Tibbi sığorta

İşsizlərə şad xəbər: İcbari Tibbi Sığortadan onlar da yararlana bilərlər

20
(Yenilənib 22:05 21.04.2021)
İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da Xidmətlər Zərfidir. Xidmətlər Zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

BAKI, 21 aprel — Sputnik. Hazırda ölkədə həm işləyən, həm də işsiz vətəndaşlar İcbari Tibbi Sığortanın tibbi xidmətlərindən istifadə edə bilərlər. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.

Onun sözlərinə görə, işsiz vətəndaşların sığorta haqqı dövlət tərəfindən ödənilir: "İcbrai Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da Xidmətlər Zərfidir. Xidmətlər Zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

Hazırda İcbrari Tibbi Sığortadan həm sığorta haqqı ödəyən, həm də ödəməyən hər bir vətəndaşın istifadə imkanı var. Belə ki, 2024-cü ilə qədər sığorta haqqı ödəməyənlərə güzəştlər edilib və onların sığorta haqqı dövlət tərəfindən ödənilir".

20
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19-a yoluxanların sayı azaldı

12
(Yenilənib 16:52 08.05.2021)
Ölkədə indiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

BAKI, 8 may — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb, 1 720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 326 056 nəfər koronavirusa yoluxub. Onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16 810 nəfərdir.

Azərbaycanda son gün ərzində 10 244, hazırkı dövrədək isə 3 321 511 test aparılıb.

12
Həkim, arxiv şəkli

Azərbaycan səhiyyəsində ilk - bir xəstəyə iki qaraciyər köçürüldü

10
Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün olub və o, hepatit B təhlükəsindən də azad edilib.

BAKI, 8 may — Sputnik. "Mərkəzi Klinika"da ölkədə ilk dəfə olaraq qaraciyər sirrozundan əziyyət çəkən bir xəstəyə iki qaraciyər transplantasiyası uğurla yerinə yetirilib. Bu, dünyada ən mürəkkəb və riskli əməliyyat hesab edilir. Belə əməliyyatlara dual qaraciyər transplantasiyası deyilir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu əməliyyatı aparan cərrah-transplantoloq Mircəlal Kazımi deyib.

O bildirib ki, xəstə uzun müddət hepatit B ilə əlaqəli qaraciyər sirrozundan əziyyət çəkib: "Bununla əlaqədar xarici ölkələrdə də müayinədə olub. Tək çarəsi qaraciyər transplantasiyası idi. Əksər hallarda belə vəziyyətdə donor rolunu xəstənin yaxın qohumları oynayır. Lakin bu dəfə xəstə üzərində əməliyyat aparmaq üçün bir donor kifayət etmirdi. Ona görə də iki donorun hər birinin qaraciyərindən bir pay götürülərək qaraciyər transplantasiyası aparılmasına qərar verildi. Könüllü olaraq donor kimi bacısı və xalası oğlu əməliyyata hazırlandı. Təxminən iki həftə ərzində uzun və çətin bir yol keçdik. 12-14 saat çəkən transplantasiya prosesi uğurla yekunlaşdı. Əməliyyat nəticəsində xəstənin həyatını xilas etmək mümkün oldu və o, hepatit B təhlükəsindən də azad edildi".

M.Kazımi xatırladıb ki, 2008-ci ildən indiyədək Azərbaycanda 1500-ə yaxın xəstə üzərində qaraciyər və böyrək transplantasiyası aparıb.

Klinikanın baş həkiminin müavini, ümumi cərrah Zaur Xəlilov isə əməliyyatın mürəkkəbliyi haqqında danışıb: "Hər donor üzərində əməliyyat 5-6 saat davam etdi. Bu əməliyyatın uğurlu alınmasında xəstəxananın anesteziologiya və reanimotologiya bölməsində çalışan tibb işçilərinin və bütün kollektivin çox böyük əməyi var. Eyni zamanda, xəstənin həyata qayıtması üçün sağlamlıq problemi olmadan donor kimi çıxış edən xəstənin yaxınlarının fədakarlığı da hər cür təqdirə layiqdir".

Donorlar artıq evə buraxılıb, xəstə isə yaxın günlərdə evə yazılacaq.

10
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

0
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

0