Xırdalanda uşaqlar, arxiv şəkli

COVID-19 bu uşaqlar üçün daha təhlükəlidir - Baş pediatr cavabladı

26
(Yenilənib 23:17 12.04.2021)
Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur.

BAKI, 12 aprel — Sputnik. Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqların COVID-19-a yoluxması hallarında danışıb. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən baş pediatrın müsahibəsini təqdim edir:

- Uşaqlar COVID-19 virusunu necə keçirirlər?

- 1 il 4 aydan artıq müddətdir ki, davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələrinə böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa, uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.

- Uşaqlarda adətən rast gəlinən əlamətlər hansılardır?

- Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir.

- Böyüklərlə müqayisədə bəzən uşaqlarda yaranan simptomları təyin etmək daha çətin olur. Valideynlər nəyə diqqət etməlidirlər?

- Bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə halların müşahidə olunduğu uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq, uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.

- Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir?

- COVID-19 xəstəliyi immun çatışmazlığı, xroniki xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təklükəlidir. Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidirlər.

26
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda vaksin olunanlarla bağlı vəziyyət belədir

8
Bu günədək vurulan vaksinlərin ümumi sayı 1626916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 630516 nəfər təşkil edir.

BAKI, 7 may — Sputnik. Azərbaycanda bu gün 33033 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28885 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1626916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 630516 nəfər təşkil edir.

8
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

9
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

9
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0