Azərbaycan Dövlət Tibb Universitetinin binası, arxiv şəkli

ATU-da yenilik - Tələbələr "sintetik meyit" üzərində dərs keçəcəklər

11
ATU tələbələri bu cür mulyajlar üzərində açıq ürək əməliyyatlarına kimi müxtəlif növ əməliyyatların aparılmasını məşq edib öyrənə bilərlər.

BAKI, 16 fevral — Sputnik. Azərbaycan Tibb Universitetində (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrası, həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrası üçün əldə olunmuş yeni bu tip unikal avadanlıqların təqdimatı keçirilib. Sputnik Azərbaycan-a ATU-dan verilən məlumata görə, təqdimat mərasimlərində Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli, ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Vaqif Şadlinski, kafedra müdiri vəzifəsini icra edən dosent Anar Abdullayev, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri professor Həqiqət Qədirova, ATU-nun tədris hissə müdiri, dosent Samir Cavadov, ATU-nun təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadə iştirak ediblər.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasında yeni anatomik mulyajlara baxış keçirib. ABŞ-ın SynDaver şirkətinin istehsal etdiyi bu sintetik "bədən"dəki orqanlar canlı insanın əzələ, sümük-qığırdaq, damar-sinir elementlərinə maksimal dərəcədə uyğundur. Onların ölçüləri və xarici görünüşü insan orqanları ilə eynidir. Sintetik meyit mulyajından insan anatomiyası fənninin tədrisi zamanı əksər bölmələrin izahında istifadə etmək olar.

Anatomik mulyajda istifadə olunan əzələlər, daxili orqanlar, damar və sinirlər canlı toxumaların fiziki-kimyəvi, termik və mexaniki xüsusiyyətlərini imitasiya edir. Sintetik meyit modelinə sinir və damar sisteminin əsas morfoloji elementləri daxildir. Ümumiyyətlə, "SynDaver" şirkəti insan və heyvan toxumalarının, eləcə də bədən hissələrinin və tam bədənin ən mürəkkəb sintetik analoqlarının istehsalı ilə məşhurdur. Bu tip texnologiyalar anatomiya dərsləri, klinik-cərrahi məşğələlər zamanı insan meyitlərini əvəz etməyə imkan verir. ATU tələbələri bu cür mulyajlar üzərində açıq ürək əməliyyatlarına kimi müxtəlif növ əməliyyatların aparılmasını məşq edib öyrənə bilərlər.

Qeyd olunub ki, "SynDaver" şirkətinin təqdim etdiyi məhsulların işlədilməsi və saxlanılması xüsusi diqqət və məsuliyyət tələb edir. Sintetik insan bədənləri ayda 2 dəfə xüsusi vannalarda tələb olunan qaydada yuyulub-təmizlənməlidir. "SynDaver" mulyajlarına yalnız əlcəklə toxunmaq olar. İstifadə edilən xlorlaşdırılmış qranulların mulyajla birbaşa təmasına yol vermək olmaz. Hansısa prosedurun düzgün yerinə yetirilməməsi mulyajın keyfiyyətinə mənfi təsir göstərə bilər.

ATU rektoru, professor Gəray Gəraybəyli həmçinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının tədris və elmi laboratoriyaları üçün alınmış avadanlıqlarla da tanış olub. Qeyd olunub ki, kafedrada 2 tədris otağı müasir tələblərə və infeksion nəzarət qaydalarına cavab verən tərzdə qurulub. Bu tədris otaqlarında hər bir tələbə xüsusi quruluşlu laborator masalarında lazımı ləvazimatlarla təchiz edilmiş fərdi iş yeri ilə təmin olunur. İş yerində mikroskop, spirt lampası, bakterioloji ilgəklər, sınaq və əşya şüşələri, rəngləmə dəsti, mikrob kulturası və s. var. Bundan əlavə, həmin otaqlarda praktik işin təqdimatını keçirmək, animasiya və ya tədris filmi vasitəsi ilə nümayiş etdirmək üçün kompüter və proyektor da quraşdırılıb. Daha 3 otaqda tələbələr üçün individual iş yerləri yaradılıb və zəruri ləvazimatlarla təchiz edilib. Kafedranın nəzdindəki digər 11 tədris otağı isə bu cür iş masaları ilə qismən təchiz edilib.

Qeyd olunub ki, kafedranın elmi-tədqiqat laboratoriyaları üçün immunferment analizin (İFA) aparılması üçün analizatorlar, immunflüoressensiya reaksiyasının (RİF) aparılması üçün lüminessent mikroskop, toxuma kulturası üçün invert mikroskop, binokulyar mikroskoplar təchiz edilib. Laboratoriyalarda həmçinin, mənfi dərəcəli soyuducu, avtoklav, biotəhlükəsizlik şkafları, quruducu şkaflar, termostatlar, sentrifuqalar, homogenizator, mikropipetlər, giddalı mühitlər, reaktivlər və s. vardır. Bütün bunlar ATU-da tələbələrin müasir səviyyəli elmi-tədqiqat işlərinin aparılmasına şərait yaradır.

11
Afrikada koronavirus

ÜST koronavirus haqda: Vəziyyət ərəbcədir azalır, amma yayılır

12
(Yenilənib 16:03 24.02.2021)
Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır.

BAKI, 24 fevral — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı, həmçinin ondan ölənlərin sayı azalmağa davam edir, lakin koronavirus mutasiyasının aşkarlandığı ölkələrin sayı artır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında yerləşdirilib.

"Dünyada koronavirusa yoluxma hallarının sayında altı həftədir ki, azalma qeydə alınır: Ötən həftə 2,4 milyon yoluxma halı qeydə alınıb ki, bu da əvvəlki həftədən 11% azdır. Yeni ölüm faktlarında da azalma qeydə alınır. Belə ki, ötən həftə təxminən 66 min yeni ölüm faktı qeydə alınıb ki, bu da ondan əvvəlki həftə ilə müqayisədə 20% çoxdur", - deyə ÜST-ün məlumatında bildirilir.

Bu arada ÜST bildirir ki, koronavirusun yeni ştamları yayılmağa davam edir. Son məlumatlara görə, "Britaniya" ştammı artıq 101 ölkədə, "Cənubi Afrika" ştammı 51, "Braziliya" ştammı isə 29 ölkədə qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 112,1 milyonu keçib, 2,48 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Teqlər:
ÜST, pandemiya, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası

Azərbaycanda koronavirusa yoluxma yenidən artdı

41
İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib

BAKI, 24 fevral - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib, aktiv xəstə sayı 2 281 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, ötən müddət ərzində isə ümumilikdə 2 571 016 test aparılıb.

41
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Yanğınsöndürənlər, arxiv şəkli

Evləri yanan köçkünlər harada qalacaqlar? "Qaçqınkom"dan açıqlama

0
(Yenilənib 01:00 25.02.2021)
Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar.

BAKI, 25 fevral — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilib ki, fevralın 24-də Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb: "Yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində ümumilikdə 17 mənzilə ziyan dəyib.

Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.

Müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq. Həmin tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü onların nəzərinə çatdırılıb.

Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb.

Digər yaşayış sahələri yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq".

0