Tibbi avadanlıq

COVID-19-la mübarizə üçün Azərbaycana dəstək verirlər

16
(Yenilənib 12:02 25.12.2020)
COVID-19-un yayılmasına qarşı mübarizə səylərini dəstəkləmək üçün ÜST Səhiyyə Nazirliyinə 1 milyon ədəd tibbi maska təhvil verib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 dekabr — Sputnik. Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün 52 xəstə monitoru, 258 nazal oksigen kanulu, 258 venturi maskasi, 123 ədəd pulsoksimetr, tibbi ləvazimatların ehtiyat hissələri, eləcə də tibb işçilərinə COVID-19 pandemiyası ilə təhlükəsiz mübarizə aparmaqda kömək məqsədilə 987 min cüt müayinə əlcəyini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təhvil verib.

Bu barədə Sputnik Azərbaycan-a Avropa İttifaqının Bakı ofisindən məlumat verilib.

Bu ləvazimatlar Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi tərəfindən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsi çərçivəsində ölkəyə gətirilib.

Qeyd edək ki, 27 mart 2020-ci ildə Avropa İttifaqı Azərbaycan daxil olmaqla Şərqi Avropa və Qafqazda altı ölkədə COVID-19 pandemiyasının qarşısını almaq, virusu aşkar etmək və mübarizə aparmaq məqsədilə böyük həcmli yardım paketi ayırdığını elan edib. Daha əvvəl təşəbbüs çərçivəsində iyul və sentyabr aylarında fərdi qoruyucu vasitələr və tibbi ləvazimatlardan ibarət iki yük Azərbaycana təhvil verilib.

"Bugünkü imzalanma mərasimi ilə Azərbaycana təhvil verdiyimiz fərdi qoruyucu vasitələr və tibbi ləvazimatdan ibarət 3-cü və 4-cü yük, Avropa İttifaqı, Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan arasındakı tərəfdaşlıq və komanda işinin növbəti nümunəsidir", - deyə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas qeyd edib.

Aİ-nin maliyyə yardımı Azərbaycanda ilkin olaraq zəruri ləvazimatların alınması və digər fövqəladə ehtiyacların ödənilməsi məqsədilə istifadə edilib. "Layihənin hazırkı mərhələsində tibbi ləvazimatların gətirilməsinin davam etdirilməsi ilə bərabər, biz səhiyyə işçilərinə əlavə təlimlərin keçirilməsi və ölkənin daha köklü və uzunmüddətli səhiyyə ehtiyaclarının dəstəklənməsinə xüsusi diqqət yetiririk", - ÜST-nin Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı bildirib.

"Hazırda COVID-19 pandemiyası ilə mübarizədə bütün dünya birləşərək səy göstərir. Düşünürəm ki, biz də Azərbaycanda güclərimizi birləşdirərək bu problemə qalib gələ bilərik. Təqdim edilmiş tibbi ləvazimatlar həm poliklinikalar, həm də xəstəxanaların ehtiyaclarının qarşılanmasında yardımçı olacaq", - deyə Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov qeyd edib və yardıma görə həm Avropa İttifaqına, həm də Ümumdünya Səhiyyə Təşkilatına öz təşəkkürünü bildirib.

Qeyd edək ki, eyni gündə COVID-19-un yayılmasına qarşı mübarizə səylərini dəstəkləmək üçün ÜST Səhiyyə Nazirliyinə 1 milyon ədəd tibbi maska təhvil verib. Bu ÜST-nin Azərbaycan Nümayəndəliyinin həyata keçirdiyi 2,5 milyon tibbi maskanın səhiyyə qurumları, həmçinin əhalinin həssas qrupları ilə çalışan dövlət insititutları və qeyri-hökumət təşkilətlarına paylanması kampaniyasının tərkib hissəsidir.

Xatırladaq ki, daha əvvəl kampaniya çərçivəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə 250 min, Sosial Xidmətlər Agentliyinə 100 min, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi və "Sağlamlığa Xidmət" İctimai Birliyinin hər birinə 5 min ədəd maska təhvil verilib. Maskalarla bərabər bu təşkilatlara tibbi və qeyri-tibbi maskalardan düzgün istifadəyə dair maarifləndirici flayer və posterlər də paylanıb.

16
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ümumdünya Səhiyyə Təşkilatı, ÜST, Avropa İttifaqı,
Koronavirusa qarşı peyvənd, arxiv şəkli

Bizə niyə Çin vaksini vuracaqlar? İşçi qrupunun üzvü xüsusiyyətləri sadalayır

9
(Yenilənib 15:56 19.01.2021)
"Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək" - Günay Quluzadə

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanda tətbiq edilən peyvəndin saxlanma qaydaları açıqlanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən koronavirusla (COVID-19) mübarizə işçi qrupunun üzvü Günay Quluzadə bildirib ki, peyvəndlər temperatur və zərbə kimi ola biləcək kənar təsirlər hesablanaraq, paketlənir. Bu səbəbdən peyvənd ampulları istiliyə davamlı şüşələrdən seçilir.

"Peyvəndləri təhlükəsiz və soyuq şəraitdə saxlamaq lazımdır. Hər bir peyvəndin özünün saxlanma şərtləri var. Bəzi COVID-19 peyvəndləri -20, bəziləri -70 dərəcə saxlanma şərtləri tələb edir. Azərbaycanda tətbiq olunan "Sinovac" şirkətinin hazırladığı "CoronaVac" vaksinidir. Bu vaksinin saxlama temperaturu sadədir, 2-8 dərəcədə üç ilə qədər saxlamaq mümkündür. Vaksinin Türkiyədəki kliniki sınaq nəticələrinə əsasən, onun virusla mübarizədə 91,25 faiz effektiv olduğu müəyyən edilib. İnaktiv üsula görə hazırlanan bu peyvənddə yoluxucu xüsusiyyətini itirmiş virus bədənə verilir və bədənin xəstəlikdən immunitet qazanması hədəflənir. "CoronaVac" vaksini ənənəvi, etibarlı və sınanmış inaktiv platformada hazırlanır. Yüksək qoruyuculuq və uğurlu sınaq nəticələri var. Saxlanma şəraiti, çatdırılma və tətbiq şərtləri, "soyuq zəncir" sistemi tələbi əlverişlidir. Ölkəmizdə illər boyu mövcud olan infrastruktur imkan verir ki, bu vaksinləri ölkənin ən ucqar nöqtəsinə çatdırıb, tətbiq edək", - deyə Günay Quluzadə bildirib.

9
Teqlər:
Sinovac Biotech, vaksin, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya
 Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Azərbaycanda universitetdə peyvəndləmə başladı

16
(Yenilənib 15:59 19.01.2021)
Vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 18-dən etibarən Azərbaycanda COVİD-19 infeksiyasına qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib. Artıq Azərbaycan Tibb Universitetinin (ATU) klinikalarında da vaksinasiya prosesinə başlanılıb. ATU-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, klinikalarda hər cür tələblərə cavab verən vaksinasiya məntəqələri fəaliyyət göstərir.

Əvvəlcə ATU-nun rektoru, professor Gəray Gəraybəyli və universitet rəhbərliyində təmsil olunan şəxslər peyvənd olunublar.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bildirib ki, vaksinasiya prosesində ilk növbədə risk qrupuna aid olan şəxslər, yəni yaşı 65-dən yuxarı olan həkimlər və universitet əməkdaşları iştirak edəcəklər. Sonra isə mərhələli şəkildə universitetin digər əməkdaşları da peyvənd olunacaqlar. S. Hadıyev vaksinasiyanın könüllü olduğunu diqqətə çatdırıb. Lakin qeyd edib ki, COVİD-19 pandemiyasına yoluxmamaq üçün peyvənd olunmaq çox vacibdir.

ATU-nun Tədris Stomotoloji Klinikasının direktoru, tibb üzrə fəlsəfə doktoru Mahir Səfərov qeyd edib ki, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyinin göstərişinə əsasən, klinikada ayrıca vaksinasiya otağı ayrılıb:

"Orada 4 tibb bacısı fəaliyyət göstərir. Vaksinasiya üçün klinkamızda, demək olar ki, hər cür şərait yaradılıb. Tədris Cərrahiyyə Klinikasının reanimasiya blokundan bir tibb bacısı da bizə təhkim olunub".

ATU-nun Onkoloji Klinikasının müalicə işləri üzrə direktor müavini, dosent Nigar Mehdiyeva koronavirusa qarşı aparılan vaksinasiyanın əhalinin sağlamlığının qorunması üçün çox mühüm tədbirlər qrupuna aid olduğunu qeyd edib. Digər klinikalarda olduğu kimi Onkoloji Klinikada da sanitar və tibbi normalara uyğun olaraq vaksinasiya məntəqəsinin təşkil olunduğunu bildirib. Qeyd edək ki, adıçəkilən klinikalarda ATU-nun əməkdaşları vaksinasiya olunacaqlar.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Məktəb, vaksinasiya, metro borclar: milyon yarım şagirdlə bağlı qərar veriləcək?

2
(Yenilənib 17:13 19.01.2021)
Yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Azərbaycanın COVID-19 əleyhinə vaksinasiyaya başlaması ənənəvi təhsilin bərpasına ümid yaradıb. Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, peyvənddən sonra məktəblərin açılması ilə bağlı müəyyən addımlar atılacaq. Onun sözlərinə görə, məktəblərdə ənənəvi təhsilin bərpası nəzərdə tutulur.

Sputnik Azərbaycan peyvənddən sonra təhsilin hansı formada bərpa olunacağını araşdırıb.

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilir ki, yanvarın 22-də keçiriləcək brifinqdə təhsil naziri Emin Əmrullayev təhsilin növbəti aylardakı fəaliyyəti ilə bağlı açıqlama verəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, COVID-19 əleyhinə vaksinasiyaya cəlb edilən risk qrupunda təhsil işçiləri də var. Təhsil işçilərinin peyvənd olunması isə ənənəvi tədrisin bərpası yönündə atılmış addımdır: "Ölkəmizdə vaksinasiyadan sonra məktəblər hibrid formada, həftədə bir neçə gün olmaqla açıla bilər. Amma düşünürəm ki, ənənəvi dərslərdə iştirak etmə könüllü olmalıdır. Virusa yoluxmadan narahat olanların və səhhətində problem olanların dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil ediləcək".

K.Əsədov deyir ki, məktəblər açılan kimi birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmənin həyata keçirilməsi mümkün deyil: "Birinci yarımil üzrə məktəbdaxili qiymətləndirilmə həyata keçirilməyəcək. Çünki 1,6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Birinci yarımil yanvarın 27-də başa çatır. Çox güman ki, şagirdlərin biliyi ikinci yarımilin sonunda qiymətləndiriləcək. Bu isə yekun qiymət olacaq".

Ekspert bildirir ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması mümkündür:

"Nəzərə almaq lazımdır ki, 1-ci kurs tələbələri ümumiyyətlə təhsil müəssisələrinə getməyiblər. 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri var. Eyni zamanda, bəzilərinin akademik borcları yaranıb. Bütün bu problemlər bu semestr həll olmalıdır. 4-cü kurs tələbələrinin diplom işləri, buraxılış işləri var. Onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər. Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür".

Tədris bərpa olunsa belə, ekspert orta və ali məktəblərdə yaşı 65-dən yuxarı olan şəxslərin dərslərə buraxılmasının riskli olduğunu söyləyir: "Ənənəvi təhsil bərpa edilərkən yoluxma sayının artmaması üçün metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır. Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti azaldıla bilər. Əsas fənlər ənənəvi, digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusilə ibtidai sinif şagirdlərinə Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir".

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ənənəvi təhsilin bərpasına tələsmək olmaz: "Koronavirus yayılan kimi ilk olaraq məktəblər bağlandı. Bu, səbəbsiz deyildi. Çünki təhsil müəssisələri virusun yayılması üçün ən böyük risk məkanları sayılırdı. Ona görə də biz ənənəvi təhsili bərpa etməyə tələsməməliyik. Vaksinasiya hər iki risk qrupu üzrə başa çatdıqdan və müsbət nəticə əldə edildikdən sonra məktəblərdə ənənəvi təhsilə mərhələli şəkildə başlamaq olar. Mənim fikrimcə, məktəblərdə tam ənənəvi təhsilə keçmək düzgün olmaz. Məktəblərdə dərslər hibrid formada təşkil edilməlidir".

Qeyd edək ki, artıq Rusiyada orta məktəblərdə ənənəvi təhsil bərpa olunub. Türkiyədə isə yaxın vaxtlarda təhsilin hibrid formada bərpası nəzərdə tutulur.

2
Teqlər:
Təhsil Nazirliyi, vaksinasiya, karantin, məktəb