Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

İki doza vaksin vurduranları Türkiyədə karantinə almayacaqlar. Bizdə isə...

1908
(Yenilənib 00:27 19.03.2021)
"Xarici ölkələrin bəzilərində vaksinin ikinci dozası vurulan şəxslərə muzeylərə, sərgi salonlarına girişə icazə verilir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Türkiyə Səhiyyə Nazirliyi Koronavirus Elmi Komitəsi tərəfindən hazırlanan "Əlaqə İzləmə, Xəstəliyin İdarə Edilməsi, Evdə Xəstələrin İzlənməsi və Doldurma Bələdçisi"ni yeniləyib.

 Son yeniləməyə görə, koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurduranlar  peyvənddən 14 gün sonra virus keçirmiş insanlarla təmasda olsalar da, karantinə alınmayacaqlar.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər 460 minə yaxın vətəndaş vaksinasiya olunub. Hazırda vaksinasiyanın ikinci mərhələsi aparılır. Sputnik Azərbaycan vaksinin ikinci dozasını alan şəxslərə ölkəmizdə karantin şərtlərində hər hansı yumşalmanın tətbiq edilməsinin mümkünlüyünü araşdırıb.

İnfeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinin ikinci dozası vurulan şəxslərə karantin qaydalarında yumşalma olmalıdır:

"Xarici ölkələrin bəzilərində vaksinin ikinci dozası vurulan şəxslərə muzeylərə, sərgi salonlarına girişə icazə verilir. Çünki ikinci doza almış şəxslərin orqanizmində virusa qarşı immunitet yaranır. Onların bu virusa yoluxma və yoluxdurma faizi çox aşağıdır. Mənim fikrimcə, ölkədə pandemiya ilə əlaqədar SMS-icazə sistemi yenidən tətbiq edilərsə, vaksin vurduran şəxslərə bu qayda şamil edilməməlidir. Vaksinin ikinci dozasını vurduranlar sms icazədən azad edilməli və onların sərbəst hərəkətinə imkan yaradılmalıdır".

Vüqar Cavadzadə bildirib ki, belə bir qərar qəbul edilərsə, bu, peyvənd vurulmayan digər şəxslərin də vaksinə marağını artırar. Ekspert qeyd edir ki, SMS-icazə sistemi tətbiq olunarsa, virusa yoluxub sağalanlar da azad oluna bilər: "SMS-icazə sistemi tətbiq olunarsa, 6 ay ərzində virusa yoluxub sağalanlar bu qadağadan kənarda qalmalıdır”.

Milli Məclisin deputatı Müşfiq Məmmədli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Türkiyədəki karantin qaydalarında tətbiq edilən bu dəyişikliyin Azərbaycanda tətbiqinə tələsmək olmaz. Onun sözlərinə görə, karantin qaydalarında vaksinasiyaya görə dəyişiklik ancaq əhalinin çox hissəsində virusa qarşı immunitet yarandıqdan sonra edilə bilər: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılmış elmi araşdırmalara  görə, hədəflənmiş risk qrupunun 40 faizi vaksin olunmalıdır. Bu biz dediyimiz pandemiya ilə mübarizədə ən effektiv üsul hesab olunur. Hər hansı ölkədə, eləcə də Azərbaycanda karantin qaydalarında vaksinasiyaya qarşı dəyişiklik aparmaq üçün ümumiyyətlə bütün arealda yaşayan əhalinin 70 faizində immuntet formalaşmalıdır.

Hazırda Azərbaycanda əhalidə virusa qarşı kifayət qədər immunitet yaranmayıb. Yəni vaksinasiya hədəf kütləni tam əhatə etməyib. Ona görə də biz vaksinasiyanı sürətlə apararaq dediyimiz rəqəmlərə yaxınlaşmalıyıq".

M.Məmmədli deyir ki, koronavirusa qarşı vaksinin ikinci dozasını vurduran şəxslərdə COVID-19-a qarşı immunitet formalaşıb: "Vaksinin hər iki dozasını vurduran insanlarda digər insanlara nisbətən yoluxma riski azdır. İmmuniteti zəif olanlarda yoluxma olarsa belə, onlar xəstəliyi yüngül keçirdirlər. Amma bununla belə, biz ÜST-ün tövsiyyə etdiyi kimi, əhali arasında virusa qarşı immunitetin formalaşmasına çalışmalıyıq. Bunun üçün vaksinin hər iki dozasının vurulması, vaksinasiyaya cəlb edilənlərin sayının artması şərtdir. Bizdə isə həssas qrupa aid əhalinin hamısı peyvənd olunmayıb. Ona görə də qaydaların yumşaldılmasından əvvəl əhali arasında vaksin edilənlərin faizi artmalıdır".

1908
Teqlər:
Azərbaycan, Türkiyә, vaksinasiya, karantin, ikinci, doza, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (61)
Sinovac Biotech şirkətinin CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

10
(Yenilənib 17:33 14.04.2021)
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413 olub.

 

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda bu gün 31028 nəfər vaksinasiya olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4681 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1243191, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 813413, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 429778 nəfər təşkil edir.

10
Teqlər:
Azərbaycan, vaksinasiya
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (61)

Azərbaycanda koronavirusla bağlı durum: ölü sayı 30-dan düşmür

204
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.

BAKI, 14 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yoluxma faktı qeydə alınıb, 2071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255833 nəfər müalicə olunaraq sağalıb, 4009 nəfər vəfat edib. 32052 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14086, bu günə qədər isə ümumilikdə 3054472 test icra olunub.

204
Teqlər:
Azərbaycan, statistika, ölüm, yoluxma, test, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin