Keçəl adam, arxiv şəkli

Saç tökülməsinin səbəbləri bunlar imiş

25
(Yenilənib 22:22 09.04.2021)
Qadınlar və kişiləri daha çox narahat edən xəstəliklərdən biri də saç tökülməsidir. Maraqlıdır, saç tökülməsinin səbəbləri nələrdir?

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Qadınlar və kişiləri daha çox narahat edən xəstəliklərdən biri də saç tökülməsidir. Maraqlıdır, saç tökülməsinin səbəbləri nələrdir?

Dermatokosmetoloq, trixoloq Bəxtiyar Paşayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Saç tökülməsinin səbəbləri müxtəlif olduğundan onun qarşısını almaq üçün konkret müalicə üsulları yoxdur. Xəstə ətraflı müayinə olunmalı və saç tökülməsinin səbəbləri araşdırılmalıdır. Bu səbəbləri aradan qaldıraraq müalicəyə başlamaq mümkündür. Yəni, təkcə maska və şampunlarla bu problemi həll etmək mümkün deyil".

Bəxtiyar Paşayev deyir ki, saç tökülməsində stress faktoru da qaçılmazdır. Buna görə stressdən uzaq olmaq, normal həyat tərzi yaşamaq, normal, düzgün və balanslı şəkildə qidalanmaq, sulfatsız şampunlardan istifadə etmək məsləhətdir. Bir çox hallarda qan azlığı, qalxanabənzər vəz problemləri, ginekoloji problemlər, mikroelementlərin, vitaminlərin çatışmazlığı da saç tökülməsinə səbəb olur. Bundan başqa, əməliyyatlar, travmalar da saç tökülməsinə səbəb olur. COVID-19 keçirən şəxslərdə də 6 ay ərzində saç tökülməsi müşahidə oluna bilər.

Həkim bildirir ki, vitamin D çatışmazlığı kalsiumun əmilməsini pisləşdirdiyi üçün saç tökülməsinə səbəb olur: "Lakin təəəssüflər olsun ki, problemin kökündə genetik faktor dayanırsa, saç tökülməsinin, keçəlləşmənin qarşısını almaq mümkünsüzdür. Kimisində 16, kimisində 20, kimisində də 50 yaşından bu probem müşahidə oluna bilər. Biz sadəcə olaraq genetik faktorla əlaqəli olan saç tökülməsini gecikdirə bilərik".

“Fındıq-qoz-şabalıd” adlı beynəlxalq festival
© Sputnik / Shahperi Abbasova

Mütəxəssis qeyd edir ki, kişilərdə saç tökülməsinin əsas səbəblərindən biri genetik və androgenetik faktorlardır: "Bütün dünyada belədir ki, keçəlləşməyə meyilli olan kişilərin 95 faizində androgenetik faktorlar aşkarlanır. Qadınlarda isə bu faktor 50-50-dir. Kişilərdə isə faizlərin yüksək olması testosteron hormonu ilə əlaqədardır".

B.Paşayev saç tökülməsinin qarşısının alınması üçün şablon müalicənin tərəfdarı olmadığını bildirib və gərəksiz yerə maska qoyulmasının məsləhətli olmadığını deyib.

Saç əkilməsinə gəldikdə isə həkim deyir ki, 30 yaşdan sonra saç əkilməsi məsləhət görülür: "Ənsə nahiyəsindən saçlar götürülərək saç tökülən hissəyə əkilir. Həmin nahiyədəki tüklər testosterona həssas olmur".

 O bildirib ki, saç tökülməsində ən çox genetik xəstəliklər rol oynayır.

25
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda vaksin olunanlarla bağlı vəziyyət belədir

9
Bu günədək vurulan vaksinlərin ümumi sayı 1626916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 630516 nəfər təşkil edir.

BAKI, 7 may — Sputnik. Azərbaycanda bu gün 33033 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28885 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1626916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 630516 nəfər təşkil edir.

9
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Rəcəb Tayyib Ərdoğan: "Elmdə qısqanclıq olmaz"

9
(Yenilənib 17:10 07.05.2021)
Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

BAKI, 7 may — Sputnik. "Rus peyvəndi "Sputnik"-lə əlaqədar Putinlə danışdıq, ölkəmizə çox ciddi miqdarda peyvənd alacağıq. Daha sonra Türkiyədə də istehsala başlayacağıq". Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərlə müsahibəsində səsləndirib. Sputnik Türkiyə-nin yaydığı xəbərə görə, Ərdoğan COVID-19 peyvəndi ilə bağlı patentlərin ləğv olunması məsələsinə dair mübahisələrə də toxunaraq, "Bilik bütün bəşəriyyətin ortaq mülkiyyətidir, elmdə qısqanclıq olmaz" deyib.

Prezident qeyd edib ki, Türkiyə yerli peyvəndi yalnız öz vətəndaşları ilə deyil, bütün dünya ilə paylaşmağa hazırdır.

Ərdoğan onu da vurğulayıb ki, bəşəriyyətin sağlamlığı ilə bağlı mövzuda "bunu biz istehsal etmişik, heç kimə vermərik" anlayışı çox səhv yanaşmadır.

"Hazırda Türkiyədə yerli peyvəndin istehsalı ilə bağlı ciddi iş gedir. İnşallah, sentyabr-oktyabr aylarına kimi hazır olar", – deyə Ərdoğan qeyd edib.

9
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0