Kofe içən qadın, arxiv şəkli

Qanazlığının qarşısını almağın yolları

59
(Yenilənib 18:55 22.11.2020)
Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr dəmirin orqanizmdə sorulmasını azaldır.

BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Sputnik Azərbaycan xəbər verir ki, budəfəki maarifləndirici mövzumuz isə qanazlığının profilaktikasında qidalanmanın rolu haqqındadır:

"Qanazlığı, yəni anemiyanın müxtəlif mənşəli səbəbləri ola bilər. Anemiya orqanizmdə kifayət qədər qırmızı qan hüceyrələrinin yaranmaması və ya məhv olması səbəbindən meydana gəlir. Qan itkisi, xroniki xəstəliklər, düzgün qidalanmama, orqanizmdə dəmir və digər vitamin çatışmazlığı qanazlığının yaranmasına yol açan faktorlardandır.

Qeyd edək ki, dəmir dünyada ən çox müşahidə olunan mikroelement çatışmazlığıdır. Dəmir defisitli anemiyaya da məhz bu maddənin çatışmazlığı yol açır. Dəmir defisitli anemiya orqanizmə dəmirin daxil olmasının, mənimsənilməsinin pozulması nəticəsində hemoqlobinin miqdarının azalması ilə xarakterizə olunan patoloji haldır.

Dəmir defisitli anemiyadan qadınlar, uşaqlar, yeniyetmələr daha çox əziyyət çəkirlər. Bu səbəbdən də dəmir defisitli anemiya dünya səhiyyəsinin vacib problemlərindən biridir. Xəstəliklə mübarizə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ana, Körpə və Gənc Uşaqların Qidalanmasına dair İcra Planının 6 prioritetindən biridir. Bu prioritetlər BMT-nin 2015-ci ildən sonrakı Davamlı İnkişaf Məqsədləri üçün Prioritet Qidalanma Göstəriciləri kimi qəbul edilmişdir.

Dəmir və ya vitamin çatışmazlığından yaranan qanazlığına qarşı əsas profilaktik tədbir olaraq düzgün qidalanma vacibdir. Qanazlığının qarşısının alınması üçün dəmir, fol turşusu, B12, sink, A vitamini ilə zəngin məhsullar qida rasionunun əsasını təşkil etməlidir. Həmçinin gündəlik qida rasionunda çeşidliliyin qorunması, vitamin və mineralların fərqli qida məhsullarından təmin edilməsi tövsiyə olunur.

Mütəxəssislərin tövsiyələrinə görə, gündəlik ümumi kalori qəbulunu nəzərə alaraq 13-20 mq dəmir qəbul etmək olar. Lakin bədəndə bu elementin yalnız 5-15 %-i sorulur. Ümumiyyətlə, qida məhsullarında dəmir 2 formada mövcud olur: hem və qeyri-hem. Hem üzvi formada olur və 15-25 %-i orqanizm tərəfindən sorulur. Qırmızı ət, balıq və quş məhsullarında dəmirin hem formasına rast gəlinir. Qeyri-hem isə qeyri-üzvi formada olur və paxlalı bitkilər, taxıllar, eləcə də meyvələrdə rast gəlinir. Orqanizmdə 5-20 %-i sorulmaya məruz qalır. Qida məhsullarında dəmirin miqdarı belədir: 160 q sarıkökdə - 16.8 mq, 90 q içalatda - 5.2–9.9 mq, 30 q qovrulmuş balqabaq toxumunda – 3.9 mq, 1/2 fincan bişmiş lobya və mərcidə – 3.3 mq, 1 fincan təzə və qaynadılmış ispanaqda – 3.2 mq, 90 q yağsız mal ətində (steyk) – 3.1 mq, 3 ədəd çili bibərində – 3 mq, 1/2 fincan bişmiş qırmızı lobyada - 2.6 mq, 90 q siyənək balığında - 2.5 mq, 1/2 fincan bişmiş noxudda - 2.4 mq, 90 q quzu və ördək ətində – 2.3 mq, 90 q mal əti qiyməsində - 2.2 mq. Ət məhsullarında olan dəmir bitki mənşəli qidalara nisbətən orqanizm tərəfindən daha tez sorulur.

Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr isə dəmirin orqanizmdə sorulmasını azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır. Yumurta, qoz, badam, küncütün tərkibində olan bəzi kimyəvi birləşmələr də dəmirin orqanizm tərəfindən sorulmasını müəyyən dərəcədə azaldır.

Dəmirin bədəndə daha yaxşı mənimsənilməsi üçün C vitamini ilə zəngin qidalar istehlak olunmalıdır. Bu səbəbdən qanazlığına qarşı mübarizədə C vitamini əhəmiyyətli rol oynayır. İtburnu meyvəsi, qara qarağat, gül kələm, yaşıl bibər, göy soğan, cəfəri, ispanaq C vitamini mənbəyidir.

Qanazlığının profilaktikasında tərkibi A vitamini ilə zəngin olan istər heyvan, istərsə də bitki mənşəli məhsullara da üstünlük verilməlidir. Treska balığı, malın qaraciyəri, alma, yerkökü, kahı, kələm, göy soğan, brokkoli, ispanaq A vitamini ilə zəngindir.

B12 vitamini qanazlığının profilaktikasında ən vacib elementdir. Mal əti, malın qaraciyəri, böyrək və ürəyi, süd, pendir, yumurta sarısı, ala balığı zəngin B12 vitamini qaynağıdır.

Fol turşusu (B9 vitamini) çatışmazlığı da qanazlığının yaranmasına yol açan səbəblərdən biridir. Paxlalı bitkilər, sitrus meyvələri, göyərti və yaşıl yarpaqlı tərəvəzlər fol turşusunun əsas mənbəyidir.

Qanazlığına qarşı sinklə zəngin məhsulları da gündəlik qida rasionuna daxil etmək vacibdir. Yumurta, buğda kəpəyi, cücərmiş buğda, günəbaxan və balqabaq toxumu, moruq, qara qarağat, xurma, lobya, mərcimək, göyərti və tərəvəzlər orqanizmi sinklə təmin edir".

59
Teqlər:
A vitamini, E vitamini, c vitamini, A vitamini, D vitamini, C vitamini, B vitamini, vitamin, Brokkoli, kofein, kofe, çay, çay, qan
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

25
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

25
Süni intellekt, arxiv şəkli

Süni intellekt Parkinson xəstəliyini müəyyən edə biləcək

17
(Yenilənib 19:31 25.11.2020)
Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

BAKI, 25 noyabr — Sputnik. ABŞ-ın Florida Universitetinin alimləri Parkinson xəstəliyini erkən mərhələdə təyin edə bilən, süni zəka sistemi yaradıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Amerika Radioloji Cəmiyyətinin konfransının materiallarına görə, müayinələr xəstənin göz dibinin şəkli əsasında aparılacaq.

Qeyd edək ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən neyronların zədələnməsi və ölümü ilə əlaqələndirilir. Bir qayda olaraq, əzaların titrəməsi, məhdud hərəkət və qeyri-sabit yeriş kimi görünən simptomlar başladıqdan sonra aşkar edilir. Yeni tətqiqatlara görə isə, xəstəliyin varlığı daha əvvəl müəyyən edilə bilər. Alimlərin fikrincə, Parkinson xəstəliyi zamanı xəstənin gözündə retinanın kiçik kapilyarlarında anormallıqlar müşahidə edilir.

Süni intellekt həm sağlam insanların, həm də xəstələrin bir neçə yüz fotoşəklini təhlil edib. Araşdırma zamanı müəyyən edilib ki, sistem patoloji dəyişiklik əlamətləri olan şəkilləri müəyyənləşdirə bilir.

Alimlər yaratdıqları diaqnostik metodun kompleks bir avadanlıq tələb etmədiyini və yalnız bir dəqiqə vaxt aldığını qeyd ediblər.

Parkinson xəstəliyinin erkən aşkarlanması və müalicənin erkən başlanması xəstəliyin inkişafını ləngidəcək.

17
Teqlər:
ABŞ, Xəstəlik, Parkinson, süni intellekt, alimlər

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0