Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

"Böyrək xəstəliyi olanlar vaksin oluna bilərmi?" sualına aydınlıq gətirildi

20
(Yenilənib 13:32 27.04.2021)
"Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri analoji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir" - Baş nefroloq

BAKI, 27 aprel — Sputnik. Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev bildirir ki, həm xroniki böyrək, həm dializ alan, həm də transplantasiya olunan xəstələr vaksinasiya oluna bilər. Sputnik Azərbaycan baş nefroloqun müsahibəsini təqdim edir:

- Böyrək xəstələri COVID-19 risk qrupları sırasına aid edilirmi?

- Xroniki böyrək xəstəlikləri, xüsusi ilə dializ müalicəsi alan və transplantasiya olunmuş xəstələr COVID-19 risk qrupuna aiddir.

- Böyrək xəstələri COVID-19-a qarşı hansı tədbirləri görməlidir?

- Xəstəliyin vaxtında müalicə olunması üçün həkimə müraciət etməli, yanaşı olaraq şəkərli diabet və hipertoniya xəstəliyi varsa, onların dərman korreksiyasına nail olmalı, hər hansı simptom baş verərsə dərhal həkimə müraciət etməlidir.

- COVID-19-a qarşı risk dərəcəsinə görə kəskin və xroniki böyrək xəstələri arasında fərq varmı?

- Həm kəskin, həm də xroniki böyrək xəstələri eyni dərəcədə COVID-19 risk qrupuna aiddir. Amma xroniki xəstəliyi olanlar daha çox həssas qrup hesab edilir.

- Böyrək xəstəliyi və COVID-19 müalicəsi necə aparılır?

- Böyrək xəstəlikləri olan xəstələrdə COVID-19 infeksiyası baş verərsə, müalicə tədbirləri analoji qaydada aparılır, lakin bəzi preparatların istifadəsinin həkim-nefroloq tərəfindən korreksiya edilməsi məsləhətdir.

- Ən çox verilən suallardan biri, böyrək xəstəliklərindən əziyyət çəkən insanlar COVID-19-a qarşı peyvənd oluna bilərmi?

- Həm xroniki böyrək xəstələri, həm dializ alan xəstələr, həm də transplantasiya olunanlar vaksinasiya oluna bilər və tövsiyə olunur. Lakin arterial hipertensiya və şəkərin qandakı miqdarının nəzarəti aparılmalıdır.

Xroniki böyrək xəstələri, dializ alan və transplantasiya olunan xəstələr xüsusilə məsuliyyətli olmalı, xəstəliyin ən az əlamətlərinə şübhə olduğu halda izolyasiya olunmalı və həkimə müraciət etməlidir. Əsasən də dializ olunan və transplantasiya əməliyyatı keçirmiş xəstələrdə daim immunodefisit vəziyyət olduğu üçün bu qrup xəstələrin ətraf ictimai mühitlə təmasları minimuma endirilməlidir.

20

Bu gün 25 mindən çox insan vaksin vurdurub

5
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

5

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

14
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

14