
© Sputnik / Leyla Abdullayeva
Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlu

Həmidovun sözlərinə görə, bu aparat İkinci Qarabağ müharibəsində də 400-dən çox hərbçimizin ətraflarının amputasiya olunmamasına kömək edib:

"Bir xəstəm vardı ki, 19 dəfə əməliyyat etdik, amma ayağını kəsmədik. İlizarovun bir davamçısı olaraq bu millət üçün hər zaman əlimdən gələni etdim və bundan sonra da etməyə hazıram".

Müəllimə də, tələbəsinə də duaçıdırlar

Minlərlə insanın köməyinə çatan bu aparat və Əbülfət həkim sayəsində Lerikdən olan Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlunun qolu da amputasiya olunmaqdan yan keçib. Hazırda bu aparatı qolunda gəzdirən və onunla fiziki iş görən Ələsgər həm aparatı ixtira edənin ruhuna, həm də həkiminə duaçı olduğunu deyir: "Xocavənd uğrunda gedən döyüşlərdə yaralandım. Sağ qolumun çiyindən dirsəyə qədər olan sümüyü dağılmışdı, sümük yox dərəcəsində idi. Qolumun aşağı hissəsi ətdən sallanmış formada qalmışdı. Qolumun kəsiləcəyindən ehtiyat edirdim. Amma Əbülfət həkim məni əməliyyat etdi və bu aparat vasitəsilə qolumu yenidən yığdı. Bu, həqiqətən bir möcüzə idi. Çünki qolum ət kimi olmuşdu. İndi bu aparat vasitəsilə fiziki iş görə bilirəm. Buna görə də həm aparatı ixtira edənin ruhuna, həm də onun tələbəsi olan həkimimə çoxlu dualar edirəm".

Onu da qeyd edək ki, İlizarov sözügedən aparatı ixtira edən zaman çox böyük çətinliklərlə üzləşib, təzyiqlərə məruz qalıb. Hətta onu ruhi xəstə olmaqda günahlandıranlar da tapılıb. Amma o, heç vaxt geri addım atmayıb. Onun bu ixtirası dünya tibb elminə böyük töhfə verib.

© Sputnik / Leyla Abdullayeva
Vətən Müharibəsi qazisi

Qavriil İlizarov kimdir?

Görkəmli ortoped-cərrah, professor, ixtiraçı, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Qavriil Abramoviç İlizarov 15 iyun 1921-ci ildə bir zamanlar Belarusiya SSR-ə daxil olmuş Belovej adlı yerdə yəhudi ailəsində anadan olub. Qavriilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb.

Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Dünyaca məşhur Qavriil İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırlar. Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavriil İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.

Bütün həyatı boyu çoxlu sayda əməliyyatlar keçirmiş cərrah 208 tibbi ixtiranın müəllifidir. Onlardan 18-i dünyanın 10 ölkəsində patentləşdirilib.

Qusarda yerləşən özəl tibb müəssisəsinin təşəbbüsü ilə yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.

3678
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

0
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

0