Plastik cərrahi Könül Ağamirov

Azərbaycansayağı gözəllik: plastik cərrahiyyənin bəzi sirləri

504
(Yenilənib 10:35 16.03.2021)
Könül Ağamirova öz peşəsinin bəzi aspektlərindən danışaraq əməliyyatın nəticəsindən razı qalmaq üçün peşəkar həkimi necə seçmək barədə kişilərə və qadınlara məsləhətlərini verdi.

BAKI, 15 mart — Sputnik, Kəmalə Əliyeva. Təbabətin ən böyük nailiyyətlərindən biri də müasir plastik cərrahiyyədir. İnsanların öz zahiri görünüşünü dəyişmək cəhdlərinə müxtəlif cür yanaşmaq olar. Lakin bunun bir çoxlarına özünü daha yaxşı hiss etmək imkanı verdiyini danmaq olmaz. Azərbaycanda zahiri görünüşündə tez-tez dəyişikliklər edən qadınlar çoxdur, xüsusilə də məşhurlar arasında.

Karantin dövründə əməliyyat etdirmək istəyənlərin sayı artıbmı? Əməliyyatın uğurlu olacağına tam əmin olmaq üçün peşəkar həkimi necə seçməli? Hazırda hansı əməliyyatlar daha çox dəbdədir? Bu və digər suallara Sputnik-Azərbaycana müsahibəsində ölkənin ən yaxşı plastik cərrahlarından biri Könül Ağamirova cavab verib.

- Könül xanım, deyilənə görə karantin dövründə plastik əməliyyat etdirənlərin sayı artıb. Bu həqiqətən belədirmi?

- Düzünü desəm, mənim statistikama diqqət yetirsək, Azərbaycanda karantin tətbiq olunandan bəri öz zahiri görünüşünü dəyişmək istəyənlərin sayının artdığını deyə bilmərəm. Müraciət edənlərin sayı eynidir. Əməliyyatdan sonra reabilitasiya prosesi xeyli vaxt aparır – şişkinlik, göyərmələr çəkilməlidir ki son nəticəni aydın görmək mümkün olsun. Əməliyyat etdirib səhəri günü işə çıxmaq olmaz. Əvvəllər pasiyentlər şikayət edirdilər ki işdən uzun müddətə icazə alaraq bir yerə çıxa bilmirlər. Karantin isə həmin insanlara bu imkanı yaratdı və bu karantinin müsbət tərəfidir.

© Photo: Courtesy of Konul Aghamirova
Plastik cərrahi Könül Ağamirova

- Əməliyyat etdirənlər daha çox hansı yaşda olan insanlardır?

- Plastik cərrahiyyədə yaş məhdudiyyəti yoxdur. Müxtəlif yaşda insanlar müraciət edir, 18-dən 70 yaşa qədər. Estetik problemlərlə hər bir yaş qrupuna aid insanlar qarşılaşır. Məsələn, 18 yaşlı qızlar adətən burun, dodaq, çənə formasından narazı olurlar, 55-70 yaşlılar isə daha çox ümumi görünüşündən. Mənə daha çox 35-55 yaşlı insanlar müraciət edir. Bu yaşda süd vəzilərinin və qarın nahiyəsinin yaşla bağlı və hamiləlik və döşlə əmizdirmə nəticəsində deformasiyası ilə əlaqədar komplekslər yaranır. Bədən konturlarının yaxşılaşdırılması, lipomodelləşdirmə əməliyyatlarının məqsədi bədəni daha cazibədar etməkdir.

- Siz daha çox müalicənin tərəfdarısınız, yoxsa, bütün cərrahlar kimi, əməliyyatın?

- Bəli, mən cərrah bıçağını sevirəm. Çünki onun köməyi ilə bir çox problemləri həll etmək olar. Bir cərrah olaraq mən bundan qürur duyuram, lakin insanların bədənində çapıqlar qoymaq xoşuma gəlmir. Ona görə də həmişə pasiyentlərə alternativ üsullarla kömək etməyə çalışıram. Məsələn, əgər qarın nahiyəsində dəri "önlük" çox böyük deyilsə, dəridə qırışlar və deformasiya çox deyilsə, lakin pasiyentin beli enlidirsə, mən lipoksasiyanı məsləhət görürəm. Bu zaman ancaq nazik piy qatını çıxarıram. Hər şey pasiyentdən asılıdır. Onların əksəriyyəti məsləhətə qulaq asır.

- Kişilər Sizə tez-tez müraciət edir? Onlar zahirində nəyi dəyişirlər?

- Kişi və ya qadın olmağın fərqi yoxdur, çünki estetik problemlər hamıda var. Güclü cinsin nümayəndələri tez-tez müraciət edirlər. Əsasən onlar qarının, kürəyin və belin lipoksasiyasını etdirirlər. Kişilərin burun forması, göz qapaqları və ginekomastiya (kişilərdə döş vəzilərinin birinin və ya hər ikisinin böyüməsi ilə xarakterizə olunan patoloji hal) ilə bağlı narahatlığı nadir hallarda olur.

© Photo : Courtesy of Konul Aghamirova
Plastik cərrahi Könül Ağamirova

- Məşhurlarla bağlı nə deyə bilərsiniz? Onlar Sizə tez-tez müraciət edirlər? Onların şıltaqlıqlarına dözmək çətin olmur ki?

- Mənə bir çox məşhurlar müraciət edir. Mənim üçün onlar da digər pasiyentlər kimi – adi insanlardır. Buna görə də mən onlara əməliyyatı reklam üçün etmirəm. Onların əksəriyyəti əməliyyat etdirdiklərini ictimaiyyətdən gizlədirlər. Lakin aralarında elələri də var ki bundan piar üçün istifadə edirlər. Düzünü desəm, mənim üçün ulduzlarla işləmək adi insanlarla işləməkdən daha asandır. Onlar estetik cəhətdən özlərindən razı olmaq istəyirlər. Onlara nələrisə izah etmək daha asandır. Ulduzlar əməliyyatdan sonra daha az kompleks yaşayırlar. Adi insanları xoşbəxt etmək üçün bizə həmişə daha çox vaxt lazım olur.

- Plastik cərrahiyyənin ən əsas üstünlüyü və çatışmazlığı nədədir?

- Yəqin əsas üstünlük ondadır ki, insanın zahirində və ya bədənində hansısa çatışmazlığı aradan qaldırdıqda biz onu çox xoşbəxt edirik. Bizim sayəmizdə insanın bütün həyatı dəyişir və bu bizi məmnun edir. Bəzən isə elə olur ki, insan əməliyyatın nəticəsindən razı qalmır. Hər çeyin uğurlu olmasına rəğmən onları buna inandırmaq çətin olur. Hər şey insanın xarakterindən asılıdır. Yaxşı ki bu cür hallar çox az-az olur. Məsələn, səkkiz ay əvvəl bir bloqer xanımın süd vəzilərinin dartılması əməliyyatını etmişdik. Əməliyyat çox uğurlu alınmışdı. Lakin həmin xanım sosial şəbəkələrdə yalan məlumatlar yayaraq həkimin nüfuzuna xələl gətirməyə çalışdı. Təəssüf ki, belələri də olur. Allaha şükür ki, əməliyyatın nəticəsindən razı olanlar daha çoxdur. Onlar həkimə stimul verir.

- Plastik cərrahlar arasında təkcə virtuozlar deyil, şarlatanlara da rast gəlinir. Bəzi hallarda onların əməlləri hətta pasiyentin ölümünə də gətirib çıxarır. Deyə bilərsinizmi, yaxşı plastik cərrahı necə seçmək olar?

- Plastik cərrahiyyə ilə ali kateqoriya statusu almış həkimlər məşğul olur. Mütəxəssisə müraciət etməzdən əvvəl pasiyentlər onun haqqında, gördüyü işlər barədə daha çox məlumat toplamalıdırlar. Təəssüf ki, bir çox həkimlər sosial şəbəkələrdə digər həmkarlarının işlərini öz adlarına çıxaraq paylaşırlar. İnsanlar isə bunu bilmir və belə cərrahların qurbanına çevrilirlər.

© Photo: Courtesy of Konul Aghamirova
Plastik cərrahi Könül Ağamirova

- Son dövrlər gözəllik etalonu barədə təsəvvürlər dəyişibmi və dəyişibsə, nə dərəcədə? Bu günün diktə etdiyi standartlar hansılardır?

- Gözəllik etalonu trendləri ildən-ilə dəyişir. Hazırda biz daha təbii görünən vasitələrə üstünlük veririk. Məsələn, səkkiz və ya on il əvvəl xanımlar iri və yumru döş implantlarına üstünlük verirdilərsə, hazırda damcıya bənzər implantları daha çox seçirlər. Çünki bu cür implantlar süd vəzilərinin təbii konturlarını təkrarlayır. Anatomik implantla xanımların sinəsi maksimum təbii ahəngdar görünür. Pasiyentlər əsasən süd vəzilərinin dartılması və həcminin kiçildilməsi üçün müraciət edirlər.

Lipoksasiya və lipofilinq də dəbdədir. Beş-on il əvvəl bu kişilər və qadınlar arasında o qədər də dəbdə deyildi və bu sahə o qədər də inkişaf etmirdi. Lipoksasiyanın köməyi ilə beldə, qarın nahiyəsində, arxada, boyunda, qollarda və sinədə piy qatını aradan götürmək olar. Bundan əlavə piy toxumalarını sonradan demək olar ki istənilən bədən hissəsinin – üzün, qolların, sinənin, arxanın korreksiyası üçün istifadə etmək olar. Onların köməyi ilə çapıqlar və qırışlar aradan qaldırılır, dodaq və yanaqlar şişirdilir.

Blefaroplastikanı da qeyd etməyə bilmərəm. Bu əməliyyat zamanı göz qapaqları dartılır. Bəzi pasiyentlər üçün bu əməliyyat göz qapaqlarının yırtıq və şişlərindən qurtulmağın yeganə əlacıdır.

504
Koronavirus testi, arxiv şəkli

Koronavirusa yoluxma sayı azaldı

14
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5955, bu günə qədər isə ümumilikdə 3114879 test icra olunub.

BAKI, 19 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 301661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib. 31953 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5955, bu günə qədər isə ümumilikdə 3114879 test icra olunub.

14
Məktəbdə müəllim, arxiv şəkli

Virus peşə tanımır, bəs niyə daha çox müəllimlər ölürlər?

432
(Yenilənib 15:47 19.04.2021)
Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Təhsil işçiləri vaksinasiya prosesinə cəlb olunsalar da, onlar arasında ölüm xəbərlərinə tez-tez rast gəlirik. Bu günlərdə isə Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimova koronavirusdan dünyasını dəyişiblər.

 Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə aprelin 14-də COVID-19-un qurbanı olub. Məktəblərin bağlı olduğu və təhsil işçiləri arasında vaksinasiyanın aparıldığı bir vaxtda müəllimlər arasında koronavirusdan ölüm hallarının baş verməsi isə cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, 20 nömrəli məktəbdə çalışan müəllimlər vaksinasiya prosesindən keçməyiblər. Məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, müəllimlər koronavirusa təhsil işçiləri arasında peyvəndlənməyə başlamazdan öncə yoluxublar. Ona görə də onlar koronavirus əleyhinə vaksin olunmayıblar.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əyani tədrisin olmadığı vaxtda müəllimlər arasında koronavirusdan ölüm halları müəyyən suallar doğursa da, virusa yoluxmanı və ölüm hallarını peşə ilə əlaqələndirmək doğru yanaşma deyil:

"Bu virusun peşəyə aidiyyəti yoxdur. Təbii ki, müəllimlərin arasında yoluxma hallarının olması və ölüm hadisələri bizi də narahat edir. Bu da onu göstərir ki, müəllimlər arasında vaksinasiya labüddür".

Həmsöhbətimiz bildirir ki, vaksinasiya təhsil sahəsində operativ həyata keçirilir. Onun sözlərinə görə, təhsil sahəsində COVID-19-a yoluxmanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb: "65 yaşdan yuxarı, risk qrupuna daxil olan müəllimlər əyani tədrisə buraxılmırlar. Təhsil sahəsində virusa yoluxmanı minimuma endirmək üçün bütün imkanlardan istifadə olunur. Hətta qərar verildi ki, sıxlıq olan ərazilərdə əyani təhsil dayandırılsın. Amma nəzərə almaq lazımdır ki, müəllimlər günün müəyyən hissəsini məktəbdə keçirirlər. Qalan hissəni evdə, ictimai yerlərdə olurlar. Bu baxımdan müəllimin harada, hansı şəraitdə virusa yoluxduğunu söyləmək çətindir".

Şuranın sədr müavini bildirir ki, hazırda virusa yoluxma ilə bağlı ən aşağı risk məktəblərdir: "Bu gün hara baxırıq, uşaqlar toplu şəkildə oynayırlar. Restoranlarda da uşaqlar çoxdur. Məktəbləri isə virusa görə bağlamışıq. Halbuki məktəblərdə sanitar-gigiyenik qaydalar qorunur. Mən hesab edirəm ki, biz müəllim və uşaqlar arasında koronavirusa yoluxma faizini çıxartsaq, bu, ölkə üzrə yoluxmanın ancaq 2 faizini edər. Məktəblərdə virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Amma biz bu cür tədbirləri nə ictimai nəqliyyatda, nə də ki, restoranlarda görürük".

İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlər arasında ölüm hallarının çoxaldığını demək olmaz: "Sadəcə onların cəmiyyətdə tutduğu mövqeyə görə müəllimlərin ölüm halları ictimailəşir".

V.Cavadzadə bildirir ki, ümumi olaraq müəllimlər qapalı müəssisələrdə işləyirlər. Onlar şagird və müəllimlərlə təmasda olduqlarından risk qrupuna daxildirlər. Bununla belə, infeksionist deyir ki, virus peşə tanımır. O ki qaldı müəllimlər arasında ölüm hallarının qeydə alınma səbəblərinə, V.Cavadzadə söyləyir ki, bu, insanların xəstəliyin ağırlaşma mərhələsində həkimə müraciət etmələri ilə bağlıdır. Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur. Bu isə virusa yoluxma zamanı xəstəlikləri daha da ağırlaşdırır.

Həmsöhbətimiz deyir ki, təhsil işçilərinin sürətli vaksinasiyası ölüm hallarının qarşısını alacaq:

"Düzdür, indi könüllü olduğu üçün bəzi insanlar vaksinasiyaya üstünlük vermirlər. Amma təcrübə göstərir ki, vaksin olunanlar xəstəliyi yüngül keçirirlər. Mənim xəstələrim arasında da belələri var. Ər-arvad vaksin olunub, yanaşı xəstəlikləri var, amma xəstəliyi yüngül keçirirlər. Biz dəfələrlə demişik ki, vaksin olunan şəxs virusa yoluxacaq, amma xəstəliyi ağır keçirməyəcək, ölüm riski azalacaq. Məhz bunun üçün insanlar koronavirus əleyhinə dövlətin yaratdığı imkandan istifadə etməli, peyvənd olunmalıdırlar".

Təhsil Nazirliyindən isə bildirdilər ki, nazirlikdə bununla bağlı yeni məlumat yoxdur.

432
Teqlər:
ölüm, müəllimlər, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Moskvada Kremlə mənzərə, arxiv şəkli

Rusiyada yaşayan həmyerlilərimiz güzəştlərdən yararlana biləcəklər

0
(Yenilənib 23:27 19.04.2021)
Mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir

BAKI, 20 aprel — Sputnik. "Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən biri olan Rusiya Federasiyasında da pandemiya dövrününün tələblərindən irəli gələrək miqrantlarla bağlı bir sıra güzəştlər qəbul edilib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, bu istiqamətdə Rusiya Federasiyasında 18 aprel 2020-ci il tarixdə “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” müvafiq Fərman imzalanıb. Bu Fərmanda nəzərdə tutulan miqrantlarla bağlı yumşaldıcı tədbirlərin vaxtı bir neçə dəfə artırılıb və sonuncu dəfə bu müddət 15 iyun 2021-ci ilə qədər uzadılıb: "Ümumən pandemiya ilə bağlı müxtəlif ölkələrdə miqrantlara təqdim edilən güzəştlərin müddətləri müxtəlif qaydalarda müəyyən edilir və mütəmadi uzadılması praktikası mövcuddur. Ölkəmizdə də hazırda 1 iyun tarixinədək oxşar yanaşma tətbiq edilir.

Rusiyada qeyd edilən Fərmana əsasən 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək Rusiyada olan və pandemiya səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma, müvəqqəti və daimi yaşama müddətləri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə və ya yaşadığı ünvan üzrə qeydiyyata alındıqları müddətlər qeyd olunan tarixlərdə bitirsə, müddət axımı dayandırılmış hesab olunub. Qeyd edilən tarixlərdə daimi və müvəqqəti yaşama icazələrinin və miqrasiya kartının etibarlılıq müddətinin bitməsinin də müddət axımı dayandırılıb. Həmçinin mövcud vəziyyət nəzərə alınmaqla 15 mart 2020-ci il tarixdən 15 iyun 2021-ci il tarixədək barələrində könüllü və ya məcburi olaraq Rusiya Federasiyasından inzibati qaydada kənara çıxarılma, deportasiya həyata keçirilmir, həmçinin müvəqqəti olma müddətinin qısaldılması, əvvəllər verilmiş daimi və müvəqqəti yaşama, həmçinin iş icazələrinin, eləcə də patentlərin ləğv edilməsi barədə qərarlar qəbul edilmir (fərmanda verilmiş istisnalar xaricində)".

Vüsal Hüseynov həmçinin bildirib: "Qeyd edilənləri nəzərə alınaraq, Rusiya Federasiyasında olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının 15 iyun 2021-ci il tarixədək hüquqi statuslarının leqallaşdırması və qeyd edilən  Fərmanda güzəştlərlə bağlı müəyyən edilən müddətin mümkün uzadılma halları üçün bu ölkənin miqrasiya qaydaları barədə yenilikləri izləmələri tövsiyə olunur".

0