Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Koronavirus ömürlük olarsa, peyvənd daimi ola bilər?

84
(Yenilənib 23:52 10.01.2021)
"Geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 9 yanvar — Sputnik. Koronavirusla mübarizə üçün artıq bir neçə ölkədə peyvəndin tətbiqinə başlanılıb. Hətta bu günlərdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur.

TƏBİB: "Vaksin sehrli çubuq deyil">>

Sputnik Azərbaycan koronavirusa qarşı peyvəndin peyvənd təqviminə salınmasının zəruriliyini araşdırıb. Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirus vaksininin peyvənd təqviminə salınması barədə indidən qəti fikir söyləmək olmaz. V. Cavadzadənin sözlərinə görə, bunun üçün bu xəstəliyinin qalıcı olması təsdiqlənməlidir:

"Məsələn, vərəm, məxmərək, qızılca kimi xəstəliklər var ki, onlar uzun illərdir qalıcı xəstəlik kimi davam edir. Bu xəstəlikdən insanları qorumaq üçün vaksinləri peyvənd təqviminə daxil etdilər. İndi də uşaqlara anadan olandan bu xəstəliklərə qarşı peyvənd vurulur. Amma biz koronovirusun qalıcı bir xəstəlik olub-olmadığını dəqiq bilmirik. Ona görə də indidən bu xəstəliyə görə vaksinin peyvənd təqviminə daxil edilməsini təqdir etmək olmaz".

İnfeksionist deyir ki, Azərbaycanda 11 xəstəlik üzrə 9 vaksin peyvənd təqviminə daxildir.

V. Cavadzadənin sözlərinə görə, koronavirus vaksininin peyvənd təqviminə daxil edilməsi reallaşsa belə, burada yaş qrupları qeyd edilməlidir: "Koronavirusun uşaqlara ciddi təsiri qeydə alınmayıb. Ona görə də bu virusa qarşı peyvəndi uşaqlara vurmağa ehtiyac yoxdur. Peyvənd təqviminə salınsa belə, yuxarı yaş qruplarına vurula bilər".

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov da deyir ki, yeni koronavirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunda da bu məsələnin həllinin zamana ehtiyacı var. Baş infeksionist bildirir ki, hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib: "Bu ölkələr ABŞ, Avropa İttifaqı ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək -95-98 faiz qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşdiriləcək. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək".

Baş infeksionist bildirir ki, geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır. T. Eyvazov hazırda isə əsas vacib məqamın vaksinasiyanın aparılması olduğunu bildirir: "

Burada məqsəd xəstəliyə qarşı əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönəcəkdir.

Əhalinin kütləvi vaksinasiyadan gözləntiləri bu infeksiyanın yayılmasının azalması və idarəolunan səviyyədə saxlanılmasıdır. Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib".

84
Teqlər:
Azərbaycan, təqvim, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (18)
EpiVacCorona peyvəndi

Bu yazını oxumadan əsla COVID-19-a qarşı peyvənd etdirməyin!

48
(Yenilənib 23:09 22.01.2021)
Vaksinasiya nəticəsində daşıyıcı-zülal hər üç peptidi də insanın B-limfositinə çatdırır. Peptidlər onu aktivləşdirir və qoruyucu antikorlar - immunoqlobulinlər ifraz olunmağa başlayır.

BAKI, 22 yanvar — Sputnik, Tatyana Piçugina. "EpiVacCorona" peyvəndi 100 faizlik immunoloji effektivliyə malikdir – preparatı işləyib-hazırlayan "Vektor" Novosibirsk Mərkəzinin alimləri belə düşünürlər. Bu, COVID-19-un törədicisi olan SARS-CoV-2 zülalının parçacıqlarından ibarət sintetik preparatdır. Peyvənd hazırda üç mindən çox könüllü üzərində sınaqdan keçirilir. Bildirilir ki, vaksinin əlavə təsirləri çox az olduğundan, ahıl yaşlı insanlara da vurula bilər. "EpiVacCorona" ilə vaksinasiya olunmaq istəyənlər bu preparat haqqında nələri bilməlidir? Bu barədə daha ətraflı RİA Novosti-nin materialında.

"EpiVacCorona" nədən ibarətdir?

Daşıyıcı-zülala birləşdirilmiş "tikanlı" SARS-CoV-2 koronavirus zülalının üç qısa parçacığından. Onları peptid adlandırırlar ki, peyvəndin adındakı "peptid" sözü də buradan qaynaqlanır. Daşıyıcı-zülal özündə koronavirusun RNT-sini əhatə edən nükleokapsid zülalının parçacıqlarını birləşdirir. İmmunitet reaksiyasını artıran köməkçi maddə rolunu isə alüminium-hidroksid oynayır. Peyvəndin tərkibində başqa köməkçi birləşmələr və su da var. Bütün komponentlər sintetikdir.

Peyvəndin tərkibində hansı peptidlər var?

"Vektor" Dövlət Tədqiqat Mərkəzindən RİA Novosti-yə bildirildiyi kimi, peyvənd peptidləri əsasən, B hüceyrəli epitoplardan ibarətdir, daşıyıcı zülal isə T-helper epitoplarının mənbəyi kimi çıxış edir. Bunun nə demək olduğunu izah edək: SARS-CoV-2 – nukleokapsid qişasına "bükülmüş" RNT molekuludur. Bütün bunlar "tikanlı" zülallarla xaricdən tac kimi bəzədilmiş lipid kisəsinin içindədir. Koronavirus adı da buradan götürülüb. Bu tacşəkilli zülallar virus parçacıqlarının insanın hüceyrəsinə yapışmasına və onun içinə keçməsinə kömək edir. Çoxsaylı araşdırmalar məhz bu "tikan-tac"ın orqanizmdə ən böyük immun reaksiyasına səbəb olduğunu üzə çıxarıb. Elmi terminologiyada "taclı" zülallar – antigen adlanır.

Bu zülalın molekulu çox böyükdür, onlarda epitop adlı xüsusi sahələr mövcuddur. Epitoplar immunitet sisteminin hüceyrələri tərəfindən tanınır və infeksiya ilə mübarizə mexanizmini aktivləşdirir.

"B-epitopları və T-epitopları mövcuddur. Birincilərə antigen determinantları deyilir. Bunlar antigen molekulunun antitellərə yapışan hissələridir. Ancaq əvvəlcə bu sahələr B-limfositlərin reseptorlarına birləşir və antitel ifraz edə bilən plazma hüceyrələrinə çevrilmə prosesi başlayır", – deyə V.N.Orexoviç adına Biotibbi Kimya Elmi Tədqiqat İnstitutunun peptid mühəndisliyi laboratoriyasının rəhbəri Yekaterina Kolesanova izah edir.

Peyvənd necə işləyir?

Vaksinasiya nəticəsində daşıyıcı-zülal hər üç peptidi də insanın B-limfositinə çatdırır. Peptidlər onu aktivləşdirir və qoruyucu antikorlar - immunoqlobulinlər ifraz olunmağa başlayır. Hər bir B epitopu bənzərsiz unikal immunoqlobulinin sintezinə cavabdehdir. Əvvəlcə M (IgM) sinfi anticisimləri, sonra isə IgG anticisimləri əmələ gəlir, ancaq onlar qanda uzun müddət qalaraq orqanizmdə immunitetin olduğunu təsdiqləyir.

"Vektor"un mütəxəssisləri peyvənddən sonra yaranan anticismin koronavirusun tikanlı (taclı) zülalına xas olduğunu bildirirlər.

Vaksinasiya olunmuş könüllülərdən alınan qan zərdabları virusu təsirsiz hala gətirir. Bu isə o deməkdir ki, anticisimlər yalnız "koronavirusu" tanımaqla qalmır, həm də onu məhv edir.

"EpiVacCorona"nın tərkibində koronavirus və ya başqa bir virus varmı?

Peyvəndin tərkibində heç bir virus və ya onun hissəciyi yoxdur. Bu peyvənd tərkibində adenoviruslar olan "Sputnik-V"-dən fərqlənir. "Rospotrebnadzor"un saytında pəyvəndin tərkibi barədə geniş məlumat öz əksini tapıb. Bundan başqa, preparatın təlimat vərəqi də internetdə yerləşdirilib.

"EpiVacCorona"nın tərkibində koronovirus zülalına identik zülal parçacıqları olan peptidlər var. Onları süni şəkildə sintez edib daşıyıcı zülala birləşdiriblər", – Y. Kolesanova belə deyir.

Peptid peyvəndi necə yaradılır?

Peptidlərin kimyəvi sintezi yolu ilə.

"Əgər peptid qısadırsa (8-9 parçacıqdan çox deyilsə), bu sintezi məhlulda aparmaq da mümkündür. Ancaq bu, heç də ucuz başa gələn proses deyil. Nisbətən uzun peptidlər isə bərkfazalı metodla sintez olunur. Bu üsuldan əvvəllər yalnız eksperimental metod kimi istifadə edilirdi. Ancaq indi asanlıqla avtomatlaşdırıldığı üçün istehsal prosesində geniş istifadə olunur. Səkkiz amin turşulu zülal parçasından ibarət peptidləri iki saata bu yolla sintez etmək mümkündür", – deyə Y. Kolesanova peyvəndin istehsal prosesinə aydınlıq gətirir.

Sintetik peptidlər daşıyıcı-zülalla birləşdirilir. Bu dayanıqlı molekullar əldə etmək üçündür. Peptid nə qədər qısa olsa, molekullar bir o qədər tez parçalanır.

Bununla belə, mütəxəssis peptidlərin daşıyıcı-zülalla necə birləşdirildiyini açıqlamır. Çünki bu, şirkət sirridir.

Vaksinasiya necə aparılır?

Peyvənd suspenziya formasında olur və şpris yolu ilə qol əzələsinə vurulur.

Peptid preparatları sürətli immunitet reaksiyası vermir, buna görə də EpiVacCorona iki dəfəyə, 21 günük fasilə ilə, bərabər dozalarda tətbiq olunur.

Hansı əlavə təsirləri var?

I-II mərhələ sınaqlarında iştirak etmiş könüllülər, inyeksiya yerində yüngül ağrının olduğunu və bunun tez də keçdiyini bildiriblər. Başqa xoşagəlməz hal qeydə alınmayıb. Qeydiyyatdan sonrakı testlərdə iştirakçılar (III mərhələ) tərəfindən yaradılan qeyri-rəsmi #EpiVacCorona Telegram kanalında isə preparatın az da olsa əlavə təsirə malik olduğu bildirilib: narahatlıq, inyeksiya yerində gün ərzində müşahidə olunan qızartı, qolda güclü ağrı. Heç kimdə yüksək temperatur, əzginlik müşahidə olunmayıb və ya belə hallar baş versə də, onların peyvəndlə əlaqəsini təsdiqləmək mümkün deyil.

"EpiVacCorona"nın effektivliyi nə qədərdir?

"Preparatın həm immunoloji, həm də profilaktik effekti var. Birincisi, spesifik antitellərin ifrazıdır. Klinik tədqiqatların I-II mərhələlərinin nəticələrinə görə, bütün könüllülərdə spesifik antitellər əmələ gəlib. Profilaktik effektivlik isə peyvənd olunanların xəstəlikdən qorunmasından ibarətdir. Qeydiyyatdan sonrakı klinik tədqiqatlar çərçivəsində araşdırmalar davam edir, bu barədə fevral ayında məlumat veriləcək", - "Rospotrebnadzor"un mətbuat xidmətində məsələni belə şərh ediblər.

"Vektor" Dövlət Elmi Mərkəzindən bildirilib ki, II mərhələnin klinik tədqiqatları hələ başa çatmayıb.

Hazırda plasebo qrupları ilə randomizasiya tədqiqatları aparılır. İnsanları təsadüfi şəkildə qruplara bölürlər. Onlardan bəzilərinə peyvənd, digərlərinə isə adi su məhlulu vurulur. Ancaq bundan nə könüllülərin, nə də həkimlərin xəbəri olub. Üç min iştirakçıdan 2897 nəfəri peyvənd olunub və onlardan dörddən birinə plasebo vurulub. Tədqiqat axırıncı könüllünün peyvənd olunduğu gündən 180 gün sonra tamamlanacaq.

Eyni zamanda, 60 yaşdan yuxarı 150 könüllü üzərində aparılan sınaqlar davam edir. Bu qrupla bağlı ilkin nəticələr də fevral ayında elan olunacaq.

Peyvəndi özümüz yoxlaya bilərikmi?

Bunun üçün peyvəndin ilk dozası tətbiq edildikdən 35-42 gün sonra koronavirus IgG sinfi anticisimləri üçün qan testi vermək lazımdır. Ancaq nəzərə alın ki, bütün test sistemləri EpiVacCorona tərəfindən ifraz olunan anticisimləri "görə" bilmir.

"Rospotrebnadzor"un verdiyi məlumata görə, bunun üçün yalnız "Vektor" Dövlət Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış SARS-CoV-2-IgG-Vector test sistemi işə yarayır.

"Məhdud qruplarda aparılmış müşahidələrin nəticələri göstərir ki, Qamaleya mərkəzinin test sistemi "EpiVacCorona" peptid peyvəndi ilə vaksinasiya olunanların əksəriyyətində müsbət nəticə göstərir. İstehsalçının verdiyi məlumata görə, bu test sistemi xəstədə qoruyucu anticisimlərin olub-olmadığını təyin etməyə imkan verir", - deyə "Vektor"dan bildirilib.

Bundan başqa, peyvəndi işləyib-hazırlayanların sözlərinə görə, "Sanyou Biopharmaceuticals" tərəfindən istehsal olunan rekombinant S1 zülalı "EpiVacCorona" peyvəndinə qarşı antikorları açıq-aydın görə bilir.

Başqa hansı ölkələrdə koronavirus əleyhinə peptid peyvəndi işlənib-hazırlanır?

Peptid peyvəndlər dünyada hələ təcrübə mərhələsindədir. Bu preparatların işlənib-hazırlanması və təsdiqlənməsi çox zəhmətli olduğundan, vaksinlər üzərində iş digərlərinə nisbətən daha ləng gedir. Rusiyada isə bu problemin öhdəsindən təkbaşına gəlmək üçün kifayət qədər resurs və ixtisaslı kadr var.

ÜST-ün 19 yanvar tarixli siyahısında "EpiVacCorona"dan başqa daha iki peptid peyvəndi öz əksini tapıb. Hazırda həmin preparatlar insanlar üzərində sınaqdan keçirilir.

Tübingen Universitetində (Almaniya) yaradılan multipeptid "kokteyli" P-pVAC-SARS-CoV-2 müxtəlif koronavirus zülalının altı peptidindən və xüsusi XS15 lipopeptidindən ibarətdir. Hazırda preparatın I mərhələ üzrə sınaqları davam edir.

Tayvanın UB-612 preparatı üzrə isə II-III mərhələlərdə sınaqlar aparılır.

48
Teqlər:
Sputnik-V peyvəndi, peyvənd, vaksinasiya, vaksin, Koronavirus, epidemiya, COVID-19
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycan vətəndaşlarının vaksinasiya olunacağı tarix açıqlandı

18
(Yenilənib 18:44 22.01.2021)
TƏBİB-in rəhbəri: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək".

BAKI, 22 yanvar — Sputnik. "Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya başlanıb və qarşıdakı iki həftə ərzində tibb işçilərimizin peyvənd olunması prosesi başa çatacaq". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Anadolu" agentliyinə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, daha sonra 65 yaşdan yuxarı vətəndaşlar peyvənd olunacaqlar: "Risk qrupuna aid vətəndaşlar başda olmaqla, bütün əhali mərhələli şəkildə vaksinasiyada iştirak edəcək. İlkin olaraq risk qrupları, ikinci mərhələdə isə 50 yaşdan yuxarı insanların peyvənd olunması nəzərdə tutulur. Nəticədə biz xəstəxanalarda olan aktiv xəstələrin sayında azalmaya nail ola bilərik. Xəstəxanalarda müalicə alanların 70-75 faizi 50 yaşdan yuxarı şəxslərdir".

18
Teqlər:
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, brifinq, TƏBİB

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0