Bəlkə, allergiyadır: zəhlətökən simptomların izi ilə

41
(Yenilənib 18:11 07.04.2021)
Bəzən insanlar illərlə hansısa xəstəliyi müalicə edirlər. Sonra isə məlum olur ki, sən demə, bu, allergiya imiş. Əsasən yaz aylarında daha çox rast gəlinən allergik əlamətlər haqda Sputnik Azərbaycan-ın materialında.

BAKI, 7 aprel — Sputnik. Allergiya – müxtəlif yaş qruplarından olan insanlar arasında ən çox rast gəlinən immunopatoloji xəstəliklərdən biridir. Orqanizmin müəyyən maddələrə qarşı yüksək həssaslığı çox geniş anlayışdır. Bura xarici və daxili mühit faktorlarının (endo və ekzo allergenlər) təsiri altında baş verən müxtəlif pozğunluqlar daxildir ki, bu proses də insan hüceyrələrinin, toxumalarının, orqanlarının quruluşunu zədələyən, fəaliyyətini pozan autoantikorların ifrazı ilə müşayiət olunur.

Allergik xəstəliklərin növləri

Klinik praktikada indiyə kimi elmə məlum olan bütün allergik xəstəliklər bir neçə növə ayrılır: 

Respirator (tənəffüs) allergiyalar.

Bu qrupa mövsümi və ilboyu davam edən allergik rinitlər, rinosinuzit, traxeobronxit və respirator allergiyaların ən ağır növü hesab olunan bronxial astma daxildir.

Kontakt allergiyaları (dəri formaları). Bu qrupa qaşınma və səpkilərlə müşayiət olunan övrə xəstəliyi, Kvink ödəmi (dəri, dərialtı toxuma və selikli qişanı zədələyən allergik xəstəlik), atopik dermatit və ekzema aid edilir.

Qida allergiyaları. Özündə müxtəlif klinik təzahürləri əhatə edir: həzm sistemi, dəri və tənəffüs orqanlarının təcrid olunmuş və ya birgə zədələnmələri.

Həşərat allergiyası. Bu allergik reaksiya həşərat dişləməsi və ya tullantı məhsulları ilə təmas nəticəsində ortaya çıxır.

İnfeksion allergiyalar. Onların yaranmasının səbəbi patogen xüsusiyyətlərə malik bakteriya, virus və göbələklərdir (vərəm, brusellyoz, qarayara, sifilis, süzənək və s. xəstəliklərin törədiciləri).

Dərman allergiyaları. Bu, dərman preparatlarına qarşı həssaslıqdır.

Anafilaktik şok. Allergen maddənin (dərman preparatları, böcək zəhərləri, qan preparatları, məişət-kimya məhsulları və s.) təkrar orqanizmə düşməsi nəticəsində yaranan allergik reaksiyanın ən ağır formasıdır. 

Allergiyanın simptomları

Əgər immun sisteminin işində problem yaranarsa və allergiya baş verərsə, patoloji vəziyyətin simptomları allergen maddənin növündən və iltihabın yerindən asılı olaraq dəyişir.

Respirator allergiyanın əlamətləri:

–       burunda qaşınma

–       asqırma

–       burun axması

–       gözlərin yaşarması

Bəzi hallarda pasiyentlərdə güclü öskürək və ciyərlərdə xışıltı yaranır, nəfəs alma çətinləşir, hətta bəzən boğulma da baş verir.

Dermatozun (dəri allergiyası) əlamətləri:

–       dərinin qızarması

–       müxtəlif formalı səpkilər

–       qaşınma və qabıqlanma

Enteropatiyanın (qida və ya dərman qəbulu nəticəsində yaranan allergiyalar) əlamətləri

–       ürəkbulanma

–       qəbizlik və ya ishal

–       ağız boşluğunun selikli qişasının şişməsi

Allergik konyunktivitin əlamətləri:

–       gözlərdə qızartı ilə müşayiət olunan qaşınma və yanma

–       gözlərin şişməsi və yaşarması

Anafilaktik şokun əlamətləri:

–       nəfəsalmanın çətinləşməsi

–       bədənin ləkə şəklində səpkilərlə örtülməsi

–       nəfəs darlığı

–       özündəngetmə

–       qıcolma

–       qeyri-iradı sidik və nəcis ifrazı

–       Bronxlarda spazma.

Xüsusi ağır formalarda xəstə komaya da düşə bilər. Bu vəziyyət çox təhlükəlidir və təxirəsalınmaz tibbi yardım tələb edir. Anafilaktik şokun klinikası çox sürətlə – allergen maddə ilə kontaktdan sonrakı 2-20 dəqiqə ərzində baş verir.

Allergik xəstəliklərin diaqnostikası

Allergiyaların spesifik diaqnostikası özündə ehtiva edir:

–       allergik tarixçənin toplanmasını;

–       qanda antikor miqdarının ölçülməsini;

–       dəri testini;

–       prick-testləri (allergen maddənin 1 mm dərinliyinə kimi dəri altına inyeksiya olunması);

–       skarifikasiya testlərini (allergen maddə çiyin, kürək, bazuya tətbiq olunur, bundan sonra allergen maddənin bədənə daxil olması üçün həmin yerlər cızılır);

–       applikasiya testlərini (fotoallergik reaksiyalar və kontakt allergik dermatit şübhəsi olduğu vaxt istifadə edilir. Cildə az miqdarda allergen tətbiq olunur, bundan sonra müayinə ediləcək hissə 24-72 saat ərzində sarğıda qalır);

–       provokativ testləri (ən çox qida allergiyası üçün istifadə olunur. Pasiyentin həkimin ciddi nəzarəti altında allergiya yaratdığı təxmin olunan maddə ilə təması həyata keçirilir);

–       ümumi klinik metodikanı.

Bu tədqiqatlar allergiyanın səbəbini müəyyənləşdirmək, allergiya yaradan maddəni təyin etmək və orqanizmin immunoloji reaktivliyini (bədənin qoruyucu funksiyalar nümayiş etdirməsi və antigen təsirinə qarşı xüsusi cavab reaksiyası) qiymətləndirmək üçün təyin edilir.

Allergiyanın müalicəsi və profilaktikası

Bütün lazımi analizlər aparılandan və diaqnoz təsdiqlənəndən sonra xəstəyə fərdi müalicə təyin edilir. Bu proses allerqoloqun ciddi nəzarəti altında gedir və dərman müalicəsi, ekstrakorporal hemokreksiya (qanın antigenlərdən və antikorlardan təmizlənməsi) və allergen-spesifik immunoterapiyanı əhatə edə bilər.

Xəstəliyin daha da inkişaf etməsinin qarşısını almaq üçün pasiyent allergiya yaradan maddələrlə təmasdan qaçınmalı və simptomların artmasının qarşısını alan bütün şərtlərə əməl etməlidir.

41
Teqlər:
simptom, əlamət, allergiya, sağlamlıq

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

0
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

0
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Psixoloq iş başında

Polinarkomaniyada artım var

5
(Yenilənib 00:41 13.04.2021)
"Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır" - Pərvin Məmmədov

BAKI, 12 aprel — Sputnik. Polinarkomaniya hallarında artım var. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov "Tibb Qəzeti"nə müsahibəsində deyib.

O bildirib ki, son dövrlər polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları artıb: "Psixostimulyatorlar qrupundan sintetik psixoaktiv maddə olan metamfetaminin və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır".

O qeyd edib ki, belə hallarda həkim-narkoloqlarla yanaşı, müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.

5