Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Koronavirusa kəskin sayda yeni yoluxma qeydə alınıb, ölənlərin sayı artıb

2890
(Yenilənib 16:55 13.03.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

BAKI, 13 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 239 692 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 726 nəfər müalicə olunaraq sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 470, ötən müddət ərzində isə ümumilikdə 2 701 181 test aparılıb.

Xatırladaq ki, martın 12-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 576 yeni yoluxma faktı qeydə alınmış, analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat etmişdi.

2890
Teqlər:
Koronavirus, epidemiya, COVID-19
Koronavirus testi, arxiv şəkli

Koronavirusa yoluxma sayı azaldı

14
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5955, bu günə qədər isə ümumilikdə 3114879 test icra olunub.

BAKI, 19 aprel — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 301661 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 265539 nəfər müalicə olunaraq sağalıb, 4169 nəfər vəfat edib. 31953 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5955, bu günə qədər isə ümumilikdə 3114879 test icra olunub.

14
Məktəbdə müəllim, arxiv şəkli

Virus peşə tanımır, bəs niyə daha çox müəllimlər ölürlər?

431
(Yenilənib 15:47 19.04.2021)
Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Təhsil işçiləri vaksinasiya prosesinə cəlb olunsalar da, onlar arasında ölüm xəbərlərinə tez-tez rast gəlirik. Bu günlərdə isə Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimova koronavirusdan dünyasını dəyişiblər.

 Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, ingilis dili fənnini tədris edən Lalə Kərimova isə aprelin 14-də COVID-19-un qurbanı olub. Məktəblərin bağlı olduğu və təhsil işçiləri arasında vaksinasiyanın aparıldığı bir vaxtda müəllimlər arasında koronavirusdan ölüm hallarının baş verməsi isə cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, 20 nömrəli məktəbdə çalışan müəllimlər vaksinasiya prosesindən keçməyiblər. Məktəbdən Sputnik Azərbaycan-a bildirilib ki, müəllimlər koronavirusa təhsil işçiləri arasında peyvəndlənməyə başlamazdan öncə yoluxublar. Ona görə də onlar koronavirus əleyhinə vaksin olunmayıblar.

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əyani tədrisin olmadığı vaxtda müəllimlər arasında koronavirusdan ölüm halları müəyyən suallar doğursa da, virusa yoluxmanı və ölüm hallarını peşə ilə əlaqələndirmək doğru yanaşma deyil:

"Bu virusun peşəyə aidiyyəti yoxdur. Təbii ki, müəllimlərin arasında yoluxma hallarının olması və ölüm hadisələri bizi də narahat edir. Bu da onu göstərir ki, müəllimlər arasında vaksinasiya labüddür".

Həmsöhbətimiz bildirir ki, vaksinasiya təhsil sahəsində operativ həyata keçirilir. Onun sözlərinə görə, təhsil sahəsində COVID-19-a yoluxmanın qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb: "65 yaşdan yuxarı, risk qrupuna daxil olan müəllimlər əyani tədrisə buraxılmırlar. Təhsil sahəsində virusa yoluxmanı minimuma endirmək üçün bütün imkanlardan istifadə olunur. Hətta qərar verildi ki, sıxlıq olan ərazilərdə əyani təhsil dayandırılsın. Amma nəzərə almaq lazımdır ki, müəllimlər günün müəyyən hissəsini məktəbdə keçirirlər. Qalan hissəni evdə, ictimai yerlərdə olurlar. Bu baxımdan müəllimin harada, hansı şəraitdə virusa yoluxduğunu söyləmək çətindir".

Şuranın sədr müavini bildirir ki, hazırda virusa yoluxma ilə bağlı ən aşağı risk məktəblərdir: "Bu gün hara baxırıq, uşaqlar toplu şəkildə oynayırlar. Restoranlarda da uşaqlar çoxdur. Məktəbləri isə virusa görə bağlamışıq. Halbuki məktəblərdə sanitar-gigiyenik qaydalar qorunur. Mən hesab edirəm ki, biz müəllim və uşaqlar arasında koronavirusa yoluxma faizini çıxartsaq, bu, ölkə üzrə yoluxmanın ancaq 2 faizini edər. Məktəblərdə virusa yoluxmanın qarşısını almaq üçün ciddi tədbirlər görülüb. Amma biz bu cür tədbirləri nə ictimai nəqliyyatda, nə də ki, restoranlarda görürük".

İnfeksionist Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müəllimlər arasında ölüm hallarının çoxaldığını demək olmaz: "Sadəcə onların cəmiyyətdə tutduğu mövqeyə görə müəllimlərin ölüm halları ictimailəşir".

V.Cavadzadə bildirir ki, ümumi olaraq müəllimlər qapalı müəssisələrdə işləyirlər. Onlar şagird və müəllimlərlə təmasda olduqlarından risk qrupuna daxildirlər. Bununla belə, infeksionist deyir ki, virus peşə tanımır. O ki qaldı müəllimlər arasında ölüm hallarının qeydə alınma səbəblərinə, V.Cavadzadə söyləyir ki, bu, insanların xəstəliyin ağırlaşma mərhələsində həkimə müraciət etmələri ilə bağlıdır. Digər səbəb isə müəllimlərin çoxunun yaş qrupuna görə 50 yaşdan yuxarı olmasıdır. V.Cavadzadə bildirir ki, bu yaş kateqoriyasında yanaşı xəstəliklər olur. Bu isə virusa yoluxma zamanı xəstəlikləri daha da ağırlaşdırır.

Həmsöhbətimiz deyir ki, təhsil işçilərinin sürətli vaksinasiyası ölüm hallarının qarşısını alacaq:

"Düzdür, indi könüllü olduğu üçün bəzi insanlar vaksinasiyaya üstünlük vermirlər. Amma təcrübə göstərir ki, vaksin olunanlar xəstəliyi yüngül keçirirlər. Mənim xəstələrim arasında da belələri var. Ər-arvad vaksin olunub, yanaşı xəstəlikləri var, amma xəstəliyi yüngül keçirirlər. Biz dəfələrlə demişik ki, vaksin olunan şəxs virusa yoluxacaq, amma xəstəliyi ağır keçirməyəcək, ölüm riski azalacaq. Məhz bunun üçün insanlar koronavirus əleyhinə dövlətin yaratdığı imkandan istifadə etməli, peyvənd olunmalıdırlar".

Təhsil Nazirliyindən isə bildirdilər ki, nazirlikdə bununla bağlı yeni məlumat yoxdur.

431
Teqlər:
ölüm, müəllimlər, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Məişət tullantıları qutuları, arxiv şəkli

Tullantıların bir qismi satıldı, bir qismindən isə enerji əldə edildi

0
(Yenilənib 23:24 19.04.2021)
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib.

BAKI, 20 aprel — Sputnik. 2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

0