Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

TƏBİB Sinovac müəmmasına aydınlıq gətirdi, ÜST isə "CoronaVac"ı siyahıya salmadığını dedi

2441
(Yenilənib 18:27 15.04.2021)
TƏBİB: "Azərbaycan bütün vaksin namizədlərin alınması istiqamətində danışıqlar aparır və əhaliyə də seçim verilir. Bizim üçün vaksinin təhlükəsizliyi çox önəmlidir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Funun Çin vaksinlərinin yüksək qoruma göstəricisinin olmadığı barədə açıqlaması Azərbaycanda da insanlar arasında ciddi narahatçılığa səbəb olub. Belə ki, Çin ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu Çin vaksinlərinin yüksək qoruma göstəricisi olmadığını söyləyib. O, həmçinin bildirib ki, Çin rəhbərliyi müxtəlif istehsal olan peyvəndlərin qarışdırılması (ayrı-ayrı peyvəndlərin vurulması) imkanını nəzərdən keçirir. Braziliyada keçirilən kliniki araşdırmalar nəticəsində məlum olub ki, Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin preparatının effektivliyi 50,04%-dir. Müqayisə üçün, Rusiya istehsalı "Sputnik V" və ABŞ/Almaniya istehsalı "Pfizer" peyvəndində bu göstərici 95 faizdən artıqdır.

Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli
© REUTERS / ATHIT PERAWONGMETHA

Ölkəmizdə əhaliyə koronavirus əleyhinə Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin vurulduğunu nəzərə alsaq, bu ölkənin vaksininin effektsizliyi ilə bağlı səslənən fikrindən sonra narahatçılıq başa düşüləndir.

Sputnik Azərbaycan Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin ölkəmizdə tətbiqindən öncə laborator şəraitdə effektivliyinin yoxlanılmasını, hazırkı şəraitdə vaksinin vurulmasına zərurət olub-olmadığını araşdırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan bürosunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fanara Bünyadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus əleyhinə penvəndlərlə bağlı ÜST-ün təcili istifadə siyahısı var. Həmin siyahıda koronavirus əleyhinə Çinin "Sinovac Biotech Ltd" farmakoloji şirkətinin istehsalı olan "CoronaVac" peyvəndinin adı yoxdur:

"ÜST tərəfindən hələ ki, bu vaksin qiymətləndirilir. Pfizer/BioNTech COVID-19 peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının təcili istifadə üçün təsdiq etdiyi ilk peyvənd oldu. 15 fevral tarixindən isə "AstraZeneca/Oxford COVID-19" peyvəndi ÜST tərəfindən təsdiq olunaraq təcili istifadə siyahısına daxil edilib və bununla da COVAX vasitəsi ilə bu peyvəndin qlobal səviyyədə paylanması üçün yaşıl işıq yandırılıb. Amma "CoronaVac" peyvəndi ÜST-ün təcili istifadə siyasında hələ ki, yer almayıb".

Məlumat üçün bildirək ki, ÜST-ün sözçüsü Marqaret Harris açıqlamasında bildirib ki, aprelin sonunda Çində istehsal olunan "Sinovac" və "Sinopharm" peyvəndlərinin sınağından sonra onun təcili istifadəsini təsdiqləyə biləcəklər. O, bunu belə əsaslandırıb: "Bu iki peyvənd haqqında məlumatlar gözlədiyimizdən daha yavaş gəlir və daha çox məlumatlara ehtiyacımız var". Harris, "məxfilik" səbəbi ilə bu mövzuda başqa bir şərh edə bilməyəcəyini söyləyib.

TƏBİB-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, ayrı-ayrı ölkələr vaksinin effektivliyi ilə bağlı müxtəlif nəticələr elan edə bilər.

"Türkiyədə aparılan araşdırmaların nəticələrinə əsasən isə sözügedən vaksinin 83 faiz effektiv olduğu və ağırlaşmaya qarşı da yüksək təsir göstərdiyi təsdiqlənib. Ümumiyyətlə, ÜST 47-48 faizdən artıq effektivliyi olan vaksinləri belə, yararlı və təsirli hesab edir. Digər tərəfdən, aparılan araşdırmalara görə, vaksinasiya olunmuş şəxslər ya xəstəliyə tamamilə tutulmur, ya da yüngül keçirir. Bu, çox mühüm amildir. Bununla belə, qeyd edək ki, Azərbaycan bütün vaksin namizədlərin alınması istiqamətində danışıqlar aparır və əhaliyə də seçim verilir. Bizim üçün vaksinin təhlükəsizliyi çox önəmlidir".

İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinlər hazırlanma texnologiyalarına görə fərqlənsə də, məqsəd virusa qarşı immunitet yaratmaqdır:

"Heç bir vaksin 100 faiz effektiv ola bilməz. Orqanizmin peyvəndə immun cavabı var. O ki qaldı "Sinovac" peyvəndinin effektivlik faizinə, biz bu vaksinə ona görə müraciət etdik ki, qardaş Türkiyə vaksinin effektivliyini yoxladı. Azərbaycanda belə bir laboratoriya yoxdur. Türkiyə vaksinin 80 faizdən çox effekt verdiyini açıqladı. Bundan əlavə, Azərbaycan vaksini ilk alan ölkələrdəndir. O vaxt koronavirus əleyhinə ən effektiv vaksin "Sinovac" vaksini hesab olunurdu. Vaksin bir insan həyatını qurtarırsa, vurulmamaqdan yaxşıdır. Nəzərə almaq lazımdır ki, dünyada vaksinlərlə bağlı müxtəlif fikirlər dolaşır. Bunların bəziləri biznes əhəmiyyəti daşıyır".

V.Cavadzadə deyir ki, Azərbaycan vaksin alarkən öz imkanlarını da nəzərə alıb: ""Pfizer" vaksininin saxlanması üçün mənfi 70 dərəcədə soyuducu lazımdır. Soyuq zəncirə bu vaksinin daşınmasında, vurulmasında da əməl etmək lazımdır. Bütün poliklinikalarda 70 faiz soyudan soyuducular quraşdırılmalıdır. Bütün bunları nəzərə alsaq, Azərbaycan Türkiyənin də istifadə etdiyi vaksini seçdi".

İnfeksionist bildirir ki, Avropa ölkələrində ayrı-ayrı peyvəndlərdən istifadə edilir, amma yoluxma artır: "Yoluxma sayının artmasını vaksin seçimi ilə izah etmək doğru deyil. Almaniya bir, Rusiya başqa vaksindən istifadə edir. Amma hamısında yoluxma artır. Bunun hansı vaksini seçməklə bağlı əlaqəsi yoxdur. Dünyada elə vaksin yoxdur ki, ömürlük qorusun".

2441

Vaksinasiya mövsümi xarakter daşıya hər il ola bilər - nazir əvəzi

12
(Yenilənib 12:51 06.05.2021)
Teymur Musayev: Ölkəmiz bununla əlaqədar Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparır.

BAKI, 6 may — Sputnik. Hər bir vaksin təhlükəsiz və effektivdir. Təkcə bu gün 1600 nəfər ilk dozanı alıb. İkinci dozanı isə ümumilikdə 600 min nəfər artıq alıb. İki dozanı alanlar arasında yoluxma səviyyəsi çox aşağıdır.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev bu gün Nazirlər Kabinetinin brifinqində deyib.

O bildirib ki, iki dozanı alan şəxslər yoluxarkən xəstəliyi daha yüngül keçiriblər.

"Elmi çevrələrdə vaksinasiyanın mövsümi xarakter daşıyacağı göstərilir. Bu isə o deməkdir ki, mövsümi qrip vaksinasiyası kimi COVID-19 vaksininə ehtiyac duyulur", - deyə nazir əvəzi əlavə edib. 

O bildirib ki, qrip vaksini kimi koronavirus vaksini də hər il vurula bilər. Ölkəmiz bununla əlaqədar Avropa və ABŞ vaksin istehsalçıları ilə danışıqlar aparır.

 

12
Hamilə qadın, arxiv şəkli

Erkən hamiləlik, erkən doğumlar - Azərbaycanda son vəziyyət

10
"Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır" - Baş mama-ginekoloq.

BAKI, 5 may — Sputnik. Bu gün Beynəlxalq Həkim-Mama Günüdür. Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova ölkəmizdə erkən doğumların statistikasının azalmağa doğru getdiyini deyir. Sputnik Azərbaycan baş mama-ginekoloqun müsahibəsini təqdim edir:

- Günün mahiyyəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.

- 1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası Beynəlxalq Həkim-Mama Gününün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində həmin gün qeyd edilir və əsas məqsədi həkim-mamaların işinin əhəmiyyəti haqqında əhalini məlumatlandırmaqdan ibarətdir. Bu peşənin əhəmiyyəti çox böyükdür, axı ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.

- Hamiləliyə hazırlıq üçün nələr etmək lazımdır? Bu prosesdə diqqət etməli olduğumuz əsas məqamlar hansıdır?

- Ümumi hamiləlik hər bir qadın üçün sanki bir sınaqdır. Hamiləlik müddətində qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da gələcək uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır. Övlad sahibi olmağı planlayan hər bir cütlük mütləq şəkildə ümumi müayinələrdən keçməlidir. Bura qanın əsas göstəricilərini müəyyən edən analizlər aiddir. Çünki, bu prosesdə əsas diqqət etdiyimiz məqamlar anadangəlmə xəstəliklərin-qüsurların olmasıdır. Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa, hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir daha da ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfindən müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən daha ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda isə qadınların hamiləliyi mütləq müştərək şəkildə həkim mama-ginekoloq və daha ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda həkim tərəfindən hamiləliyin müəyyən kritik dövrlərində xəstəxanaların patologiya şöbələrinə hospitalizasiya olunaraq müalicə almaları mütləqdir.

- İki doğuş arasındakı zaman fərqi ana sağlamlığı baxımından neçə il olaraq dəyərləndirilir?

- Hətta doğuşdan sonrada zahılığın 42 günü ərzində qadına nəzarət həkim mama-ginekoloq tərəfindən aparılır. Bu səbəbdən həkim mama-ginekoloqun hər bir qadının həyatında oynadığı rol danılmazdır. Ümumi hər iki doğuş arasındakı zaman 2-ildən az olmamalıdır. Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən qorunmaq vacibdir, bu ananın və uşağın həyatına ciddi təhlükə yarada bilər.

- Keysəriyyə əməliyyatından sonra normal doğuş mümkündürmü?

-  Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə nəzəri olaraq bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu bilavasitə təkrar cərrahi doğuşa göstərişdir.

- Ümumiyyətlə keysəriyyə əməliyyatından sonra növbəti doğuş neçə il fasilə ilə tövsiyə olunandır?

- Keysəriyyə əməliyyatından sonra növbəti doğuş ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu, əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa, onun durumundan asılı olan bir zamandır. Adətən bu suallara həkim mama-ginekoloq qadın məsləhətxanası şəraitində mavafiq müayinələr keçirildikdən sonra tövsiyəsini verir.

- Erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların hansı riskləri var?

- Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir.

10
Xankəndi, arxiv şəkli.

Rusiyalı veteranlar Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edir

6
(Yenilənib 16:08 06.05.2021)
Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

BAKI, 6 may — Sputnik. Rusiyalı veteranlar erməni Qaregin Njdenin Qarabağdakı abidəsinin sökülməsini tələb edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Moskva vilayətindəki Dolqprudnı Müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları İctimai Birliyi Njdenin abidəsinin qoyulmasını "faşizm tərəfdarlarının vəsfi" olduğunu bəyan edib.

Təşkilatdan bildiriblər ki, haqqında danışılan heykəlin Rusiya sülhməramlılarının faşizm üzərində Qələbə gününü qeyd edəcəyi yerdə olması yolverilməzdir.

Veteranlar məsələ ilə bağlı Rusiya xarici işlər və müdafiə nazirliklərinə müraciət ünvanlayıblar və bunu heykəlin olduğu ərazinin rusiyalı sülhməramlıların məsuliyyət daşıdığı ərazidə olması ilə əsaslandırıblar.

Mayın 4-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın təhlükəsizlik şurasının katibi Vitali Balasanyan da heykəlin sökülməsinin tərəfdarı olduğunu bildirib. Lakin yerli "deputat"lardan imtina cavabı alıb.

"Əgər aydın səbəb, aydın şərt yoxdursa, biz abidəni sökməyəcəyik", - deyə "Martuni" rayonunun Ağsaqqallar şurasının üzvü Artak Mkrtçyan bildirib.

Xatırladaq ki, Njdenin abidəsi Azərbaycanın Xocavənd rayonunda 2021-ci ilin yanvarında, müharibə zonasında rusiyalı sülhməramlıların xidmətə başlamasından sonra quraşdırılıb.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də, Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.

 

6
Teqlər:
sülhməramlılar, Rusiya, Njde