Botoks inyeksiyası, arxiv şəkli

Lənət oxuduğumuz xəstəlik yeni trend yaradıb hamı gözəlləşmək istəyir

98
(Yenilənib 13:16 20.12.2020)
Bəşəriyyəti onlayna sürükləyən koronavirus pandemiyası insanları daha gözəl görünməyə vadar edir. Əksəriyyətdə bir qorxu var - işini itirmək...

BAKI, 20 dekabr — Sputnik. Koronavirus pandemiyası Rusiyada müştəri bazasını “cavanlaşdırıb”: həm qadınlar, həm kişilər daha cəlbedici görünmək istəyirlər. Bunun əsas səbəbi isə təbiətən gözəl olmaq istəyindən daha çox, işini itirmək qorxusudur.

Sankt-Peterburqdakı kosmetoloji klinikalardan birinin rəhbəri İlya Bendlin RİA Novosti ilə söhbətində bildirib ki, həm ümumilikdə üzün görünüşünün, həm də maskanın üstündən görünən hissəsinin qeydinə qalanların sayı xeyli artıb.  O bunu belə izah edib ki, “sosiallaşma son vaxtlar daha çox onlayn tədbirlərdə gerçəkləşir və bu zaman ekranda necə göründüyün çox əhəmiyyətlidir. İnsanlar kamera qarşısında necə göründüklərini izləyir və nəyi dəyişdirməyin lazım olduğunu özləri üçün yəqinləşdirirlər”.

“Çox zaman bu, şüuraltı olaraq özünü işdən qovulmaqdan, ixtisara düşməkdən qorumaq zərurətindən doğur. Yəni insanlar daha cavan əməkdaşlarla rəqabətdə uduzacaqlarını sanırlar. Xarici görünüşün, xüsusən siman sənin uğurunun göstəricisidir: uğurlu olmaq üçün də qəşəng görünmək lazımdır”, - Bendlin deyib.

Onun sözlərinə görə, işdən tutmuş əzizlərinizlə ünsiyyətədək hər şeyin onlayn olduğu bir vaxtda “ancaq sifətiniz sizin gəncliyinizi, gözəlliyinizi və enerjili olduğunuzu nümayiş etdirə bilər”.

Digər bir kosmetoloji klinikalar şəbəkəsinin rəhbəri Yuliya Franqulovanın fikrincə isə onun müştərilərinin arasında botulotoksin (botoks) iynələrinin populyarlığının artması insanların həkimə müraciətlərinin sayını və ümumiyyətlə ictimai yerlərdə olma müddətini azaltmaq istəyindən yaranır.

“Məhz botulotoksinlər bu amillərə cavab verir: mütəxəssisin yanında olma müddəti 15-30 dəqiqə çəkir, pasiyent mimik qırışların korreksiyasının bariz nəticəsini əldə edir və altı ay heç nədən narahat olmadan yaşayır”, - Franqulova deyir.

Mütəxəssis bildirir ki, botoks etdirənlərin sayı onun klinikalarında pandemiya dövründə orta hesabla 6% artıb.

“Gələn il 2019-cu illə müqayisədə bunun 10%-dək artacağını gözləyirik. Düzdür, bəziləri deyə bilərlər ki, bizim bu dəyişkən zəmanəmizdə proqnozlaşdırma elə də ağlabatan iş deyil”, - ekspert deyib.

İlya Bendlin deyir ki, pandemiya fonunda nəinki “gözəllik iynələrinə” tələbat artıb, eləcə də pasiyentlərin orta yaş həddi də azalıb: “Əgər əvvəllər 30 yaşında botoks etdirməyin tez olduğunu, bu yaşda qırışların olmadığını fikirləşirdilərsə, indi bu tendensiya da dəyişir”.

O bildirir ki, bu, ilk növbədə texnologiyaların təkmilləşdirilməsi, kompüter, telefon və planşetlərin foto və videokameralarının keyfiyyətinin yüksəlməsi ilə bağlıdır: “Nəticədə göndərilən təsvirin keyfiyyəti də dəfələrlə artır: artıq hətta 23 yaşlı pasiyentin üzündəki tük kimi nazik mimik qırışlar  aydın görünür, qalsın bir qədər yaşlılar.  Ona görə də həkim-kosmetoloqun yanına ilk dəfə gələnlər də botoks iynəsi vurdurmaq istəyirlər”.  

Kosmetoloqun sözlərinə görə, ötən illə müqayisədə onun klinikasında botoksa tələbat 20-25% artıb. Bu isə daha çox pasiyentlərin yaş qruplarının genişlənməsi sayəsində mümkün olub. O, tendensiyanın davam edəcəyini düşünür:

“Rusiyada kosmetoloji savad artır, vaxtilə bahalı aksessuarlara, bəzəyə, çantaya, geyimə, ayaqqabıya fikir verənlər indi diqqətlərini “bahalı üzlərin”ə cəmləşdirirlər və öz simalarını yalnız təcrübəli, savadlı həkim-kosmetoloqlara etibar edirlər”.

Kosmetoloqlar özləri də bacarıqlarını təkmilləşdirirlər: “Biz indi daha çox botoks iynəsi vurmağa başlamışıq, amma dozasını az edirik. Çünki təbii nəticə əldə etmək istəyirik, qırışların qəfil yox olması yaxşı görünmür”.

Həkimin sözlərinə görə, təbiilik daha çox kişi müştərilər arasında populyardır. Kişi kosmetologiyası nisbətən yeni tendensiyadır: “Onlar artıq utanmağı, qorxunu bir kənara qoyublar. Üstəlik, təbiiliyə daha çox üstünlük verir, hiperkorreksiya istəmirlər”.

Franqulovanın sözlərinə görə isə təbiilik qadınlar üçün də vacibdir. O deyir ki, müraciət edən qadınların əksəriyyəti mütəxəssis müdaxiləsinin ətrafdakılar üçün sezilməz olmasını, təbii gözəllik və cavanlığın qorunmasını istəyirlər.

98
Teqlər:
trend, Koronavirus, epidemiya, COVID-19, qadınlar, kişilər, gözəllik, həkim, kosmetoloq, kosmetik əməliyyat
Mövzu:
Yeni tip koronavirus pandemiyası (576)
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

56
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

56
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası (576)
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

0
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar