Azərbaycanda koronavirusa yoluxmada azacıq geriləmə var

882
İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib

BAKI, 17 mart — Sputnik. Azərbaycanda son sutkada 840 (martın 16-da 980) nəfərdə COVID-19 infeksiyasına yoluxma aşkarlanıb, 268 (martın 16-da 309) nəfər isə müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumatda deyilir.

Analiz nümunələri müsbət çıxan 9 (martın 16-da 12) nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 242 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 638 nəfər müalicə olunaraq sağalıb, 3 307 nəfər vəfat edib, aktiv xəstə sayı 7546-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 023, bu günə qədər isə ümumilikdə 2 736 493 test icra olunub.

882
Teqlər:
azalma, statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (434)
Xırdalanda uşaqlar, arxiv şəkli

COVID-19 bu uşaqlar üçün daha təhlükəlidir - Baş pediatr cavabladı

10
(Yenilənib 23:17 12.04.2021)
Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur.

BAKI, 12 aprel — Sputnik. Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev uşaqların COVID-19-a yoluxması hallarında danışıb. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən baş pediatrın müsahibəsini təqdim edir:

- Uşaqlar COVID-19 virusunu necə keçirirlər?

- 1 il 4 aydan artıq müddətdir ki, davam edən COVID-19 infeksiyası zamanı aparılan müşahidələr göstərir ki, böyüklərlə müqayisədə uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Müqayisə üçün qeyd etmək olar ki, uşaqlarda bu infeksiyadan baş verən fəsadlar və ölüm hadisələrinə böyüklərdən yüz dəfəyə qədər az rast gəlinir. Lakin onu da qeyd etmək lazımdır ki, bu vəziyyət uşaqlara göstərilən diqqət və qayğının azalmasına heç bir əsas vermir. Nadir hallarda da olsa, uşaqlarda çox ağır fəsadlar və ölüm hadisələri müşahidə edilir.

- Uşaqlarda adətən rast gəlinən əlamətlər hansılardır?

- Uşaqlarda bu xəstəliyin əlamətləri bir qayda olaraq hərarətin yüksəlməsi, baş ağrısı, boğaz ağrısı, qusma və ishalla müşayiət olunur. Uşaqlarda böyüklərdə göründüyü kimi atipik pnevmoniyanın inkişafı nadir hallarda baş verir.

- Böyüklərlə müqayisədə bəzən uşaqlarda yaranan simptomları təyin etmək daha çətin olur. Valideynlər nəyə diqqət etməlidirlər?

- Bu deyilənləri tibb işçiləri ilə bərabər valideynlər də nəzərdə saxlamalıdırlar. Belə halların müşahidə olunduğu uşaqlar vaxt itirmədən uşaq həkiminə və ya uşaq infeksionistinə göstərilməlidir. Onu da yadda saxlamaq lazımdır ki, yüngül əlamətlərin görülməsinə baxmayaraq, uşaqlar ətrafdakılar üçün həmişə yoluxma təhlükəsi yaradırlar. Ona görə də uşaqlara qarşı daha da diqqətli olmaq lazımdır.

- Hansı uşaqlar üçün COVID-19 daha təhlükəlidir?

- COVID-19 xəstəliyi immun çatışmazlığı, xroniki xəstəliyi, şiş xəstəliyi olan, inkişafdan geri qalmış uşaqlar üçün daha təklükəlidir. Valideynlər və uşaq həkimləri uşaqların düzgün və keyfiyyətli qidalandırılması (vitaminlərlə zəngin meyvə-tərəvəzlər daxil olmaqla), mövsümə uyğun geyindirilməsi, mümkün olan bütün hallarda açıq havada gəzdirilməsi və xəstəlik şübhəsi olanlarla təmasdan uzaq olmasına diqqət yetirməlidirlər.

10
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

"Vaksin vurulduqdan sonra profilaktika tədbirlərinə riayət olunmalıdır" - Həkim

7
(Yenilənib 19:41 12.04.2021)
"Peyvənd olunduqdan sonra 3 gün ərzində hamam və saunalardan imtina etmək lazımdır. Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən uzaq olmaq mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır" - Bəylər İmanov

BAKI, 12 aprel — Sputnik. "Koronavirusa qarşı peyvənddən sonra bir çox insanlarda suallar yaranır. Məsələn, "Vaksinasiyadan sonra karantin qaydalarına yenə də ciddi surətdə riayət etmək lazımdırmı?", "Peyvənd olunmamış insanlarla ünsiyyətdə olmaq təhlükəlidirmi?", "Vaksinasiyadan sonra insan bu virusa yoluxa bilərmi?" və s. Vaksin infeksiyadan 100% qorumasa da, hələlik bütün dünya həkimləri koronavirusa qarşı ən effektiv üsul kimi vaksinasiyanı seçib". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Bəylər İmanov “Həkim məsləhəti” rubrikasında "Peyvənd almış insanlar özlərini necə qorumalı, hansı qaydalara riayət etməlidir?” sualını cavablandırarkən deyib.

O bildirir ki, peyvənd olunan insanlar da virusa yoluxa bilər: "Lakin bu şəxslər xəstəliyi ağırlaşmalar olmadan, fəsadsız keçirirlər. Məsələn, peyvənd almış insan bir ay ərzində COVID xəstəsi ilə ünsiyyətdə olarsa, yoluxa bilər, ancaq bu zaman o, xəstəliyi daha yüngül keçirəcək. Belə hallarda ölüm halı istisnadır. Koronavirus infeksiyasına qarşı vaksin vurulduqdan sonra mütləq profilaktika tədbirlərinə riayət olunmalıdır. COVID-19-a yoluxmamaq üçün kütləvi tədbirlərdən uzaq olmaq, gigiyenik qaydalara ciddi riayət etmək, maska və əllərin tez-tez yuyulması rejimini gündəlik həyat tərzi kimi qəbul etmək, sosial məsafə saxlamaq lazımdır".

"Peyvənd olunduqdan sonra 3 gün ərzində hamam və saunalardan imtina etmək lazımdır. Həmçinin, fiziki yüklərdən azad olmaq məsləhətdir. Alkoqollu içkilərdən uzaq olmaq mütləqdir. Peyvənddən sonra bir qədər istirahət etmək lazımdır", - deyə həkim əlavə edib.

Mütəxəssis bildirir ki, vaksinasiyadan sonra qida rasionuna diqqət etmək zəruridir: "Çalışın orqanizmdə D vitamini səviyyəsinin kifayət qədər olduğunu diqqətdə saxlayasınız. Zülal tərkibli məhsullar qəbul edin. Bu, daha çox ət, balıq və yumurtada olur. Fikir verin ki, qida rasionunuzda bu qidalar və digər vitaminlərlə zəngin məhsullar olsun. Həmçinin, çalışın soyuqlamayın, çox istidə də olmayın, stressdən uzaq durun və allergiyanız olan məhsulları qəbul etməyin. Hamiləliyin planlaşdırılmasını peyvənd olunduqdan 2-3 ay sonraya saxlamaq məsləhətdir və vaksinasiyadan qabaq hamiləlik planlaşdıran qadınlara bu barədə məlumat verilir".

7
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0