Bakı karantinin yumşaldılmasından sonra

Yumşalmalar olarsa, yoluxma da artacaq - Bəs peyvəndin xeyrini vaxt görəcəyik?

584
(Yenilənib 22:16 05.02.2021)
"İnfeksionist bildirir ki, əhalinin hamısı vaksin edilsə də, immunitetin yaranması 40 gündən sonra baş verir"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Azərbaycanda vaksinasiyaya başlanandan sonra yumşalmalara gedilsə belə, COVID-19-a yoluxma sayının peyvənddən sonra azalacağı bildirilirdi. Amma Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bunun əksini iddia edən açıqlama ilə çıxış edib. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, yoluxma saylarında azalma sərt karantin rejiminin, məhdudiyyətlərin tətbiqinin nəticəsidir. O bildirib ki, məhdudiyyətlər götürüldüyü zaman istər-istəməz rəqəmlər yenidən artacaq. ÜST nümayəndəsinin bu açıqlaması vaksinasiyanın effektivliyini müəyyən qədər şübhə altına salır. Çünki indiyədək virusoloqlar COVID-19 əleyhinə vaksindən sonra yoluxma hallarının azalacağı, hətta fəaliyyətinə icazə verilən sahələrin sayının artırılmasının belə mümkün olacağını proqnoz edirdilər.

Sputnik Azərbaycan COVID-19 əleyhinə vaksinin yoluxma sayının azalmasına necə təsir edəcəyini, yumşalmalardan sonra virusa yoluxma statistikasının azalıb yoxsa artacağını araşdırıb.

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksinin edilməsindən sonra da virusa yoluxma sayında artım ola bilər: "Sərt karantindən əvvəl virusa yoluxma 4500 civarında idisə, indi 150-160 arasında dəyişir. Ona görə də mən inanmıram ki, vaksindən sonra bu rəqəm 4500-ə çatacaq. Amma Hande xanımın da fikrini müəyyən qədər dəstəkləyirəm. Çünki nəzərə almaq lazımdır ki, vaksinasiya tibb işçilərində başlanılıb. Onların 70 faizi peyvənd olunub. Amma cəmiyyətin böyük kütləsi vaksin edilməyib. Yaşı 65-dən yuxarı olanlar vaksin edilsə də, yaşı 65-dən az olanlar virus daşıya bilərlər. Digər tərəfdən, məktəblərin, kafe və restoranların açılması, ictimai nəqliyyatda sıxlıq bu sayı artıracaq. Vaksin kütləvi olarsa, biz yoluxmanı azalda bilərik. Peyvəndləmə 65-yaşdan aşağı aparıldıqda biz yoluxmalarda azalmanı görə biləcəyik. Bunun üçün isə ən azı iki-üç ay müddətində gigiyenik qaydalara əməl edilməlidir. Əks halda, yoluxma arta bilər".

Bakıda klinikaların birində koronavirus testi
© Sputnik / Murad Orujov

İnfeksionist bildirir ki, əhalinin hamısı vaksin edilsə də, immunitetin yaranması 40 gündən sonra baş verir: "Üstəlik vaksin edilənlərin hamısında immunitet eyni qədər yaranmaya bilər. Bu yaşdan, cinsdən, yanaşı xəstəliklərdən, eləcə də immun sistemindən, orqanizmin verdiyi cavabdan asılıdır. Ona görə də biz düşünməyək ki, vaksin edildikdən sonra yumşalmalara getsək, yoluxma sayı artmayacaq. Mütləq gigiyenik tələblərə və sosial məsafə, tibbi maska qaydasına əməl etməliyik".

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, virusa yoluxmanın qarşısını almaq üçün peyvəndləmə vacib olsa da, indidən bütün sahələrdə xidməti bərpa etmək düzgün deyil. Onun sözlərinə görə, bu gün toyların bərpası, yas mərasimlərinə icazə barədə fikirlər səslənsə də, bu sahələrdə xidmətə icazənin belə tezliklə verilməsi yoluxma sayını artıra bilər. Çünki ən çox COVID-19-a yoluxma da məhz bu sahələrin fəaliyyəti nəticəsində qeydə alınır.

584

Azərbaycanlı məşhurlar vaksinasiyadan sonra özlərini necə hiss edirlər

399
(Yenilənib 22:34 07.03.2021)
"İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil".

BAKI, 7 mart — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı məşhurların bir qismi həm ölkədə, həm də xaricdə könüllü şəkildə koronavirusa qarşı peyvənd olunublar. Onların hamısı özlərini yaxşı hiss edir və məsləhət görürlər ki, bu təhlükəli virusa yoluxmamaq üçün hər kəs peyvənd olunsun. Onlar Sputnik Azərbaycan-a verdikləri müsahibədə bu barədə daha ətraflı danışıblar.

Türkiyədə yaşayan məşhur azərbaycanlı bəstəkar, Xalq artisti Cavanşir Quliyev fevralın 4-də Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndi ilə vaksinasiya olunub. Peyvəndin ikinci dozası isə ona martın 4-də (fevral ayının 28 gündən ibarət olduğu nəzərə alınaraq) tətbiq ediləcək. Bəstəkar deyir ki, nə peyvənd vurulan vaxt, nə də sonra ciddi bir dəyişiklik hiss etməyib. Quliyev özünü çox yaxşı hiss etdiyini bildirir.

"Hətta dostlarımla zarafat da elədim ki, bəlkə mənə adi su məhlulu vurublar? Peyvəndə şübhə ilə yanaşanlara bir məsəlini xatırlatmaq istəyirəm, öz təyinatına görə vaksin insanın ölümünə səbəb ola bilməz, ancaq virus insanları öldürür. Ən pis halda nə ola bilər – əgər insan çox güclü dərmanlar qəbul edirsə (xərçəng xəstələri, auto-immun xəstəliklərindən əziyyət çəkənlər və. s), bu zaman peyvəndin təsiri bir az azala bilər. Məsələn, əgər tamamilə sağlam insanda 100 faizlik müdafiə yaranırsa, belə xəstələrdə həmin göstərici 90 faiz olur.

Bəstəkar onu da əlavə etdi ki, hər şey insanın seçimindən asılıdır: kim xəstələnmək istəmirsə, peyvənd olunsun.

Azərbaycanın Xalq artisti Röya Ayxan ölkənin şou-biznes nümayəndələri arasında COVID-19-a qarşı ilk peyvənd olunan şəxsdir. O, rəsmi təmsilçisi olduğu özəl xəstəxananın həkimləri tərəfindən vaksinasiya olunub. Müğənni deyir ki, peyvənddən sonra orqanizmində heç bir dəyişiklik hiss etməyib, əksinə işləmək üçün enerjisi bir az da artıb.

"Vaksinasiyadan sonrakı gün dərhal işə başladım, özümü yaxşı hiss edirdim. Düzünü deyim ki, koronavirusa yoluxmaqdan çox qorxurdum, çünki dostlarımın, tanışlarımın əksəriyyəti artıq xəstələnmişdi. Allaha şükür ki, bəxtim gətirdi. Xəstələnməmək üçün peyvənd olunmaq qərarına gəldim. İndi sakitcə öz işlərimlə məşğul ola bilərəm, qorxu hissi azalıb, bununla belə, maska taxmağa davam edirəm. Peyvənddən qorxmaq lazım deyil", – deyə müğənni vurğulayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Röya (@royaofficial)

SSRİ Xalq rəssamı Tahir Salahovun qızı, Moskvada yaşayan rəssam Aydan Salahova Rusiyanın koronovirus əleyhinə ilk peyvəndi olan "Sputnik V" ilə vaksinasiya olunub. O, işi ilə əlaqədar tez-tez xarici ölkələrə səfər etdiyindən COVID-19-a yoluxmamaq üçün risk etmək qərarına gəlib və peyvənd vurdurub. Rəssama artıq preparatın ikinci dozası da vurulub və o, özünü çox yaxşı hiss edir. Düzdür, əvvəl bir az üşütmə və hərarət müşahidə olunsa da, sonra vəziyyəti yaxşılaşıb.

Azərbaycanın Xalq artisti, müğənni Faiq Ağayev "CoronaVac" peyvəndinin birinci dozasını vurdurub. Müğənninin sözlərinə görə, hamı əvvəlki həyat tərzinə qayıtmaq istəyir və uşaq bağçalarının, məktəblərin, ali təhsil müəssisələrinin açılması tezliklə digər məhdudiyyətlərin də aradan qaldırılacağına inam hissi yaradır.

"Bu dəfə hər şey insanların özündən asılıdır. Arzularımızı gerçəkləşdirmək, sağlamlığımızı qorumaq istəyiriksə, peyvənd olunmalıyıq. Yaxın günlərdə "Sinovac" şirkətinin "CoronaVac" vaksininin ikinci dozasının vurulması üçün yenidən tibb müəssisəsinə müraciət edəcəyəm. Beləliklə, həm özümü, həm də yaxınlarımı yoluxmaqdan qoruyacağam. Peyvənd vurdurun – sağlam yaşayın!" – deyə Ağayev qeyd edib və öz pərəstişkarlarını sağlam gələcək naminə vaksinasiya olunmağa çağırıb.

Xatırladaq ki, Azərbaycanda SARS-CoV-2 əleyhinə vaksinasiya prosesi yanvarın 18-də başlayıb. "2021-2022-ci illər üçün Azərbaycan Respublikasında COVID-19-a qarşı peyvənd strategiyası"na uyğun olaraq ilk növbədə həkimlərin və tibb işçilərinin vaksinasiya olunması nəzərdə tutulmuşdu. Bundan sonra 65 yaşdan yuxarı insanlar vaksinasiya prosesinə cəlb olundu. Hazırda yaşı 50-dən yuxarı olan ölkə vətəndaşlarına peyvənd vurulması davam edir. 18 yaşınadək şəxslər, hamilə qadınlar və allergiya xəstələri istisna təşkil edir. Vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" preparatı ilə həyata keçirilir.

Vaksinasiyada iştirak etmək üçün https://randevu.its.gov.az/ linki vasitəsi ilə onlayn növbə əldə etmək lazımdır. Bunun üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN-kodu daxil edərək "Yoxla" düyməsinı sıxmaq lazım gəlir. Sonra təklif olunan siyahıdan peyvənd məntəqəsini, tarixi və saatı seçib mobil telefon nömrənizi daxil etməlisiniz. Qeydiyyat tamamlandıqdan sonra həmin nömrəyə növbəyə alındığını bildirən mesaj göndərilir. Mesajda peyvəndin ilk dozasının vurulacağı tarix, vaxt və yer göstərilir. Tibb müəssisəsində qeydiyyatdan keçən vaxt şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir. 28 gündən sonra peyvəndin ikinci dozası tətbiq olunan vaxt təkrar qeydiyyatdan keçmək tələb olunmur.

399
 Koronavirusa qarşı peyvənd Oxford-AstraZeneca, arxiv şəkli

"AstraZeneca" öldürür: Avropa ölkəsi ondan imtina etdi

77
(Yenilənib 20:15 07.03.2021)
Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır.

BAKI, 7 mart - Sputnik. Avstriyada yeni növ koronavirusa (COVİD-19) qarşı “AstraZeneca” vaksini vurulan 49 yaşlı qadın ölüb, 35 yaşlı qadının vəziyyəti isə pisləşib.

APA-nın xəbərinə görə, bu barədə bu gün Avstriyada səhiyyə sahəsində təhlükəsizlik üzrə Federal Nəzarət Xidməti məlumat yayıb.

Qeyd edilib ki, 49 yaşlı qadın qan laxtalanmasından həyatını itirib. Ağciyər arteriyasında tromb yaranan 35 yaşlı qadının səhhəti isə normallaşmaqdadır. Avstriya Federal Nəzarət Xidməti bildirib ki, hazırda baş verən hər iki halın vaksinlə əlaqədar olduğu dəqiq bilinmir:

“Müvafiq ekspertlərin iştirakı ilə araşdırma aparılır. Ehtiyat tədbiri olaraq vaksinin bu partiyasından istifadə edilməyəcək”.

Qeyd edək ki, martın 2-də Avstriya Federal Nəzarət Xidməti “Pfizer-BioNTech” vaksinin vurulmasından sonra 41 ölümün qeydə alındığını, ancaq bu ölümlərin vaksinlə əlaqəsinin müəyyənləşmədiyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycana COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi gətiriləcək. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqe media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

ÜST rəsmi bildirir ki, peyvəndin ayrılması və tədarükü, peyvəndin çatdırılması müvafiq şəkildə tənzimlənir.

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada əsasən Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

 

77
Teqlər:
Sinovac/Biothec, peyvənd, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19, AstraZeneca
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

0
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

0