Hindistanda vəziyyət

Koronavirusun müalicəsində yeni ümid

21
(Yenilənib 22:44 27.04.2021)
"Pfizer" virusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsinə və ya reanimasiyada qalmasına ehtiyac olmadan sağalmasına imkan verən yeni həb hazırlayıb.

BAKI, 27 aprel — Sputnik. "Pfizer" tərəfindən koronovirusa qarşı işlənib-hazırlanan və "PF-07321332" şərti adı ilə təcrübədən keçirilən dərman preparatı bu ilin sonuna kimi satışa buraxa bilər. Bu barədə Sputnik Türkiyə məlumat yayıb.

Məlumatda bildirilir ki, sözügedən preparat üzərində işə mart ayında başlanılıb. "Pfizer"-in dünya miqyaslı Tədqiqat, inkişaf və tibb bölümünün rəhbəri Mikael Dolsten bu barədə məlumat verərək qeyd edib: "Biz "PF-07321332" dərmanını virusa yoluxmuş insanların xəstəxanaya yerləşdirilməsinə və ya reanimasiyada qalmasına ehtiyac olmadan, infeksiyanın ilk əlamətlərində tətbiq oluna bilən potensial oral terapiya şəklində hazırlamışıq".

Qeyd edək ki, preparatın bir aya yaxındır ki, davam edən sınaqlarında 18-60 yaş arası könüllülər iştirak ediblər.

Məlumatda o da bildirilir ki, koronavirusa yoluxan insanlara dərmanın necə təsir göstərdiyini müəyyənləşdirmək üçün əlavə sınaqlara ehtiyac var. Odur ki ilkin sınaqların nəticələri ümidverici olsa belə, preparat ən tez bu ilin sonunda satışa buraxıla bilər.

21

Vaksinasiya mövsümi xarakter daşıya hər il ola bilər - nazir əvəzi

12
(Yenilənib 12:51 06.05.2021)
Teymur Musayev: Ölkəmiz bununla əlaqədar Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparır.

BAKI, 6 may — Sputnik. Hər bir vaksin təhlükəsiz və effektivdir. Təkcə bu gün 1600 nəfər ilk dozanı alıb. İkinci dozanı isə ümumilikdə 600 min nəfər artıq alıb. İki dozanı alanlar arasında yoluxma səviyyəsi çox aşağıdır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu gün Nazirlər Kabinetinin brifinqində deyib.

O bildirib ki, iki dozanı alan şəxslər yoluxarkən xəstəliyi daha yüngül keçiriblər.

"Elmi çevrələrdə vaksinasiyanın mövsümi xarakter daşıyacağı göstərilir. Bu isə o deməkdir ki, mövsümi qrip vaksinasiyası kimi COVID-19 vaksininə ehtiyac duyulur", - deyə nazir əvəzi əlavə edib. 

O bildirib ki, qrip vaksini kimi koronavirus vaksini də hər il vurula bilər. Ölkəmiz bununla əlaqədar Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparır.

 

12
Hamilə qadın, arxiv şəkli

Erkən hamiləlik, erkən doğumlar - Azərbaycanda son vəziyyət

10
"Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır" - Baş mama-ginekoloq.

BAKI, 5 may — Sputnik. Bu gün Beynəlxalq Həkim-Mama Günüdür. Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova ölkəmizdə erkən doğumların statistikasının azalmağa doğru getdiyini deyir. Sputnik Azərbaycan baş mama-ginekoloqun müsahibəsini təqdim edir:

- Günün mahiyyəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.

- 1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.

- Hamiləliyə hazırlıq üçün nələr etmək lazımdır? Bu prosesdə diqqət etməli olduğumuz əsas məqamlar hansıdır?

- Ümumi hamiləlik hər bir qadın üçün sanki bir sınaqdır. Hamiləlik müddətində qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da gələcək uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır. Övlad sahibi olmağı planlayan hər bir cütlük mütləq şəkildə ümumi müayinələrdən keçməlidir. Bura qanın əsas göstəricilərini müəyyən edən analizlər aiddir. Çünki, bu prosesdə əsas diqqət etdiyimiz məqamlar anadangəlmə xəstəliklərin-qüsurların olmasıdır. Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa, hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir daha da ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfindən müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən daha ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda isə qadınların hamiləliyi mütləq müştərək şəkildə həkim mama-ginekoloq və daha ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda həkim tərəfindən hamiləliyin müəyyən kritik dövrlərində xəstəxanaların patologiya şöbələrinə hospitalizasiya olunaraq müalicə almaları mütləqdir.

- İki doğuş arasındakı zaman fərqi ana sağlamlığı baxımından neçə il olaraq dəyərləndirilir?

- Hətta doğuşdan sonrada zahılığın 42 günü ərzində qadına nəzarət həkim mama-ginekoloq tərəfindən aparılır. Bu səbəbdən həkim mama-ginekoloqun hər bir qadının həyatında oynadığı rol danılmazdır. Ümumi hər iki doğuş arasındakı zaman 2-ildən az olmamalıdır. Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən qorunmaq vacibdir, bu ananın və uşağın həyatına ciddi təhlükə yarada bilər.

- Keysəriyyə əməliyyatından sonra normal doğuş mümkündürmü?

-  Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə nəzəri olaraq bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu bilavasitə təkrar cərrahi doğuşa göstərişdir.

- Ümumiyyətlə keysəriyyə əməliyyatından sonra növbəti doğuş neçə il fasilə ilə tövsiyə olunandır?

- Keysəriyyə əməliyyatından sonra növbəti doğuş ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu, əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa, onun durumundan asılı olan bir zamandır. Adətən bu suallara həkim mama-ginekoloq qadın məsləhətxanası şəraitində mavafiq müayinələr keçirildikdən sonra tövsiyəsini verir.

- Erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların hansı riskləri var?

- Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir.

10
Xəzər dənizinin sahilində ölü suiti, arxiv şəkli

Xəzər sahilində 150-dən çox suiti cəsədi aşkar olunub

0
(Yenilənib 16:19 06.05.2021)
Son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub.

BAKI, 6 may — Sputnik. İki gün ərzində alimlər Xəzər dənizi sahilində 150-dən çox suiti cəsədi aşkar ediblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hələ ki, Xəzər suitilərinin kütləvi qırılmasının səbəbləri məlum deyil.

"Birinci gün təqribən 30 ölü suiti aşkar edilib. Onlar əsasən cavan fərdlər idi və onların da əksəriyyəti dərisiz idi. İkinci gün isə biz başqa mənzərənin şahidi olduq, daha 125 suiti cəsədi aşkar etdik. Onların arasında yaşlı heyvanlar da var. Dəhşətli mənzərədir, hər 50-100 metrdən bir heyvan cəsədi var", - deyə "Dəniz məməliləri" elmi-ekspedisiya mərkəzinin təbiəti mühafizə layihələrinin əlaqələndiricisi Viktor Nikiforov bildirib.

Onun sözlərinə görə, hazırda heyvanların ölümünün dəqiq səbəbini müəyyən etmək mümkün deyil.

"Balıqçılıq, iqlimin çirklənməsi və başqa səbəblər ola bilər. Hazırda ən vacib məsələ suiti populyasiyasının ilboyu monitorinqinin təşkilidir və biz də, tərəfdaşlarımız da buna çalışırıq", - deyə Nikiforov vurğulayıb.

Əlaqələndirici onu da deyib ki, vəziyyət elə miqyas alıb ki, ölən heyvanların sayı arta da bilər, lakin bunu dəqiq demək olmaz.

2020-ci ilin dekabr ayında Xəzər dənizinin Dağıstan sahillərində 300-dən çox ölü suitinin aşkar olunduğu barədə xəbər yayılıb. Alimlərin qənaətinə görə, heyvanların qırılmasının əsas səbəbi təbii təbiət amilləri olub.

Qeyd edək ki, son illər Xəzərin Dağıstan sahillərində suiti cəsədləri bir neçə ildən bir dövriliklə aşkar olunur. Belə ki, bu cür hallar 2012 və 2016-cı illərdə təkrar olunub. 2016-cı ilin noyabrında Xəzər dənizində baş verən uzun sürən davamlı fırtınalardan sonra Dağıstan sahillərində suiti cəsədləri aşkar olunub. Həmin hadisə zamanı müxtəlif yaşlı 300 suiti cəsədi aşkar olunub. Heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbi o zaman da müəyyən olunmayıb.

Xəzər suitisi (Pusa caspica Gmelin) Xəzər dənizində yaşayan yeganə məməlidir və dünyada ən kiçik qulaqsız suiti növlərindən biridir. O, yem zəncirinin başında dayanaraq həm də hövzənin ekoloji vəziyyətinin önəmli göstəricisi rolunu oynayır. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox olub. Növbəti yüz il ərzində tənzimlənməyən ov, çirklənmə və digər səbəblərdən rəqəm xeyli azalaraq 1996-cı ildə "IUCN" adı altında tanınan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı siyahı"sına vəziyyəti "zəif" statusu ilə daxil olub.

 

0