BAKI, 22 dekabr — Sputnik. Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə işçi qrupunun üzvü Nailə Daşdəmirova yaxmaların götürülməsi və evdə nəzarətə dair müsahibə verib. Sputnik Azərbaycan xəbər verir ki, N.Daşdəmirova yaxmaların götürülməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir: vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19-a şübhə aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür.
N.Daşdəmirova, məntəqələr tərəfindən yaxmaların hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülməsini diqqətə çatdırıb. O həmçinin 15:00-dan 18:00-a qədər nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanmasının məntəqə işçiləri tərəfindən icra edildiyini bildirib.
Nailə xanımın sözlərinə görə, sahə həkimləri koronavirusa yoluxmuş və evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də venadaxili inyeksiyaların qəbulu daxil deyildir.
Bəzi vətəndaşlar evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb edirlər. "Buna ehtiyac varmı?" sualına cavab verən Nailə Daşdəmirova bildirib ki, nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətandaş tam sağalmış hesab olunur. Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur. Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər.
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.
BAKI, 23 yanvar — Sputnik. Rusiya Birbaşa İnvestisiyalar Fondu "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün türk əczaçılıq şirkəti ilə müqavilə imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, artıq istehsal üçün lazım olan texnologiyanın köçürülməsinə başlanılıb. Peyvənd həm Türkiyədə daxili bazara, həm də digər ölkələrə göndəriləcək. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bir müddət əvvəl Rusiya peyvəndinin Türkiyədə istehsal olunacağını açıqlamışdı.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".