Peyvənd pasportu

COVID-19 sertifikatı xaricin qapılarını üzümüzə açacaq

58
(Yenilənib 08:01 22.05.2021)
İnfeksionist: "Düşünürəm ki, əksər ölkələr öz ölkələrində virusa yoluxmanın qarşısını almaq üçün xaricdən gələn vətəndaşlardan bu sertifikatı tələb edəcəklər"

BAKI, 22 may — Sputnik, Zülfiyyə Quluyeva. Avropa İttifaqının üzv ölkələri arasında tam peyvənd olunmuş şəxslərin girişinə icazə verilməsi barədə razılıq əldə olunub. AFP –in yaydığı xəbərdə bildirilir ki, sərhədlərin açılması, habelə peyvənd sertifikatları məsələsinin mayın 25-də keçiriləcək təcili Aİ sammitində diqqət mərkəzində olacağı gözlənilir.

Qeyd edək ki, koronovirus əleyhinə vaksinasiyaya başlanandan bir sıra ölkələrdə peyvənd vurulan şəxslərə güzəşt məsələsi müzakirə olunur. Hətta bir müddət öncə COVID-19-a qarşı peyvənd edilən şəxslərə pasport veriləcəyi barədə də xəbərlər dolaşırdı.

Sputnik Azərbaycan koronovirus əleyhinə vaksinasiyadan sonra xaricdən Azərbaycana gələnlərə, eləcə də ölkəmizdən çıxış zamanı peyvənd edilənlərə hər hansı güzəştlərin tətbiq edilməsinin mümkünlüyünü araşdırıb.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa görə peyvənd edilən şəxslərin sənədləşməsi aparılır. Onların peyvənd olunduğu elektron sistemdə öz əksini tapır. Amma deputat deyir ki, bunun keçərli sertifikat kimi hazırlanması hələ ki, müzakirə mövzusudur. M. Məmmədlinin sözlərinə görə, heç bir ölkə COVID-19 pasportu hazırlamayıb. Bununla belə deputat hesab edir ki, gələcəkdə bu sənəd ölkələrarası giriş-çıxışda istifadə edilə bilər: "Bu sənədin xarici ölkələr tərəfindən tələb olunub-olunmayacağı, barədə qərar yəqin ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən veriləcək. Koronavirus laboratoriyalarının nəticələrini ölkələr qarşılıqlı şəkildə tanıyır. Amma vaksin edilmiş insanın hərəkət etməsi daha rahatdır. Çünki bu insanların yoluxmaq və yoluxdurmaq riski yox dərəcəsindədir. Bu baxımdan həmin şəxslərin başqa ölkələrə səyahət zamanı virusu yayma təhlükəsi azdır" deyə deputat söyləyir.

İnfeksionist Vüqar Cavadzadə də koronovirus əleyhinə vaksinasiyanın başqa ölkələrə səyahət imkanlarına təsirini mümkün sayır. V. Cavadzadə deyir ki, COVID-19 əleyhinə vaksin olunan şəxslərin virusa yoluxma və yoluxdurmaq riski aşağı olduğundan, onların səyahət etməsində o qədər də təhlükə yoxdur: "COVID-19-a görə peyvəndin edilməsi isə insanların bu virusa yoluxma riskini minimuma endirir. Ona görə də COVID-19 sertifikatı olan şəxslərin xarici ölkələrə səfəri virusun yayılması baxımından təhlükəli olmayacaq. Düşünürəm ki, əksər ölkələr öz ölkələrində virusa yoluxmanın qarşısını almaq üçün xaricdən gələn vətəndaşlardan bu sertifikatı tələb edəcəklər".

Xatırladaq ki, bir müddət öncə Ramin Bayramlı öz çıxışında bildirib ki, onlar tərəfindən hər şəxsə məxsus COVID-19 pasportu da hazırlanıb. Ehtiyac yarandığı təqdirdə peyvənd etdirəcək şəxslərə bu pasport veriləcək. Əgər hər hansı xarici ölkə koronavirusla əlaqəli nəsə sənəd tələbi irəli sürsə, həmin pasport təqdim ediləcək.

AZAL-dan isə Sputnik Azərbaycan-a bildirdilər ki, pandemiya dövründə ölkəyə giriş və çıxış qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanır. Hələlik bu qaydalarda hər hansı dəyişiklik yoxdur. Hazırda ölkəmizə gələn və xaricə gedən şəxslərdən koronovirusla bağlı test tələb olunur. Amma Azərbaycanın milli aviadaşıyıcısı AZAL ölkə hökuməti ilə birlikdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hazırladığı universal IATA Travel Pass platformasının sınaqdan keçirilməsinin mümkünlüyünü nəzərdən keçirir. IATA Travel Pass sərnişinlərin məlumatlarının yoxlanılması, səyahətə olan tələblərə dair milli qaydaların müəyyən edilməsi üçün mobil əlavəsidir. Mobil əlavə hökumətlər, aviaşirkətlər, laboratoriyalar və səyahətçilərin özləri arasında əməkdaşlıq yolu ilə testləşdirmə və peyvəndləmə barədə zəruri informasiya axınını yoxlamağa və nəzarət etməyə imkan yaradacaq. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və hava nəqliyyatı ilə sərnişin axınının COVID-19 pandemiyasından əvvəlki göstəricilərinin bərpa edilməsinə şərait yaradacaq. IATA Travel Pass kimi rəqəmsal həllin tətbiqi yoxlama prosedurlarını sadələşdirir və koronavirus infeksiyasının yayılması risklərini minimuma endirir.

Məlumat üçün bildirək ki, hazırda "Azərbaycan Hava Yolları" aviaşirkəti tələbatın daha çox olduğu istiqamətlər üzrə xüsusi reyslər yerinə yetirir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə əsasən bütün sərnişinlər qeydiyyat masasında uçuşdan əvvəl 48 saat ərzində aldıqları COVID-19 virusunun mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

Bu arada Avropa Dərman Preparatları Agentliyi (EMA) və ya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş koronavirus peyvəndi ilə vaksinasiya edilən xarici turistlər iyunun 7-dən İspaniyaya səfər edə biləcəklər. TASS agentliyinin yaydığı xəbərə görə, bu barədə İspaniyanın baş naziri Pedro Sançes bildirib. O ümidvardır ki, Avropa peyvənd sertifikatları qarşıdan gələn yayın turizm sənayesi üçün 2020-ci ilə nisbətən daha yaxşı olmasına imkan verəcək.

58
Tibb işçisi mənfi nəticəsi olan koronavirus testi göstərir , arxiv şəkli

Koronavirusa yoluxma yenidən artdı

504
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə COVID-19-a yoluxma, test və ölüm sayını açıqlayıb.

BAKI, 17 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329191 nəfər müalicə olunaraq sağalıb, 4959 nəfər vəfat edib. 1189 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8162, bu günə qədər isə ümumilikdə 3653074 test icra olunub.

Qeyd edək ki, iyunun 16-da Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Yeni növ koronavirusun əmələ gələrək yayılması

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 162,5 milyonu keçib, 3,36 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

504
Доктор одной из поликлиник, фото из архива

Yapon alimlər onun qarşısında səcdə etmişdilər: Can qurtaran Azərbaycan həkimi

3679
(Yenilənib 00:08 17.06.2021)
Polkovnik Əbülfət Həmidovun sözlərinə görə, Qavriil İlizarov o qədər savadlı idi ki, onun dediyi hər kəlməni tələbələri qızıl kimi qəbul edirdilər.

 

BAKI, 17 iyun — Sputnik. İyunun 15-də Azərbaycanın Qusar rayonunun mərkəzi küçələrindən birində dünya şəhrətli ortoped-cərrah Qavriil İlizarovun müəllifi olduğu aparatın instalyasiyası açılıb.

İnstalyasiyanın açılışında İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin üzvü Anatoli Tafailov, "Azİz" beynəlxalq assosiasiyasının sədri Vahid Bayramov, yəhudi təşkilatlarının nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər.

İyunun 15-də həmçinin Qırmızı Qəsəbədəki Dağ yəhudiləri muzeyində dahi həkimin 100 illiyinə həsr olunmuş sərginin də açılışı olub. Sərgidə məşhur təbibin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallar, İlizarov aparatının 3D modeli, təbibin 100 illiyinə həsr olunmuş xatirə medalı və digər eksponatlar nümayiş olunur.

Tədbir iştirakçıları İlizarovun unikal şəxsiyyət olduğunu dilə gətirərək, onun travmatologiya və ortopediyanın inkişafına verdiyi töhfədən danışıblar. Yenilikçi-həkim və görkəmli ixtiraçı olan İlizarovun hazırladığı kompression-distraksiya aparatının dünyada neçə-neçə insanın ağır travmalardan sonra bərpa olunmasında oynadığı roldan söz açılıb.

Təbabət inqilabçısı

Qavriil İlizarovun özü bir zamanları Belarusiyanın ərazisində olan Belovejdə anadan olsa da, atası Abram qusarlı dağ yəhudisidir. İlizarov travmatologiya sahəsində dünya üzrə sözün həqiqi mənasında inqilab edib. Onun icad etdiyi "İlizarov aparatı" sayəsində milyonlarla travmatoloji xəstə tam sağlamlığına qovuşub, ayaq və qolların amputasiyasının qarşısı alınıb.

Sputnik Azərbaycan-ın əməkdaşı Leyla Abdullayeva bu görkəmli şəxsin özü və ixtira etdiyi aparatla bağlı oxuculara fərqli şeylər anlatması üçün onun tələbəsi, Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidovla söhbətləşib.

Həmidov müəllimindən öyrəndikləri sayəsində həm birinci, həm də İkinci Qarabağ müharibəsində yüzlərlə əsgərin həyatını xilas edib.

© Sputnik / Leyla Abdullayeva
Mərkəzi Hərbi Klinik Hositalının ortopediya şöbəsinin müdiri, MN-in baş travmatoloqu, polkovnik Əbülfət Həmidov əməliyyat zamanı

"Mənim müəllimim çox tələbkar idi. O qədər savadlı idi ki, onun dediyi hər kəlmə bizim üçün qızıla bərabər sayılırdı. Mən onun bizə öyrətdikləri və ixtira etdiyi aparat sayəsində həm Birinci, həm də İkinci Qarabağ savaşında minlərlə oğullarımızın ayaqlarının, qollarının amputasiya edilməsinin qarşısını almışam. 1992-93-cü illərdə müharibədən elə xəstələr gəlirdilər ki, bud nahiyəsi, qol nahiyəsi tamamilə dağılmış olurdu. Amma mən onların ətraflarının amputasiya edilməsinə razı olmurdum. Bu aparat vasitəsilə həmin nahiyələri yenidən bərpa edirdik".

Dahiliyin etirafı

Həkim bizə İlizarov haqqında yadında qalan maraqlı bir hadisəni də danışıb:

"İlizarov 1992-ci illərdə 126 ölkənin akademiyasının üzvü idi. Bir çox dövlətlərin fəxri vətəndaşı adına layiq görülmüşdü. 1989-cu ildə Rusiya Federasiyasının Kurqan şəhərində tibb elmi ilə bağlı konfrans keçirilirdi. Bir çox dövlətlərin professorları bu konfransda iştirak edirdilər. Bura Yaponiyadan da 12 professor gəlmişdi. Tədbirdə İlizarov aparatı ilə sağalan xəstələrin ilk və son vəziyyətinə aid şəkillər təqdim olundu. Daha sonra bu aparat vasitəsilə sağalan xəstələrin 4-5-ni səhnəyə dəvət elədilər. Bunu görən yapon professorlarının 12-si də düz gedib İlizarovun qarşısında baş əyib səcdə etdilər. Burada müxtəlif dövlətlərdən 400-dən artıq professor vardı. Onların hamısı bu səhnəni coşğu ilə alqışladılar.

İlizarov dərhal ayağa qalxdı və dedi: "Siz də həkimsiniz, mən də. Heç vaxt istəmərəm ki, həmkarlarım mənim qarşımda səcdə etsinlər". Bu vaxt yaponlar qayıtdılar ki, "biz İlizarovun qarşısında yox, onun yaratdıqlarının qarşısında baş əyirik". Bu, elə-belə deyilmiş söz deyildi".
© Sputnik / Leyla Abdullayeva
Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlu

Həmidovun sözlərinə görə, bu aparat İkinci Qarabağ müharibəsində də 400-dən çox hərbçimizin ətraflarının amputasiya olunmamasına kömək edib:

"Bir xəstəm vardı ki, 19 dəfə əməliyyat etdik, amma ayağını kəsmədik. İlizarovun bir davamçısı olaraq bu millət üçün hər zaman əlimdən gələni etdim və bundan sonra da etməyə hazıram".

Müəllimə də, tələbəsinə də duaçıdırlar

Minlərlə insanın köməyinə çatan bu aparat və Əbülfət həkim sayəsində Lerikdən olan Vətən müharibəsi qazisi Hüseynov Ələsgər Ağarəhim oğlunun qolu da amputasiya olunmaqdan yan keçib. Hazırda bu aparatı qolunda gəzdirən və onunla fiziki iş görən Ələsgər həm aparatı ixtira edənin ruhuna, həm də həkiminə duaçı olduğunu deyir: "Xocavənd uğrunda gedən döyüşlərdə yaralandım. Sağ qolumun çiyindən dirsəyə qədər olan sümüyü dağılmışdı, sümük yox dərəcəsində idi. Qolumun aşağı hissəsi ətdən sallanmış formada qalmışdı. Qolumun kəsiləcəyindən ehtiyat edirdim. Amma Əbülfət həkim məni əməliyyat etdi və bu aparat vasitəsilə qolumu yenidən yığdı. Bu, həqiqətən bir möcüzə idi. Çünki qolum ət kimi olmuşdu. İndi bu aparat vasitəsilə fiziki iş görə bilirəm. Buna görə də həm aparatı ixtira edənin ruhuna, həm də onun tələbəsi olan həkimimə çoxlu dualar edirəm".

Onu da qeyd edək ki, İlizarov sözügedən aparatı ixtira edən zaman çox böyük çətinliklərlə üzləşib, təzyiqlərə məruz qalıb. Hətta onu ruhi xəstə olmaqda günahlandıranlar da tapılıb. Amma o, heç vaxt geri addım atmayıb. Onun bu ixtirası dünya tibb elminə böyük töhfə verib.

© Sputnik / Leyla Abdullayeva
Vətən Müharibəsi qazisi

Qavriil İlizarov kimdir?

Görkəmli ortoped-cərrah, professor, ixtiraçı, Rusiya Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru Qavriil Abramoviç İlizarov 15 iyun 1921-ci ildə bir zamanlar Belarusiya SSR-ə daxil olmuş Belovej adlı yerdə yəhudi ailəsində anadan olub. Qavriilin 7 yaşı olanda ailəsi ilə birlikdə ata yurduna - Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən idi. Qusarda səkkiz illik məktəbi bitirən gələcəyin məşhur cərrahı ilk tibb təhsilini Dağıstanda alıb.

Krım Dövlət Tibb İnstitutunda ali təhsil alan İlizarov bundan sonra həkim kimi fəaliyyətə başlayıb. Onun 1947-ci ildə ixtira etdiyi aparat sınıqların müalicəsində ən effektiv üsullardan sayılır. Dünyaca məşhur Qavriil İlizarovu ixtirasına görə həkim-sehrbaz adlandırırlar. Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavriil İlizarov 1992-ci ildə 71 yaşında vəfat edib.

Bütün həyatı boyu çoxlu sayda əməliyyatlar keçirmiş cərrah 208 tibbi ixtiranın müəllifidir. Onlardan 18-i dünyanın 10 ölkəsində patentləşdirilib.

Qusarda yerləşən özəl tibb müəssisəsinin təşəbbüsü ilə yaradılan abidə öz ixtirası ilə minlərlə insanın sağlamlığına qovuşmasına səbəb olan məşhur həkimin xatirəsinə hörmət əlaməti olaraq ucaldılıb.

3679
Politoloq Elşən Manafov

Politoloq: “Parlament üzvlərinin görüşü əlaqələrin dərinləşdirilməsinə töhfə verir”

0
(Yenilənib 09:52 18.06.2021)
Politoloq Elşən Manafov deyir ki, görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada təsir edir
Elşən Manafov: “Bu görüşləri təbii bir prosesin hissəsi hesab edirəm”

Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, iki ölkənin parlament nümayəndələri arasında mütəmadi olaraq belə görüşlərin keçirilməsi ölkələr arası münasibətlər üçün faydalıdır: “Belə görüşlər iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə töhfə verməklə yanaşı regional təhlükəsizliyin təmin dilməsinə də öz təsirini göstərir. Görüşlər parlament nümayəndələri üçün təcrübə mübadiləsi baxımından da önəmlidir. Görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada töhfəsini verir. Bu görüşləri tamamilə təbii bir prosesin hissəsi hesab edirəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0