Polis işçisi metamfetamin sintetik narkotikini nümayiş etdirir, arxiv şəkli

Narkomanların yeni "növü" yaranıb artır

38
(Yenilənib 19:31 18.03.2021)
"Son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb" - Şöbə müdiri.

BAKI, 18 mart — Sputnik. Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov Mərkəzin fəaliyyəti barədə müsahibə verib.

Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən müsahibəni təqdim edir:

- Narkoloji Mərkəzdə müalicə olunan vətandaşlara etdiyiniz yardımlara nələr daxildir?

- Mərkəzdə narkotik vasitələrdən istifadə edənlər, habelə sərxoşluq edən şəxslər arasında narkomaniyanın, alkoqolizmin, toksikomaniyanın və digər asılılıq hallarının meydana çıxmasının qarşısını almaq məqsədilə müalicə və profilaktika işi aparılır. Mərkəz əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını, o cümlədən alkoqol sərxoşluğunun ekspertizasını həyata keçirir. Azadlıqdan məhrumetmə yerlərindən alkoqolizm, narkomaniya və toksikomaniya ilə əlaqədar məcburi müalicəyə göndərilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və müalicəsini, narkotik vasitələrdən və digər psixotrop maddələrdən sui-istifadə edən şəxslərə psixoterapevtik və əxlaqi-mənəvi yardım göstərilir.

- Narkoloji müalicə prosesində psixoloji durumun sağlamlığını necə bərpa edirsiniz?

- Narkoloji Mərkəzdə müalicə alan xəstələrə dərman müalicəsi ilə yanaşı, psixoloqlar tərəfindən fərdi və qrup terapiyaları şəklində psixoloji yardım göstərilir. Mövcud durumu nəzərə alaraq xəstələrə psixoloji yardımın intensivliyi artırılıb.

- Pandemiya şəraitində sizin COVID-19-la mübarizəniz necə davam edir?

- Koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə mərkəzdə maska taxılması, sosial məsafənin qorunması, əl gigiyenasına əməl edilməsi tövsiyələrini əks etdirən məlumatlandırıcı lövhələr vurulub. Giriş qapısında mərkəzə müraciət edən şəxslərin hərarətləri yoxlanılaraq dezinfeksiyaedici vasitələrdən istifadə edilir. İlkin olaraq "Qəbul" şöbəsində xəstələrin hərarətləri yoxlanılır. Əgər xəstədə hərarətin yüksək olması aşkar olunarsa, COVID-19 test müayinəsi məsləhət görülür. Qəbul olunan xəstələr birbaşa müayinə üçün rentgen kabinetinə yönləndirilirlər. Pandemiya ilə əlaqədar stasionar şəraitdə müalicə alan xəstələrin təhlükəsizliyi məqsədilə xüsusi karantin rejimi qaydalarına əsasən xəstə yaxınları ilə görüş qadağan olunub. Bütün otaqlar və dəhlizlər dezinfeksiyaedici məhlulla müntəzəm olaraq təmizlənir.

- Müraciətlər haqda danışardınız.

- Son dövrlər edilən müraciətlərə əsasən deyə bilərik ki, polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarımsintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb. Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə "metamfetamin" və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı, müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.

- Mərkəzdə neçə şəxs qeydiyyatdadır və ötən illə müqaisədə artma, yoxsa azalma müşahidə olunur?

- Hazırda Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 12969-u 18-34 yaşlar arası şəxslərdir. Qeyd edim ki, ötən il bu rəqəm 32921 olub. Amma bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk.

38
Teqlər:
metamfetamin, narkomaniya

Azərbaycanda bir gündə 2287 nəfər COVID-19-dan sağalıb

13
İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

BAKI, 17 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2148 yeni yoluxma faktı qeydə alınıb, 2287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 298522 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 262480 nəfər müalicə olunaraq sağalıb, 4107 nəfər vəfat edib, aktiv xəstə sayı 31935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14583, ötən müddət ərzində isə ümumilikdə 3096740 test aparılıb.

13
Həblər, arxiv şəkli

Bu dərmanlar Azərbaycanda qadınlara pulsuz veriləcək

13
(Yenilənib 21:21 16.04.2021)
Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

BAKI, 17 aprel — Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında əməkdaşlıq çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54000 qutu həb ianə edilib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, UNICEF tərəfindən ianə edilmiş Çin Xalq Respublikasının istehsalı olan preparatların Bakıda "İpək Yolu" gömrük terminalında təhvil-təslimi keçirilib.

Tədbirdə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və Agentliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ruslan Abdullayev iştirak ediblər.

"Hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması üçün ananın orqanizmində kifayət qədər fol turşusu və dəmir olmalıdır. Fol turşusunun defisiti dölün sinir sisteminin formalaşmasında qüsurların yaranmasına gətirib çıxarır. Araşdırmalar göstərir ki, hamilə qadınların iki nəfərdən birində dəmir-defisitli anemiya müşahidə olunur. Məhz bu səbəbdən beynəlxalq təcrübədə hamilə qadınlara dəmir və fol turşusu preparatı qəbul etmək tövsiyə olunur", - UNICEF-in nümayəndəsi T.Cəmilova bildirib.

R.Abdullayev ianəyə görə Agentliyin rəhbərliyi adından təşəkkürünü bildirib. R.Abdullayev qeyd edib ki, UNICEF-in tövsiyəsinə uyğun olaraq, ianə edilən preparatlar yaxın günlərdə tibb müəssisələrinə paylanılacaq: "Qısa zamanda hamiləliyin birinci trimestrində olan qadınlar TƏBİB-in nəzdindəki tibb müəssisələrinə müraciət edib preparatları pulsuz əldə edə biləcəklər. Bu təminat uşaqlar arasında əlilliyin qarşısının alınmasına, ana və körpə ölümü riskinin azaldılmasına öz töhfəsini verəcək. Gələn ildən hamiləlik dövründə müşahidə olunan dəmir və fol turşusu defisitinin profilaktikası məqsədi ilə bu preparatlar icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil ediləcək. Sözügedən qərar ana və uşaq sağlamlığının qorunmasının Azərbaycan hökuməti üçün prioritet məsələ olduğunu göstərir".

Qeyd edək ki, Azərbaycanda antenatal qulluq üzrə klinik protokollara əsasən hər bir hamilə qadına fol turşusu və profilaktik doza dəmir preparatı təyin olunmalıdır.

13
İnsanın kölgəsi, arxiv şəkli

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb

0
(Yenilənib 19:02 17.04.2021)
Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub. Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanılan zaman L.Musayevin üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in "102" Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

0