İlham Əliyev, arxiv şəkli

İlham Əliyev: Ümid edirik ki, təhlükəsiz vaksin hamı üçün münasib qiymətə paylanacaq

135
(Yenilənib 19:55 03.12.2020)
"COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir"

BAKI, 3 dekabr - Sputnik. Dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev sessiyada videoformatda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı
-Hörmətli cənab Sədr. Hörmətli dövlət və hökumət başçıları. Xanımlar və cənablar.

Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyuram.

Aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forum olan BMT-nin 75 illiyini qeyd etdiyimiz bir vaxtda narahatlıq doğuran çoxlu sayda yeni sahələrin meydana çıxmasını təəssüf hissi ilə bildiririk. Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir.

Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir. Digər məsələlərlə yanaşı, bu, Qoşulmama Hərəkatının üzv dövlətlərinin möhtəşəm uğurudur. Çünki biz bu il həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik. Bununla əlaqədar, Xüsusi Sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə mən Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə səmimi təşəkkürümüzü bildirmək istərdim.

2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib. Hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib. Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirmiş və insanların yaşayışına sarsıdıcı təsir göstərmişdir.

Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil etmişdir. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəlmişlər.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.

Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.

Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirmiş, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırmışdır. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurmuşdur. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.

Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.

Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-ün əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq.

Cənab Sədr, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər.

Bu Xüsusi Sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi Sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq. Sağ olun.

135
Teqlər:
çıxış, Prezident İlham Əliyev, Koronavirus, COVID-19, sessiya, BMT Baş Assableyası, BMT, Azərbaycan
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Azərbaycanda COVID-19-a qarşı peyvəndin vurulacağı tarix açıqlandı

55
(Yenilənib 18:48 15.01.2021)
İbrahim Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda vaksinasiyanın başlayacağı tarix açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov TRT Avaz-a müsahibəsində deyib.

O bildirib ki, gələn həftənin əvvəli Azərbaycanda vaksinasiyaya başlanılacaq: "Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb. Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi".

İ.Məmmədov bildirib ki, sərtləşdirilmiş karantin rejiminin yumşaldılıb-yumşaldılmaması barədə isə məlumatı yoxdur.

55
Teqlər:
brifinq, Azərbaycan, peyvənd, Koronavirus, epidemiya, COVID-19
Koronavirus xəstəsi, arxiv şəkli

Şüa ilə koronavirusu müalicə etmək təhlükəlidir

8
(Yenilənib 01:13 15.01.2021)
"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür"

BAKI, 15 yanvar — Sputnik. Koronavirusun radiasiya dozaları ilə müalicəsi təhlükəli ola bilər. Radiasiya və ultrabənövşəyi şüalardan səthləri və havanı dezinfeksiya etmək daha yaxşıdır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə tibb elmləri doktoru, virusoloq Anatoli Altşteyn danışıb.

Rusiya və Özbəkistandan olan elm adamları zəif dozalı radiasiyanın koronavirusu və mutasiyalarını insana zərər vermədən məhv edə biləcəyini müəyyən ediblər.

Bu barədə əvvəllər Ural Federal Universitetinin mətbuat xidməti də məlumat vermişdi.

Universitetdən verilən məlumata görə, COVID-19-a radiasiya təsirinin tədqiqi Ural Federal Universiteti və Özbəkistan Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılır. Birgə tədqiqatlar zamanı yumşaq rentgen və ultrabənövşəyi şüalanmanın koronavirusa təsirinin xüsusiyyətləri aşkar olunub.

"Bir insanı radiasiya ilə müalicə etməyə ehtiyac yoxdur. Müxtəlif radiasiya növləri mövcuddur. Rentgen şüaları və ultrabənövşəyi şüaların fərqi çox böyükdür", - deyə Altşteyn bildirib.

Belə ki, bir insana içindəki koronavirusu öldürə biləcək dozada şüa verilərsə, onun özünə zərər vermək ehtimalı böyükdür.

Virusoloq buna alternativ olaraq qeyd edib: "Səthləri şüalandırmaq ən yaxşı dezinfeksiyadır. Havada bir virusu ultrabənövşəyi şüalarla öldürmək olar". 

8
Teqlər:
təhlükə, radiasiya, şüa, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

Millət vəkili: “Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik”

0
(Yenilənib 09:38 16.01.2021)
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq
Naqif Həmzəyev: “Baş verənlər Azərbaycanən xeyrinədir”

“Qarabağ zəfəri qədər, Naxçıvanla quru yolla əlaqələrin qurulması da çox önəmli məsələdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, son görüşdən sonra açıqlanan bəyanatda da regionun inkişafı üçün çox faydalı razılığa gəlindi:

“Naxçıvanla quru əlaqələrinin qurulması Azərbaycan-Türkiyə iqtisadi münasibətlərinə müsbət təsir göstərəcək. Kommunikasiyaların açılması daşıma xərclərinin azalmasına imkan verəcək, eyni zamanda Azərbaycanın iştirakçısı olduğu tranzit layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradacaq. Biz Qarabağ zəfəri ilə regionda daimi sülhü bərqərar etmək istəyirik. Düşünürəm ki, iqtisadi əməkdaşlıqlar regiona daimi sülhü gətirə biləcəkdir. Baş verənlər Azərbaycanın xeyrinədir və Azərbaycan öz mövqeyini diktə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Moskva görüşündə nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasının Yerevanın və Bakının maraqlarına cavab verdiyini bildirib.

Naqif Həmzəyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Türkiyə, sülh, qələbə, region, Naxçıvan, Azərbaycan, Qarabağ
Mövzu:
Kremldə Putin, Əliyev, Paşinyan görüşü