BAKI, 26 yanvar - Sputnik. Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 100 milyon nəfəri ötüb.
Sputnik Azərbaycan pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, hazırda dünyada koronavirusa 100 milyon 83 min 169 yoluxma qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 144 min 729 nəfərə, sağalanların sayı isə 72 milyon 18 min 234 nəfərə çatıb.
COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edən ABŞ-da koronavirusa 25 milyon 741 min 585 yoluxma halı aşkarlanıb, 429 min 820 nəfər ölüb, 15 milyon 479 mindən çox insan sağalıb.
Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 10 milyon 677 min 710 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 153 min 624 nəfər vəfat edib, sağalanların sayı isə 10 milyon 345 min nəfəri ötüb.
Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 8 milyon 850 min 135 nəfər virusa yoluxub, onlardan 217 min 133 nəfər həyatını itirib, 7 milyon 653 min nəfər sağalıb.
Saytın məlumatına görə, hazırda dünya üzrə hər milyon nəfərə düşən ölüm sayı 274,4 nəfər təşkil edir. ABŞ-da bu göstərici 1293, Braziliyada 1017, Hindistanda isə 111 nəfərdir.
BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”.
APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.
Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq.
Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək.
Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq.
Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq.
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər.
Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq.
Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk, Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.
BAKI, 1 mart - Sputnik. “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.
Həkimlər gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.
İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau.
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.