Həblər, arxiv şəkli

Dərmanlar koronavirusun müalicəsində effekt vermir. Protokolu dəyişmək mümkündürmü?

359
(Yenilənib 01:34 31.03.2021)
"Payızda insanlar xəstələndikdən sonra tədricən ağırlaşırdılarsa, hazırda ağırlaşma xəstələrdə ilk həftədən qeydə alınır. Həmçinin müalicələr payızda aparılan müalicələr qədər effekt vermir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə edilən dərman preparatlarının bəziləri artıq effekt vermir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə həkimlər məlumat paylaşıblar. "Med Era" xəstəxanasının həkimi Aqil Axundov bildirir ki, koronavirus xəstələrinin müalicəsində TƏBİB-in müalicə protokolundan kənara çıxa bilmirlər. 

Protokolda qeyd olunan dərman preparatlarının effekt verib-verməməsindən asılı olamayaraq həmin dərmanları xəstələrin müalicəsində tətbiq etməyə məcburdurlar: "TƏBİB-in protokolu budur. Başqasını yazsınlar, onu edək. Tutaq ki, müalicə etdiyim xəstədə protokoldan kənara çıxdım və bu zaman xəstənin başına bir iş gəldi. Bu zaman məni məhkəməyə versələr, məhkəmə hansı sənədə əsasən qərar qəbul edəcək? Əlbəttə ki, TƏBİB-in protokoluna əsasən.... Ona görə də biz koronavirus xəstələrinin müalicəsində TƏBİB-in protokolundan kənara çıxa bilmirik".

Həkim bildirir ki, sentyabr ayından dekabra qədər müalicə etdiyi çox xəstələr "Favipiravir" preparatını qəbul ediblər və nəticə əla olub. Amma indi müraciət edən xəstələr bu dərmanı qəbul edirlər, əvvəlki kimi nəticə isə yoxdur. Biz bilmirik, rezistentlik yaranıb, ya ştamm dəyişdiyi üçün dərmanlar əvvəlki kimi effekt vermir", - deyə həkim bildirib.

Bəs görəsən, Britaniya ştammının yayılması ilə əlaqədar müalicə protokolu da dəyişdirilə bilərmi?

Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hava-damcı yolu ilə yayılan virusların müalicə prinsipləri təxminən eynidir. Britaniya ştammı isə COVID-19-un öz mutasiyasıdır:

"Loru dildə desək, Britaniya ştammının da əcdadı elə COVID-dir. Mutasiya onun 100 faiz genomunu dəyişmir. Mutasiya zülalların və amin turşularının quruluşunun dəyişməsidir. İstər Britaniya, istər də Afrika ştammı olsun, burada müalicədə heç bir dəyişiklik yoxdur. Müalicə eyni prinsip üzərində aparılır. Sadəcə olaraq virus mutasiyaya uğrayanda xəstəlik daha aqressiv gedir. Xəstələr tez ağırlaşırlar, saturasiya tez aşağı düşür. Son vaxtlar biz bu əlamətləri xəstələrdə müşahidə edirik".

V.Cavadzadə deyir ki, xəstələrə dərmanlar fərdi seçilməlidir: "Onların klinik laborator göstəricilərinə əsasən dərmanlar təyin olunmalıdır. Virus əleyhinə təsir edən konkret dərman preparatı yoxdur. İnsanlar "Favipiravir" adlı preparatı alıb ev şəraitində qəbul edirlər. Amma hələ indiyədək bu preparatın COVID-19-un müalicəsində effekt verib-vermədiyi elmi cəhətdən sübut olunmayıb. Bu preparatı qəbul edən xəstə bəzən xeyir əvəzinə ziyan görür".

İnfeksionist bildirir ki, payızda insanlar xəstələndikdən sonra tədricən ağırlaşırdılarsa, hazırda ağırlaşma xəstələrdə ilk həftədən qeydə alınır. Həmçinin müalicələr payızda aparılan müalicələr qədər effekt vermir.

O ki qaldı dərmanlarla bağlı məqama, infeksionist bildirir ki, burada selektiv dərman yoxdur: "Xəstəyə düzgün yanaşılmalıdır. Lazımsız dərman yazmaqdan çəkinmək lazımdır. Əgər klinik göstəriş olarsa, hər hansı təyin edilən dərmanın dozasını artırmaq olar. Təəssüf ki, bu gün xəstələrə lazım oldu-olmadı dərmanlar yazırlar. Xəstəni əlavə dərmanlarla yükləmək onun immun sistemini aşağı salır. Bu zaman xəstəlik daha tez ağırlaşır. Hazırda TƏBİB-in müalicə protokolu bütün dünyada tətbiq edilən ən effektiv sayılan müalicədir".

TƏBİB-dən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildiriblər ki, Britaniya ştammının yayılması ilə əlaqədar müalicə protokolunda dəyişiklik nəzərdə tutulmayıb: "Dünyada da belədir. Bildiyiniz kimi, hələ də koronavirusun təsdiq olunmuş dərmanı yoxdur, dəstək müalicələri ilə xəstəliklə mübarizə aparılır. Hazırda bir neçə virus əleyhinə preparat var ki, onlar müəyyən təsirə malikdir. Və biz də dünyada olduğu kimi, həmin preparatlardan istifadə edirik".

359
Teqlər:
TƏBİB, Azərbaycan, protokol, effekt, dərman, xəstə, COVID-19, epidemiya, Koronavirus
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (437)
Alıcı bazarda yumurta yığır, arxiv şəkli

Yumurtanın faydaları açıqlandı

17
(Yenilənib 22:01 17.04.2021)
Yumurta sarısı embrionun inkişafı üçün əsas qida mənbəyi olmaqla, özündə daha çox lipid, vitamin, makro- və mikroelementlər ehtiva edir.

BAKI, 17 aprel — Sputnik. Yumurtanın tərkibi və faydalı xüsusiyyətləri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsinin mütəxəssisləri Q. Cəlladov, R. Səfərova, Ş. Məmmədova, R. Kəngərli tərəfindən məqalə hazırlanıb.

Sputnik Azərbaycan həmin məqaləni təqdim edir:

Yumurta zəngin biokimyəvi tərkibə malik olan qida məhsuludur. Orqanizm tərəfindən asan (90-95 %) mənimsənilən yumurta qida rasionunda əsas yer tutur. Həmçinin yüksək protein (zülal) tərkibli olması səbəbindən yumurta qida dəyərinə görə ət ilə eyni qrupa daxil edilir.

Ümumiyyətlə, qida məhsulu kimi əsasən toyuq yumurtasına üstünlük verilməsinə baxmayaraq, bildirçin, ördək, hind quşu, qaz, dəvəquşu yumurtası da insanlar tərəfindən istehlak olunur. Qeyd olunan yumurta növləri arasında bildirçin yumurtası kalsiumla, ördək yumurtası yağ birləşmələri ilə, hind quşu yumurtası sinklə, qaz yumurtası isə protein miqdarının yüksək olmasına görə toyuq yumurtasından fərqlənir. Ölçüsünə görə ən böyük quş yumurtası hesab olunan dəvəquşu yumurtasının çəkisi 1.0 - 1.4 kq təşkil etməklə, enerji dəyəri 160 kkal/100 q-a bərabərdir. Zülal, yağ, eləcə də kalsium, kalium və fosfor miqdarına görə toyuq yumurtası ilə eyni olan dəvəquşu yumurtası tərkibindəki xolesterolun az olması ilə (10-15mq/100 q) digər növ quş yumurtalarından fərqlənir. Bu da öz növbəsində onun pəhriz qida növü kimi səciyyələndirilməsinə əsas verir.

İnsanların qida rasionunda üstünlük təşkil edən toyuq yumurtası biokimyəvi tərkibinə görə vitaminlər (A, B1, B2, B3, B4, B5, B9, B12, D, E, K, H ), proteinlər (yumurta ağında- ovalbumin, ovotransferrin, ovomukoid, ovoqlobulin, flavoprotein, avidin, yumurta sarısında- fosvitinlər), makro- və mikroelementlər (Ca, Mg, K, P, Fe, Se, Zn, Cr, Cl, Mn, Mo, Co, F, I, S, Cu və s.), antioksidantlar (lutein və zeaksantin), fermentlər və digər bioloji aktiv maddələr ilə zəngindir. Yumurtanın tərkibində proteinlər 13-17 %, lipidlər 11-12 %, minerallar 1-2 %, karbohidratlar isə 1 %-ə qədər təşkil edir. Proteinlər əsasən yumurta ağında toplanmaqla, tərkibində 20 məlum aminturşusunun demək olar ki, hamısına rast gəlinir. Əvəzolunmaz aminturşuları (histidin, izoleysin, leysin, lizin, metionin, fenilalanin, treonin, triptofan və valin) yumurtanın tərkibində daha çoxdur.

Yumurta sarısı embrionun inkişafı üçün əsas qida mənbəyi olmaqla, özündə daha çox lipid, vitamin, makro- və mikroelementlər ehtiva edir. Yumurta sarısında olan lesitin (fosfatidilxolin) qiymətli fosfolipidlərə aid olmaqla, orqanizmdə ürək-damar, sinir və həzm sistemi orqanlarının funksiyasına müsbət təsir göstərir.

Yumurta ağının tərkibində olan lizosim fermenti bakterisid xüsusiyyətlərə malikdir. Bu da yumurtanın mikroorqanizmlərin təsirindən qorunaraq xarab olmasının qarşısını alır. Qeyd edək ki, yumurtanın tərkibində olan ovomusinin (qlikoprotein) miqdarı 2-3 % təşkil edir. Bu da yumurta ağının gelşəkilli və tamlığının pozulmayan şəkildə olmasını təmin edir. Yumurtanın tərkibində olan lutein və zeaksantin təbii karotinoidlərə aid olub, yumurta sarısında toplanır ki, bu isə onun sarı çalarlı olmasını təmin edir.

Yumurtanın tərkibindəki lipidlər doymuş və doymamış ali yağ turşularından təşkil olunur. Doymuş yağ turşularına miristin, palmitin, stearin, araxin turşularını, doymamışlara isə olein, palmitolein, linol, linolen, araxidon turşularını şamil etmək olar ki, bu turşu kompleksi Omega-3, Omega-6 və Omega-9 şəklində təmsil olunur. Sterollardan yumurtanın tərkibində xolesterolun miqdarı 200-220 mq təşkil edir ki, bu da insanın gündəlik xolesterol ehtiyacının təxminən üçdə iki hissəsinə bərabərdir. Zəngin protein və yağ tərkibli olduğundan yumurtanın enerji dəyəri 100-140 kkal/100 q təşkil edir. Zülalların 100 ballıq qiymətləndirmə sistemində isə yumurta zülalı 97.3 balla qiymətləndirilir.

Beləliklə, yumurtanı faydalı qida növü kimi səciyyələndirən bioloji xüsusiyyətlər aşağıdakılardır:

• tərkibində sadə zülallar (albumin və qlobulinlər) çoxluq təşkil etdiyindən orqanizm tərəfindən asan mənimsənilir;

• D vitamini ehtiva edən qida növü kimi orqanizmin immun sisteminin möhkəmlənməsini, həmçinin sümük toxumasının formalaşmasını təmin edir;

• tərkibindəki antioksidantlar (lutein, zeaksantin, selen və s.) fəal bioloji xüsusiyyətə malik olmaqla, orqanizmi toksinlərdən təmizləyir və görməni yaxşılaşdırır;

• xolin və luteinlə zəngin olan yumurta qəbulu həm orqanizmdə sinir sisteminin fəaliyyətini, həm də yaddaş və mental funksiyaları tənzimləyir;

• yumurtanın tərkibindəki dəmir (ovotransferrin) orqanizm tərəfindən asan mənimsənildiyindən anemiyaların qarşısının alınmasında mühüm rol oynayır.

Zəngin biokimyəvi tərkibə və faydalı bioloji xüsusiyyətlərə malik olan yumurta baytarlıq-sanitariya və gigiyena qaydalarına riayət edilmədiyi halda insan sağlamlığı üçün təhlükə mənbəyi ola bilər. Belə ki, yumurta insanların Salmonella spp, Bacillus cereus, Campylobacter spp, Staphylococcus aureus və s. kimi patogen bakteriyalarla yoluxmasına səbəb ola bilər. Odur ki, patogenlərin məhv edilməsi və infeksiya ilə bağlı risklərin azaldılması məqsədilə yumurta istehlakı ilə bağlı sanitar-gigiyenik tələblərə ciddi əməl olunmalıdır. Belə ki, yumurtanın yuyulmadan və çiy halda istehlakına yol verilməməlidir. Yumurta istehsal yerində və istehlakçıya çatdırılana qədər bütün mərhələlərdə təmiz, quru, birbaşa günəş şüasının və yüksək temperatur dalğalarının təsir etmədiyi şəraitdə, müvafiq temperatur rejimində (5-12° C) saxlanılmalıdır. Ev şəraitində soyuducuda saxlanıldığı halda isə mal qonşuluğu prinsipi gözlənilməlidir. Qırılandan sonra əldə edilmiş maye yumurta isə dərhal istifadə edilmədiyi təqdirdə dondurulmalı və ya soyuducuda 4° C-dən yuxarı olmayan temperaturda saxlanılmalıdır.

Bəzi hallarda insanlarda yumurta proteinlərinə (xüsusilə ovomukoid zülalı) qarşı allergiya müşahidə olunur. Odur ki, allergiyaya həssas insanlar istər yumurta, istərsə də tərkibində yumurta olan qida məhsullarını istehlak edərkən diqqətli olmalıdırlar.

 

17

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

5
Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.

BAKI, 17 aprel — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25711 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 693 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 325 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 879 356, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 445 678 təşkil edir.

5
Türkiyə hərbçiləri, arxiv şəkli

İrandan Türkiyəni qəzəbləndirəcək plan

0
(Yenilənib 22:55 17.04.2021)
Rusiya ordusuna bağlı birliklər Suriyanın Tel-Rıfat bölgəsini tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib.

BAKI, 17 aprel — Sputnik. Türkiyə 6 ildir PKK işğalı altında olan Suriyanın Tel-Rıfat qəsəbəsini və İraq-Suriya sərhəddində yerləşən Sincar bölgəsini terrorçulardan təmizləməyə çalışır.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, Tel-Rıfatda Rusiya ordusuna bağlı birliklər bölgəni tərk edərkən yerlərinə İran İnqilab Keşikçilərinin elementləri yerləşdirilib. Digər terror bölgəsi olan Sincara isə Tehrana bağlı "Haşdi Şabi" milisləri yerləşdirilib.

"Hizbullah"ın baş katibi Hüseyin Həmdavi və "Haşdi Şabi"nin qurucusu Hadi əl-Amiri və digərləri Sincar ilə əlaqədar Türkiyəni təhdid ediblər.

"Fərat qalxanı" bölgəsindəki yüksək səviyyəli bir mənbə Tel-Rıfata qarşı hərbi əməliyyat üçün bütün hazırlıqların 2018-ci ildə tamamlandığını, ancaq İranın maneə törətdiyi üçün əməliyyatın təxirə salındığını söyləyib.

 

 

0