Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Antitel həkimlərdə 9, evdar qadınlarda isə 3 ay qalır

316
(Yenilənib 01:02 03.04.2021)
"Xəstəliyi yüngül formada keçirənlər "artıq koronavirusa tutulub sağalmışam, mənə bir il heç nə olmaz deməsinlər. Çünki bir neçə aydan sonra yenidən COVID-19-a yoluxa bilərlər".

BAKI, 3 aprel — Sputnik. Türkiyədə COVID-19 infeksiyasına yoluxub sağalmış insanların qanında antitelin hansı müddətə qədər qaldığını müəyyənləşdirmək üçün xüsusi elmi araşdırma aparılıb. Araşdırma nəticəsində məlum olub ki, bu azara yoluxub sağalmış həkimlərin qanında antitel ən azı 9 ay mövcud olduğu halda, evdar qadınlar 3 aydan sonra bu müdafiədən məhrum olurlar.

 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli
© AP Photo / Evgeniy Maloletka

Türkiyənin NTV kanalının yaydığı xəbərə görə, İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində çalışan və iş prosesində koronavirusa yoluxan 123 tibb işçisinin antitel səviyyəsi ilə bağlı araşdırmanın nəticəsi açıqlanıb. Nəticəyə görə, koronovirusa yoluxmuş səhiyyə işçilərində ən yüksək antitel səviyyəsi 4-6-cı həftələrdə qeydə alınıb. Altıncı aydan etibarən antitel səviyyəsi düşməyə başlayıb. Bununla belə, xəstəliyi ağır keçirən və reanimasiyaya düşən həkimlərdə antitel müdafiəsinin 9-12 ay arasında aktiv olduğu müyyənləşdirilib. Maraqlıdır ki, xəstəxananın logistika və inzibati işləri ilə məşğul olan, eləcə də yeməkxanasında çalışan işçilərdə isə antitel 6-cı ayda tamamilə yoxa çıxıb.

Cərrahpaşa Tibb fakültəsinin Mikrobiologiya bölməsinin əməkdaşı, doktor Yeşim Tuyji Tok bildirib ki, pasiyent xəstəliyi nə qədər ağır keçirərsə, onun qanında antitel də bir o qədər uzun müddət qalır:

"Araşdırmamız göstərdi ki, xəstəliyi ağır formada keçirən həkimlərimizdə antitel bir ilə qədər mövcud olur. Halbuki, evdar qadınlarda bu müddət cəmi 3 aydır. Anesteziologiya, reanimasiya və təcili yardımda çalışan tibb işçilərində antitel müdafiəsinin daha uzun müddət qaldığını müəyyənləşdirdik".

Həkim COVID-19-u yüngül formada keçirən insanlara xəbərdarlıq da edib:

"Koronavirusu ağır formada keçirən bir həkimimizdə aradan keçən 1 il ərzində antitel səviyyəsinin yüksək olduğunu müəyyənləşdirdik. Ancaq bu vəziyyət hamı üçün eyni deyil. Araşdırmamız təsdiqlədi ki, xəstəlikdən sonra antitel müdafiəsi orta hesabla 5-6 aydan artıq qalmır. Odur ki, xəstəliyi yüngül formada keçirənlər "artıq koronavirusa tutulub sağalmışam, mənə bir il heç nə olmaz deməsinlər. Çünki bir neçə aydan sonra yenidən COVID-19-a yoluxa bilərlər".

 

316
Teqlər:
epidemiya, Koronavirus, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (668)
Koronavirus testi, arxiv şəkli

Koronavirusa yoluxma sayı azaldı

14
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5955, bu günə qədər isə ümumilikdə 3114879 test icra olunub.

BAKI, 19 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 301661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib. 31953 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5955, bu günə qədər isə ümumilikdə 3114879 test icra olunub.

14
Məktəbdə müəllim, arxiv şəkli

Virus peşə tanımır, bəs niyə daha çox müəllimlər ölürlər?

433
(Yenilənib 15:47 19.04.2021)
Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Təhsil işçiləri vaksinasiya prosesinə cəlb olunsalar da, onlar arasında ölüm xəbərlərinə tez-tez rast gəlirik. Bu günlərdə isə Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimova koronavirusdan dünyasını dəyişiblər.

 Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə aprelin 14-də COVID-19-un qurbanı olub. Məktəblərin bağlı olduğu və təhsil işçiləri arasında vaksinasiyanın aparıldığı bir vaxtda müəllimlər arasında koronavirusdan ölüm hallarının baş verməsi isə cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, 20 nömrəli məktəbdə çalışan müəllimlər vaksinasiya prosesindən keçməyiblər. Məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, müəllimlər koronavirusa təhsil işçiləri arasında peyvəndlənməyə başlamazdan öncə yoluxublar. Ona görə də onlar koronavirus əleyhinə vaksin olunmayıblar.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əyani tədrisin olmadığı vaxtda müəllimlər arasında koronavirusdan ölüm halları müəyyən suallar doğursa da, virusa yoluxmanı və ölüm hallarını peşə ilə əlaqələndirmək doğru yanaşma deyil:

"Bu virusun peşəyə aidiyyəti yoxdur. Təbii ki, müəllimlərin arasında yoluxma hallarının olması və ölüm hadisələri bizi də narahat edir. Bu da onu göstərir ki, müəllimlər arasında vaksinasiya labüddür".

Həmsöhbətimiz bildirir ki, vaksinasiya təhsil sahəsində operativ həyata keçirilir. Onun sözlərinə görə, təhsil sahəsində COVID-19-a yoluxmanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb: "65 yaşdan yuxarı, risk qrupuna daxil olan müəllimlər əyani tədrisə buraxılmırlar. Təhsil sahəsində virusa yoluxmanı minimuma endirmək üçün bütün imkanlardan istifadə olunur. Hətta qərar verildi ki, sıxlıq olan ərazilərdə əyani təhsil dayandırılsın. Amma nəzərə almaq lazımdır ki, müəllimlər günün müəyyən hissəsini məktəbdə keçirirlər. Qalan hissəni evdə, ictimai yerlərdə olurlar. Bu baxımdan müəllimin harada, hansı şəraitdə virusa yoluxduğunu söyləmək çətindir".

Şuranın sədr müavini bildirir ki, hazırda virusa yoluxma ilə bağlı ən aşağı risk məktəblərdir: "Bu gün hara baxırıq, uşaqlar toplu şəkildə oynayırlar. Restoranlarda da uşaqlar çoxdur. Məktəbləri isə virusa görə bağlamışıq. Halbuki məktəblərdə sanitar-gigiyenik qaydalar qorunur. Mən hesab edirəm ki, biz müəllim və uşaqlar arasında koronavirusa yoluxma faizini çıxartsaq, bu, ölkə üzrə yoluxmanın ancaq 2 faizini edər. Məktəblərdə virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Amma biz bu cür tədbirləri nə ictimai nəqliyyatda, nə də ki, restoranlarda görürük".

İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlər arasında ölüm hallarının çoxaldığını demək olmaz: "Sadəcə onların cəmiyyətdə tutduğu mövqeyə görə müəllimlərin ölüm halları ictimailəşir".

V.Cavadzadə bildirir ki, ümumi olaraq müəllimlər qapalı müəssisələrdə işləyirlər. Onlar şagird və müəllimlərlə təmasda olduqlarından risk qrupuna daxildirlər. Bununla belə, infeksionist deyir ki, virus peşə tanımır. O ki qaldı müəllimlər arasında ölüm hallarının qeydə alınma səbəblərinə, V.Cavadzadə söyləyir ki, bu, insanların xəstəliyin ağırlaşma mərhələsində həkimə müraciət etmələri ilə bağlıdır. Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur. Bu isə virusa yoluxma zamanı xəstəlikləri daha da ağırlaşdırır.

Həmsöhbətimiz deyir ki, təhsil işçilərinin sürətli vaksinasiyası ölüm hallarının qarşısını alacaq:

"Düzdür, indi könüllü olduğu üçün bəzi insanlar vaksinasiyaya üstünlük vermirlər. Amma təcrübə göstərir ki, vaksin olunanlar xəstəliyi yüngül keçirirlər. Mənim xəstələrim arasında da belələri var. Ər-arvad vaksin olunub, yanaşı xəstəlikləri var, amma xəstəliyi yüngül keçirirlər. Biz dəfələrlə demişik ki, vaksin olunan şəxs virusa yoluxacaq, amma xəstəliyi ağır keçirməyəcək, ölüm riski azalacaq. Məhz bunun üçün insanlar koronavirus əleyhinə dövlətin yaratdığı imkandan istifadə etməli, peyvənd olunmalıdırlar".

Təhsil Nazirliyindən isə bildirdilər ki, nazirlikdə bununla bağlı yeni məlumat yoxdur.

433
Teqlər:
ölüm, müəllimlər, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Moskvada Kremlə mənzərə, arxiv şəkli

Rusiyada yaşayan həmyerlilərimiz güzəştlərdən yararlana biləcəklər

0
(Yenilənib 23:27 19.04.2021)
Mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiya Federasiyasında da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” müvafiq Fərman imzalanıb. Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşaldıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb: "Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilən güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir.

Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə, müddət axımı dayandırılmış hesab olunub. Qeyd edilən tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb. Həmçinin mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir, həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)".

Vüsal Hüseynov həmçinin bildirib: "Qeyd edilənləri nəzərə alınaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması və qeyd edilən  Fərmanda güzəştlərlə bağlı müəyyən edilən müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələri tövsiyə olunur".

0