Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının polikilinika

"Pul ödəmədiyim üçün hələ bir nəfər qaş-qabaq etməyib" - Reportaj - FOTO

101
(Yenilənib 18:06 01.04.2021)
"Bütün vətəndaşlar icbari tibbi sığorta sistemi ilə çalışan istənilən tibb müəssisəsinə müraciət edə bilərlər. Bu, rayonlarda qeydiyyatda olub, indi Bakıda işləyən vətəndaşlara da aiddir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Səhər saatlarından Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 762 ünvanında yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsinin qarşısında qələbəlik müşahidə olunurdu. Hər zaman xəstələrin daha çox üz tutduğu, camaat arasında "Respublikanski" kimi tanınan bu tibb müəssisəsinə insan axınının bugünkü səbəbi isə bir qədər fərqli idi. Axı bu gündən Abşeron və Sumqayıt daxil olmaqla Bakıda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Elə bu xəbəri eşidən vətəndaşların çoxu yaşadığı ərazi üzrə poliklinikaya üz tutmuşdu.

Sputnik Azərbaycan paytaxtdakı bu tibb müəssisəsində icbari tibbi sığortanın ilk gündən necə tətbiq olunduğunu müşahidə edib.

© Sputnik / Zulfiyya Guluyeva
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinikası

Xəstəxananın 1-ci korpusunda yerləşən poliklinikanın girişində bir məlumat, iki qeydiyyat köşkü fəaliyyət göstərirdi. Poliklinikaya daxil olan pasiyentlər məlumat almaq üçün əvvəlcə məlumat guşəsinə yaxınlaşır, buradan qeydiyyata yönəldilirdi. Qeydiyyat şöbəsində isə pasiyent öz şəxsiyyət vəsiqəsini təqdim edərək adının icbari tibbi sığorta sistemində olub-olmadığını, ailə həkiminin kimliyini müəyyənləşdirirdi. Sistemdə adları yoxlandıqdan sonra onlara icbari tibbi sığorta xidmətlərindən istifadə etmək üçün hansı həkimə yaxınlaşmalı olduqları barədə məlumat verilirdi.

Burada icbari tibbi sığortanın təşkili prosesini izləyən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun üzvü Azər İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı, Sumqayıt və Abşeronda bu gündən icbari tibbi sığortanın tətbiqinə start verilib. Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminin işə düşməsi ilə əlaqədar Bakı, Sumqayıt və Abşerondakı bütün tibb müəssisələrində optimallaşma işi aparılıb. Hər bir tibb müəssisəsi kompüterləşdirilərək elektron informasiya sistemi qurulub. İşçi qrupunun üzvü bildirdi ki, bununla da göstərilən bütün tibbi xidmətlər elektron informasiya sisteminə yerləşdiriləcək. Bu isə tibb müəssisəsinin xərcinin düzgün hesablanmasına, həmçinin xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

© Sputnik / Zulfiyya Guluyeva
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinikası

A.İsmayılov deyir ki, əsas məqsəd qeydiyyatın düzgün tənzimlənməsi, düzgün reyestrin çıxardılması, eyni zamanda ilkin səhiyyə xidmətinin təşkili, ailə həkimi institutunun formalaşması, ixtisaslaşmış həkim ilə stasionar həkim arasında sərhədlərin müəyyənləşməsidir:

"Bundan əlavə, ən önəmli məsələ təcili tibbi yardım işinin təşkilidir. Təcili yardım işi əvvəlki qəbul şöbəsinin bazasında yeni standartlara uyğun şəkildə 24 saat fəaliyyət göstərəcək. Kadr potensialı və maddi texniki bazasının gücləndirilməsi istiqamətində addımlar atılaraq vətəndaşa operativ təcili yardım və digər tibbi xidmətlər göstəriləcək".

A.İsmayılov onu da qeyd edib ki, pandemiya ilə bağlı bəzi tibb müəssisələrində COVID-19 virusu ilə mübarizə məqsədilə işlər aparılır. Həmin tibb müəssisələri istisna olmaqla TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrində vətəndaşlar icbari tibbi sığortanın xidmətlərindən istifadə edə bilərlər.

İşçi qrupun üzvü bildirib ki, icbari tibbi sığorta xidmətlərindən yararlanmaq istəyən hər bir vətəndaş müraciət etdiyi zaman ilk növbədə qeydiyyata yaxınlaşmalıdır. Belə ki, qeydiyyatda vətəndaşın elektron informasiya sisteminə məlumatları daxil edilir, daha sonra gedəcəyi həkimə yönləndirilir: "İcbari tibbi sığorta xidmətlərindən yararlanmaq üçün vətəndaş ilk olaraq ailə sağlamlıq mərkəzinə, poliklinikaya müraciət etməlidir. İlkin səhiyyə xidmətində vətəndaş müraciət etdikdən sonra müayinə olunur, ona diaqnoz qoyulur. Pasiyentin müalicəsi orada aparıla bilirsə, müalicə edilir. Əgər vətəndaşın müayinə və müalicəsi üçün ixtisaslı həkimə ehtiyac yaranırsa, bu zaman göndəriş vasitəsilə vətəndaş mərkəzi xəstəxanaya yönləndirilir. Bundan sonra yenə vətəndaş mərkəzi xəstəxananın qeydiyyat şöbəsində qeydiyyatdan keçir, bundan sonra lazımi ixtisas üzrə həkimə yönləndirilir".

© Sputnik / Zulfiyya Guluyeva
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinikası

A.İsmayılov onu da bildirib ki, ailə həkimi institutunun formalaşdırılması pilot layihə çərçivəsində həyata keçirilib. Artıq bu təcrübə olduğundan Bakı, Sumqayıt və Abşeronda da tətbiqinə başlanılacaq.

Uşaqların icbari tibbi sığortadan necə yararlanacağına gəlincə, A.İsmayılov bildirib ki, ailə həkimi institutunun formalaşması ilə ailə həkimləri həm kiçik fərdlərə, həmçinin də yetkin fərdlərə ailələrdə tibbi xidmət göstərməlidir: "Bizdə də bu sistem formalaşır".

Bu gün yaranan suallardan biri icbari tibbi sığorta sistemi ilə çalışa bilməyən tibb müəssisələrində qeydiyyatda olanların icbari tibbi sığorta xidmətlərindən necə istifadə edə bilməsi ilə bağlıdır.

© Sputnik / Zulfiyya Guluyeva
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinikası

Həmsöhbətimiz bildirir ki, əvvəllər müştərək maliyyələşmə ilə bağlı addımlar atılıb: "Əvvəl vətəndaş yalnız qeydiyyatda olduğu ünvanda olan tibb müəssisəsinə müraciət edə bilərdi. Yalnız pandemiya dövrü olduğundan, bəzi tibb müəssisələri icbari tibbi sığorta sistemi ilə çalışa bilmədikləri üçün franşiza məbləğinin (azad olma məbləği) ödənilməsi 2022-ci ilə qədər təxirə salınıb. Bütün vətəndaşlar icbari tibbi sığorta sistemi ilə çalışan istənilən tibb müəssisəsinə müraciət edə bilərlər. Bu, rayonlarda qeydiyyatda olub, indi Bakıda işləyən vətəndaşlara da aiddir".

A.İsmayılovun sözlərinə görə, Bakıda işləyib rayonda qeydiyyatda olan şəxslərin ehtiyac olduğu halda daim paytaxtda icbari tibbi sığorta xidmətlərindən istifadə etməsi üçün onların müvəqqəti yaşadıqları ünvana qeydiyyata düşməsi vacibdir: "Qanunvericilikdə də nəzərdə tutulub ki, hər bir vətəndaş istənilən yerdə işə başladıqdan müəyyən müddət sonra müvəqqəti və daimi olaraq qeydiyyata düşməlidir. Əgər vətəndaş işlədiyi şəhər və rayonda müvəqqəti, yaxud da daimi olaraq qeydiyyatı rəsmiləşdiribsə, həmin ərazidəki tibb müəssisəsinə yaxınlaşaraq icbari tibbi sığorta xidmətlərindən istifadə edə bilər".

© Sputnik / Zulfiyya Guluyeva
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun üzvü Azər İsmayılov

Elə poliklinikada olarkən rayonlardan Bakıya tibbi sığorta xidməti üçün müraciət edənlərlə də rastlaşdıq.

Tovuz rayon sakini Nemət Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o, rayondan Bakıya göndəriş əsasında gəlib: "Bizim rayonda icbari tibbi sığorta çoxdan tətbiq olunur. Mən 2003-cü ildə onurğadan 3 dəfə əməliyyat olunmuşam. İndi Bakıda müayinələrə və müalicəyə ehtiyac olduğundan paytaxta gəlmişəm".

© Sputnik / Zulfiyya Guluyeva
Tovuz rayon sakini Nemət Qasımov

Tovuzda fransız dilini tədris edən Nemət müəllim icbari tibbi sığortanın əhali üçün faydasından da ağızdolusu danışıb: "Mən müəllim işləyirəm. Özünüz də bilirsiniz ki, müəllimin maaşı elə çox deyil. İcbari tibbi sığortadan əvvəl mənim müalicələrə xərcim çox çıxırdı. Amma sığorta sistemi işə düşəndən müayinə və müalicələrə bir qəpik də xərcləmirəm. Lazım olanda rayonda müalicə edirlər. Ehtiyac yarananda Bakıya göndərirlər. İndi də gəlmişəm, burada qeydiyyata düşdüm, poliklinika şöbəsinin müdiri ilə görüşdüm. O da məni müayinə və müalicə üçün müvafiq şöbəyə yönləndirdi. Sağ olsunlar, pul ödəmədiyim üçün hələ bir nəfər qaş-qabaq etməyib. Məni gülərüz qarşılayıblar. İcbari tibbi sığortanın əhali üçün faydası böyükdür. Biz bunu görürük, inşallah, burada yaşayan insanlar da istifadə etdikcə görəcəklər".

© Sputnik / Zulfiyya Guluyeva
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinikası

N.Qasımovla söhbətə yekun vurub burun-boğaz, qulaq həkiminin kabinetinə yaxınlaşırıq. Burada həkim Leyla Poladova icbari tibbi sığorta xidməti çərçivəsində hərbçi pasiyenti müayinə edirdi. O bildirdi ki, səhər saatlarından tibb müəssisəsinə gələn xəstələr qeydiyyata götürülür, növbəlilik qaydasında həkimlərə yönəldilirlər: "Bizə müraciət edən bütün xəstələr müayinə və müalicə edilirlər".

Xəstəxanada olarkən diqqətimizi çəkən əsas məqam isə pandemiya dövründə insanların sosial məsafəyə əməl etməməsi, qeydiyyat şöbələri qarşısında sıxlıq yaratması oldu. Hər kəs icbari tibbi sığorta xidmətlərindən elə ilk gündən yararlanmağa can atırdı.

© Sputnik / Zulfiyya Guluyeva
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinikası

Qeyd edək ki, bu gündən etibarən icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Bununla da hər bir vətəndaş icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmətdən istifadə etmək imkanı qazanır.

101
Teqlər:
reportaj, xəstəxana, poliklinika, icbari tibbi sığorta
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Çin Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

10
"Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan vaksinlərdir. Bu vaksinlərin yan təsirləri çox az olur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Azərbaycanda istifadə olunan vaksinin 90 faiz effektiv olduğu təsdiqlənib. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib. O deyib ki, hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir: "Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan peyvəndlərdir. Onların yan təsirləri çox az olur. Effektivliyi də kifayət qədər çoxdur. Azərbaycan peyvənd alarkən, təbii ki, bu nüansları da nəzərə alıb".

M.Quliyev bildirib ki, Çinin istehsal etdiyi peyvəndin effektivliyinin 50 faiz civarında olması ilə bağlı səslənən ittihamlarla razı deyil: "Çin vaksininin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub. Çox təəssüf ki, biznes məqsədi ilə vaksinlərin keyfiyyətinə şübhə yaradacaq məqsədli məlumatlar yayılır:

"Vaksin biznesi ilə bağlı çox böyük mübarizə gedir. Bu, böyük pullar uğrunda mübarizədir. Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərin imicinə zərər vuran məlumatlar yayılır. "AstraZeneca" ilə bağlı da belə mənfi fikirlər ortaya çıxdı. Sonra Böyük Britaniya rəhbərliyi bunu təkzib etdi. Biz belə məlumatlara hələ rast gələcəyik. Əsas odur ki, bu vaksini dünya üçün yararlı sayan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar var. Vaksinin 90 faiz effektivliyi var. Ona görə də vaksinlər əleyhinə hələ çox məlumatlar olacaq.

Hətta "vaksin vurdurmayın" deyənlər də olacaq. Bunlar hamısı müxtəlif oyunlardır və biznes maraqlarına xidmət edən məqamlardır. Bir şirkət digər şirkətin satışını azaltmaq üçün hələ çox belə oyunlara gedəcək. Buna fikir vermək lazım deyil. Vaksinin keyfiyyəti 70 faizin üzərindədirsə, o peyvənd keyfiyyətli sayılır. Çin istehsalı olan vaksinin də effektivliyinin 90 faizin üzərində olduğu təsdiq olunub, yan təsirləri də yoxdur. Ona görə də bu fikirlərə çox da fikir vermək lazım deyil. Bunu biznes bazarının apardığı antireklam kimi qəbul etmək lazımdır".

Məlumat üçün bildirək ki, Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu "Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur" deyə bildirib.

10
Teqlər:
açıqlama, deputat, Milli Məclis, Rusiya, Çin, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya

Koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

6
(Yenilənib 10:03 13.04.2021)
Balakəndə koronavirus xəstəsi polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

BAKI, 13 aprel — Sputnik. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan rayon sakini Natiq İsayevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq, o, yaşadığı ünvanı tərk edib. Həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

N.İsayev barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

6
Teqlər:
xəstə, Koronavirus, karantin
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Prezident İlham Əliyev, arxiv şəkli

Əliyev: Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır

0
(Yenilənib 12:05 13.04.2021)
"Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

BAKI, 13 aprel — Sputnik. İlk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır.

İlham Əliyev İskəndər M raketinin qalıqlarını nümayiş etdirir
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, otuz ildir, Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük: "Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

0