Sürücülük vəsiqəsi

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış pulludur? Rəsmi açıqlama

2295
(Yenilənib 00:33 26.04.2021)
Vətəndaşlar əvvəllər sürücülük vəsiqəsi üçün tələb olunan bu arayışa pul ödəmədiklərini, icbari tibbi sığortanın tətbiqindən sonra rüsum müəyyənləşdirildiyini söyləyirlər.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. İcbari tibbi sığortaya keçiddən sonra bəzi arayışlar üçün pul tələb olunması müəyyən narazılıqlara səbəb olub. Sosial platformada sürücülük imtahanı vermək üçün sağlamlıq haqqında tibbi arayışın ödənişli olması, buna görə vətəndaşlardan 30 manat tələb olunması səbəbindən şikayətlənənlər də var. Seymur Baxşev adlı sosial şəbəkə istifadəçisi bildirib ki, Şirvan Rayon Mərkəzi Xəstəxanasında sürücülük imtahanında iştirak etmək üçün sağlamlıq haqqında tibbi arayışa 30 manat ödəyib. Vətəndaş əməkhaqqından icbari tibbi sığorta haqqı ödədiyini bildirərək, arayış üçün əlavə ödənişin tələb olunmasından narazıdır.

Sputnik Azərbaycan-a İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış və iş yerinə təqdim edilən sağlamlıq haqqında arayış ödənişlidir. Digər arayışlar isə pulsuzdur. Qurumun sözçüsü Aynurə Əhmədova onu da qeyd edib ki, 18 yaşına qədər uşaqlar üçün də arayış pulsuzdur. Bundan əlavə, hərbi xidmətə çağırılanların tibbi müayinəsi və arayışı üçün ödəniş tələb olunmur. Onun sözlərinə görə, sürücülük vəsiqəsi almaq tibbi arayış 30 manat, sağlamlıq haqqında arayış isə 15 manatdır:

"Lakin bəzən sağlamlıq haqqında arayışa psixoloqun və ya narkoloqun rəyi tələb edilərsə, bu zaman 30 manat ödəniş edilir. Yəni bu zaman iki arayış üçün pul hesablanır".

Onun sözlərinə görə, obliqat qruplar üçün isə 3 ildən bir müayinə və arayışlar pulsuzdur: "İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 18 yaşa qədər uşaqların sağlamlıq vəziyyətinin cari müayinəsi ilə bağlı arayış və hərbi xidmətə çağırılanların tibbi müayinəsi ilə bağlı arayışlar daxildir. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış və iş yerinə təqdim edilməsi tələb olunan sağlamlıq haqqında arayış icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil deyil. Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış 30 manat (ƏDV daxil), sağlamlıq haqqında iş yerinə edilməsi tələb olunan arayış 15 manat (ƏDV daxil) təşkil edir. Bəzi hallarda, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış üçün əlavə olaraq ixtisaslı həkimlərin (məsələn psixoloq, narkoloq) müayinəsi tələb oluna bilər. Bu zaman məbləğ müayinələrdən asılı olaraq müəyyənləşir", - deyə A.Əhmədova bildirib.

Qeyd edək ki, sürücülük imtahanı vermək üçün tibbi arayış alan vətəndaş 8 ixtisaslı həkim müayinəsi, 1 laborotor müayinə, 1 kardioloji, 1 rentgen müayinəsindən keçir. Buraya həkim-terapevtin, həkim-otolarinqoloqun, həkim-oftalmoloqun, həkim-cərrahın, həkim-nevropatoloqun, həkim-endokrionoloqun və ixtisaslı həkimin baxışı, eləcə də qanda qlükozanın kəmiyyətinin təyini, elektrokardioqramma, flüoroqrafiya müayinələri daxildir.

Vətəndaşlar əvvəllər sürücülük vəsiqəsi üçün tələb olunan bu arayışa pul ödəmədiklərini, icbari tibbi sığortanın tətbiqindən sonra rüsum müəyyənləşdirildiyini söyləyirlər.

Adil Qeybulla Sputnik Azərbaycan-a bildirib ki, vətəndaşların daha çox müraciət etdiyi arayışların icbari tibbi sığortanın Xidmətlər Zərfinə salınması vacibdir. Onun sözlərinə görə, gələcəkdə Xidmətlər Zərfinə daxil olan xidmətlərin sayı artırıldıqca bu məqam nəzərə alınmalıdır:

"Əgər hazırda buna görə vətəndaşdan pul tələb olunursa, bunun mütləq qəbzi vətəndaşa təqdim olunmalıdır. Vətəndaş da bilməlidir ki, ödədiyi vəsait hansı qurumun büdcəsinə gedir".

Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a bildirib ki, hazırda tibbi xidmətin ödənişinin böyük hissəsi dövlət tərəfindən qarşılanır, digər hissəsi sığorta hesabına ödənilir: "İcbari tibbi sığortada bu məsələ bu cür tənzimlənir. Dövlət müəyyən qruplardan olan əhalinin icbari tibbi sığorta haqqını ödəyir. Digər işləyən qruplar isə icbari tibbi sığortadan bəhrələnmək üçün əməkhaqqından müəyyən vəsait ödəyirlər. Bununla belə, yenə tibbi xidmətin xərcinin böyük hissəsini dövlət qarşılayır. Arayışların ambulator sığorta paketinə salınması doğru olmaz. Həmin xidmətin qarşılığı xidməti tələb edən vətəndaş tərəfindən ödənilir. Bu gün icbari tibbi sığorta paketinə daxil olmayan xidmətlərə görə alınan vəsait isə xəstəxananın maddi-texniki bazasının gücləndirilməsinə sərf edilir".

2295
Teqlər:
sürücülük vəsiqəsi, etiraz, pullu, icbari tibbi sığorta, arayış
Əldə telefon, arxiv şəkli

Rusiyada COVID-19-un aşkar edilməsi üçün mobil tətbiq işə salınıb

5
(Yenilənib 20:46 18.05.2021)
Bu günə qədər mobil tətbiqə COVID-19 pasiyentlərinin 3000-ə qədər şəxssizləşdirilmiş səs yazısı inteqrasiya olunub və hazırda onun dəqiqliyi 82%-ə çatıb

BAKI, 18 may — Sputnik. Cari ilin yanvar ayında "Sberbank" mütəxəssisləri bir dəqiqə ərzində nəfəs və öskürək əsasında koronavirusun aşkar edilməsi üçün mobil tətbiqi istifadəyə veriblər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, hazırlanmış alqoritmi artıq "Google Play" və "App Store" platformasından yükləmək mümkündür, lakin yeni tətbiq diaqnostik test deyil.

""Sberbank"-ın süni intellekt laboratoriyası bankın ekosisteminə daxil olan "SberMedİİ" ilə birlikdə nəfəs və öskürək səsini təhlil edərək insanda COVID-19-a xas əlamətlərin olub-olmadığını müəyyən edən "AI Resp" tətbiqini hazırlayıb", - deyə bankın idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin bildirib.

Vedyaxin onu da deyib ki, yanvar ayında tətbiq işə salındıqdan bu günə qədər mobil tətbiqə COVID-19 pasiyentlərin 3000-ə qədər şəxssizləşdirilmiş səs yazısı inteqrasiya olunub və hazırda onun dəqiqliyi 82%-ə çatıb.

"Sberbank-ın süni intellekt laboratoriyasının artıq kifayət qədər yüksək texnoloji tibbi layihələr portfeli var. Belə ki, bizim işlərimiz süni intellekt əsasında elektron tibbi kartlardakı qeydlər əsasında diaqnoz qoymağa imkan verir və kompüter tomoqrafiyası şəkillərində pnevmoniyaya xas olan dəyişiklikləri aşkar edir. Hazırda biz həkimlərin işini asanlaşdıracaq və insan həyatını xilas edəcək silsilə qabaqcıl həllər üzərində işləyirik. "AI Resp" də bu cür perspektiv həllərdən biridir", - deyə sədr müavini bildirib.

5
Yaşlı insanlar

111 yaşlı kişi uzunömürlülük üçün gözlənilməz vasitənin adını açıqlayıb

17
"Dayanmadan nəfəs al, gündə üç dəfə ye, vaxt özü keçəcək", - deyə ağsaqqal çox yaşamaq istəyənlərə məsləhət görüb.

BAKI, 18 may — Sputnik. Hazırda həyatda olan avstraliyalı qocamanlardan biri Dekster Krüqer uzunömürlülüyünün səbəbini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Krüqer bir əsrdən çox yaşamasının səbəbi kimi hər şeydən əlavə xüsusi olaraq hazırlayıb qəbul etdiyi ləziz yeməyi göstərib.

"Toyuq beyni... Bilirsiniz ki, toyuqların başı var. Başın içində isə beyin var. Bunlar balaca, dadlı şeylərdir", - deyə Krüqer jurnalistlərlə söhbətində bildirib.

"The Independent" məcmuəsinin verdiyi məlumata görə, Roma şəhərinin qocalar evində yaşayan ahıl hər gün 10 ədəddən çox dəniz xərçəngi yeyir, tez-tez oxuyur və ya zümzümə edir.

"Dayanmadan nəfəs al, gündə üç dəfə ye, vaxt özü keçəcək", - deyə ağsaqqal çox yaşamaq istəyənlərə məsləhət görüb.

Avstraliyalı ahıl onu da bildirib ki, onun həyatında yaxşı şeylər pis hadisələrdən daha çox olub. Baxmayaraq ki, qoca iki dünya müharibəsinin, Böyük depressiyanın və çoxsaylı quraqlıqların şahidi olub.

Ahıl əmindir ki, bəşəriyyət COVID-19 pandemiyasının öhdəsindən gələcək.

"Mən iribuynuzlu mal-qara ilə işləmişəm. Biz peyvəndlərin köməyi ilə bir çox ciddi problemləri həll etmişik", — deyə Krüqer bildirib.

Qeyd edək ki, Krüqer ömrü boyu fermer olub, 86 yaşında, həyat yoldaşı dünyasını dəyişəndən sonra kitab yazmağa və şeirlər qoşmağa başlayıb. İndiyə qədər ağsaqqal 300-dən çox hekayə yazıb, 12 kitab nəşr etdirib. Sonuncu kitabı 109 yaşında çıxmış qoca hazırda tərcümeyi-halı üzərində çalışır.

Həmçinin oxuyun:

Kişilərdən imtina etməklə çox yaşamaq mümkün imiş…

Yaxşılar çox yaşamazmış, cəmi 6 həftə...

17

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35