Həkim, arxiv şəkli

Səhiyyəmiz təlatümdə - Həkimlərin həbs dalğası genişlənə bilər

1021
(Yenilənib 21:42 23.04.2021)
"Azərbaycan pandemiya ilə yanaşı, eyni zamanda korrupsiya ilə mübarizədə də geniş işlər həyata keçirir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Koronavirus xəstələrinin müalicəsində ixtisaslaşmış iki xəstəxana rəhbərinin korrupsiya əməlinə görə həbsi mətbuatda bu cinayətdə yüksək məmurların əlinin olduğuna dair ittihamların səslənməsinə səbəb olub. Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əlməmməd Nuriyev bildirib ki, bu hadisə ilə bağlı yeni şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir. 

Əlməmməd Nuriyev qeyd edib ki, Baş Prokurorluğun həbs edilən şəxslərlə bağlı məlumatında onların korrupsiya cinayətlərində ittiham olunduğu bildirilir: "Prokurorluğun xəbərində bütövlükdə bu şəbəkənin necə qurulması ilə bağlı məlumat verilib. Məlum olub ki, bu cinayətdə həm xəstəxanada çalışan, həmçinin də kənardan cəlb edilən şəxslərin köməyindən istifadə edilib. Bu, klassik korrupsiya sxemidir. Həmçinin, burada rüşvət almada təkrarlıq var", - deyə Ə.Nuriyev bildirib.

Hüquqşünasın sözlərinə görə, bu cinayət dövlətin pandemiya ilə mübarizə tədbirlərinə kölgə salır: "Bir ildən artıqdır ki, dünya COVID-19-un cəngindədir. Azərbaycan pandemiyanın təsirlərini azaltmaq üçün çox ciddi tədbirlər görür. Burada əsas yük səhiyyənin üzərinə düşür. Bu baxımdan da modul xəstəxanalar inşa edildi ki, xəstələrin tələbatını qarşılaya bilsin. Bu istiqamətdə çox böyük tədbirlər görüldü.

Çox təəssüf ki, bu genişmiqyaslı işlərin həyata keçirilməsi zamanı nöqsanlara yol verildi. COVID-19-un müalicəsində dərmanların pulla satılması, xəstələrin yerləşdirilməsi üçün pul tələb olunması halları üzə çıxdı. Qeyd edim ki, Azərbaycan pandemiya ilə yanaşı, eyni zamanda korrupsiya ilə mübarizədə də geniş işlər həyata keçirir. Bu gün tibb işçilərinin pandemiya ilə mübarizədə rolu əvəzsizdir. Amma unutmaq olmaz ki, dövlət həm stimullaşdırır, həm mükafatlandırır, nöqsan olduqda isə cəzalandırır. Çox təəssüf ki, bu sahədə ciddi nöqsanlar üzə çıxdı".

Ə.Nuriyev deyir ki, istintaq orqanları həbs edilən şəxslərin fəaliyyətini bu işdə qiymətləndirəcəklər: "Çox təəssüf ki, qanunsuz hərəkətlər artıq baş verib. Dövlətin bu fəaliyyətinə kölgə salmaq olmazdı. Bəzi məmurlar bu səhvə artıq yol veriblər. Bu digər şəxslərə görk olmalıdır. Həmçinin bu hadisə ilə bağlı yeni şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi istisna edilmir".

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev və onların əlaltıları həbs olunublar. Həmin şəxslər koronavirus xəstələrinin tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsində ittiham edilirlər.

Bu gün isə Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun işləri müvəqqəti olaraq elə bu gün dövlət başçısının sərəncamı ilə yaradılan səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuş Teymur Musayevə həvalə olunub.

1021
Teqlər:
korrupsiya, həbs, cinayət, Həkimlər
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

2
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

2
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

12
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

12
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər