Koronavirusa qarşı peyvənd, arxiv şəkli

COVID əleyhinə vaksinin üçüncü dozası: o kimlərə vurula bilər?

112
(Yenilənib 19:14 16.05.2021)
Ekspert deyir ki, insana hansı vaksin vurulubsa, üçüncü doza vaksini də həmin peyvənddən vurulmalıdır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. "Moderna" şirkəti koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açıqlama verib. Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə doza alıblar. 15 gündən sonra analizlər COVID-19-un yeni ştammlarına qarşı anticisimlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozaya bədənin dözümlülüyünü də qeyd edib. Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirus əleyhinə vaksin iki dozada tətbiq edilir. Amma mütəxəssislər bəzi kateqoriya üçün üçüncü doza peyvəndin tətbiqini mümkün hesab edirlər.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa qarşı ölkəmizdə hazırda iki doza vaksinin tətbiqi ciddi zərurətdir. V.Cavadzadə bununla belə, hər iki vaksinin yaratdığı immunitetin müddətinin 6 ay təşkil etdiyini söyləyir:

"Üç ay müddətində virusa yoluxma qeydə alınsa belə, xəstələnmə faizi çox aşağı olur. Amma peyvənd edilən insanlar üç aydan sonra xəstələnə bilirlər. Mən hesab edirəm ki, koronavirus cəmiyyətdə davam edərsə, üçüncü doza vaksinin vurulmasına da ehtiyac duyulacaq".

İnfeksionist bunun səbəbini iki doza vaksin olunan şəxslər arasında xəstələnmə hadisəsinin qeydə alınması ilə izah edir: "Dünyada, eləcə də ölkəmizdə də iki doza vaksin olunan şəxslər arasında xəstələnmə halları baş verib. 6 aydan sonra ola bilər ki, risk qrupuna daxil olan şəxslərə üçüncü doza vaksinin vurulmasına ehtiyac yaransın".

V.Cavadzadə deyir ki, vaksin öldürülmüş virus hissəciyidir. Bu antigen bədənə daxil edildikdə antitellər yaranır. Beləcə də xəstəliyə qarşı bədəndə süni immunitet formalaşır. İnfeksionist bildirir ki, bu antitelin 6 aydan sonra qanda azalması, yaxud da yox olub getməsi prosesi baş verir.

Həmsöhbətimiz bildirir ki, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın zəif olması ölkəmizdə pandemiyanın arzuolunan səviyyədə aşağı düşməsinə mane olur:

"Azərbaycanda 1 milyondan çox əhali vaksinasiyaya cəlb olunub. Bir sıra ölkələrdə isə bu göstərici 70-80 faizə yaxındır. Çox təəssüf ki, Azərbaycanda vaksinasiya prosesi çox ləng gedir. Kimlər ki risk qrupuna daxildir, həmin şəxslərin üçüncü doza vaksin olunması gündəmə gələ bilər".

Ekspert deyir ki, insana hansı vaksin vurulubsa, üçüncü doza vaksini də həmin peyvənddən vurulmalıdır. Onun sözlərinə görə, eyni vaksindən istifadə daha məqsədəuyğundur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvənd strategiyasında üçüncü doza vaksinin tətbiqi nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bununla belə dünya ölkələrində, xüsusilə inkişaf etmiş ölkələrdə üçüncü dozanın tətbiqi ilə bağlı müəyyən fikirlər var. Deputat bildirir ki, üçüncü doza möhkəmləndirilmiş vaksin sayılır. Bununla bağlı qərar ancaq pandemiyanın necə davam edəcəyindən asılı olacaq: "Koronavirus əleyhinə üçüncü doza vaksinin tətbiqi üçün pandemiyanın hansı istiqamətdə davam edəcəyini nəzərə almalıyıq. Həmçinin statistik məlumatlar toplanılmalıdır. Əgər pandemiya hazırkı səviyyədə, yəni sönmək istiqamətində davam edərsə, həmçinin vaksinasiya olunmuş insanların sayı kifayət həddə çatarsa, yoluxmaların sayında da azalma olarsa, üçüncü dozaya ehtiyac olmayacaq. Peyvənd olunmuş əhali faizi 70 faizə çatdıqdan sonra üçüncü doza ilə bağlı qəti fikrə gəlmək olar. Azərbaycan və digər yanaşı ölkələrin peyvənd strategiyasında üçüncü doza nəzərdə tutulmayıb. Təbii ki, zamanla buna qərar verilə bilər", - deyə deputat bildirir.

M.Məmmədli deyir ki, peyvəndlənmiş insanların qanındakı antitellərin səviyyəsi mərhələ-mərhələ ölçülür. Onun sözlərinə görə, əgər antitellərin səviyyəsi yenidən xəstələnmə həddinə çatarsa, bu barədə qərar verilə bilər. O bildirir ki, yalnız bundan sonra üçüncü möhkəmləndirmə dozasının vurulması üzərində düşünmək mümkündür.

M.Məmmədli deyir ki, hal-hazırkı peyvənd strategiyasında üçüncü doza vaksinin tətbiqi nəzərdə tutulmasa da, bu istiqamətdə elmi araşdırmalar aparılır.

Eləcə də oxuyun: 

Azərbaycanda koronavirusa yoluxma sayı azalır - RƏSMİ

Ekspertlərdən həyəcan təbili: Məktəblər açılandan sonra epidemik vəziyyət pisləşəcək

Peyvənd vurduranlar arxayınlaşmamalıdırlar

Quterreş vaksinə qarşı davamlı koronavirus mutasiyalarının əmələ gəlməsini istisna etmir

112
Teqlər:
Azərbaycan, doza, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (84)

Ölkədə koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

286
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

BAKI, 19 iyun - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib. 1 014 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, bu günə qədər isə ümumilikdə 3 668 281 test icra olunub.

Koronavirus bəlası

Xatırladaq ki, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində koronavirusun (COVID) yayılması dünyanın düzənini dəyişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yayılan virusu pandemiya elan etməsindən sonra dünya bu virusla mübarizəyə başladı. Dünyanın əksər ölkələrində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qadağaların tətbiqinə başlandı. Hər ölkə bu gözəgörünməz virus kabusundan yaxa qurtarmaq üçün müxtəlif məhdudiyyətlər həyata keçirdi. Koronavirus pandemiyası Azərbaycanda da həyatın axarını dəyişdi. Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı.

Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Hazırda ölkəmizdə koronavirus əleyhinə vaksinasiya uğurla davam etdirildiyindən ölkəmizdə karantin qaydalarının yumşaldılması davam edir.

286
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qazilərə protezlər təqdim olunub

Artıq 66 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib

8
(Yenilənib 15:56 19.06.2021)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.

BAKI, 19 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha iki qazimizi - Məmişov Bəşir Məhəddin oğlunu və Hüseynəliyev Faiq Bəhruz oğlunu yüksək texnologiyalı protezlərlə təmin edib.

Nazirlikdən verilən məlumata görə, onlar Qubadlı uğrunda gedən döyüşlərdə yaralanıblar. Hər iki qazimiz əvvəlcə Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində ilkin müayinə olunublar. Protezləşməyə hazırlıq mərhələsindən sonra isə onlara yüksək texnologiyalı protezlər təqdim olunub.

Bu geniş funksiyalı müasir reabilitasiya vasitələri istifadəçilərə köməkçi vasitələr olmadan sərbəst hərəkətə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, eləcə də idmanla məşğul olmağa və s. imkan verir. 

Nazirlik tərəfindən artıq 66 qazimiz yüksək texnologiyalı protezlərlə təmin edilib.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq başlamış Azərbaycan Ordusunun əks-hücumu başladı.

Oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Şəhid olanlar, itkin düşənlər və yaralananlar

Müdafiə Nazirliyinin son məlumatına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində 2904 hərbi qulluqçusu şəhid olub, 10 nəfər isə itkin düşmüş hesab edilir. 1250-dək hərbçimiz isə yaralanıb.

8
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

62
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

62